EN

Mal-qaranın sığorta tarifləri azaldıldı

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığorta tarifləri endirilib.

Aqrar Sığorta Fondundan Heftelik.az-a verilən məlumata görə, indiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2%-i arasında dəyişirdi. Fondun İdarə Heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5%, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10% aşağı salınıb. Nəticədə tariflər iribuynuzlu mal-qara üçün 4,9-7,8%-ə, xırda buynuzlu heyvanlar üçün isə 4,65-7,37%-ə endirilib.

Nəticədə, indiyədək 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camışın) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib.

Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan yenilikdən sonra 73-117 manata endirilib, qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər.

Dəyişikliklər nəticəsində xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox – 10% aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2% arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4%-ə endirilib.

Nəticədə, indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçinin) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib.

Heyvanları daha uzun müddətə – 2-3 illik sığorta etdikdə illik sığorta haqları daha aşağı olur.

Xatırladaq ki, aqrar sığorta vasitəsilə heyvanları yoluxucu xəstəliklər, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, ilan və ya həşərat sancması, vəhşi heyvanların hücumu, yanğın, təbii fəlakətlər, üçüncü şəxslərin hərəkətləri, oğurluq, soyğunçuluq və quldurluq hallarından sığortalayır.

Chosen
2
23
heftelik.az

10Sources