EN

MİRZƏ ŞƏFİ VAZEHİN YUBİLEYİ KEÇİRİLDİ

Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili gecə keçirildi...

         Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının, Bakıdakı Rus Evinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Bakıdakı Rus Evinin direktoru İrek Zinnurov, ziyalılar, şair və yazıçılar, oxucular, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını və qonaqları salamladı. L.Məmmədova M.Ş.Vazehin yaradıcılığının əsas məqamlarını vurğuladı. Bildirdi ki, şairin poeziya yaradıcılığında əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatdan zövq almaq idi. O, çıxışında rəhbəri olduğu kitabxanaya Mirzə Şəfi Vazehin adının verilməsinin qısa tarixçəsindən danışdı və qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kitabxanaya 45 il öncə böyük şairinin adı verildi. AYB-nin üzvü, gənc şair Lalə Həsənova Mirzə Şəfi Vazeh yaradıcılığının Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutduğunu diqqətə çatdırdı.

         AYB-nin üzvu, şair Səidə Sübhi qeyd etdi ki, Mirzə Şəfinin nəğmələri Avropa dillərinə dəfələrlə tərcümə edilsə də, şairin yaradıcılığının böyük bir hissəsi bizə gəlib çatmamışdır. Onun tərcümələri diqqətini çəkmişdi. O, şairin şeirini oxudu. M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist Reyhan Mirzəzadə çıxışında qeyd etdi ki, Vazeh şərq ədəbiyyatını tədqiq edən dahilərdən olmuşdur. O, elə bir şəxsiyyət idi ki, Avropa ədəbiyyatı ilə yanaşı rus ədəbiyyatının dahilərinə də böyük həssaslıqla yanaşırdı. Dahi şairin vəfatından 20 il sonra  “Mirzə Şəfinin irsindən” kitabını çapa hazırlayarkən Fridrix Bodenştedtelan edir ki, “Nəğmələr” guya tərcümə deyil  və bütövlükdə onun özünə məxsusdur. Təəssübkeş mütəxəssislər qorunub saxlanılan fars və Azərbaycan dillərindəki orijinal vərəqlərin köməyi ilə Mirzə Şəfinin müəllifliyini sübut edə bilmişdilər. Çıxışının sonunda R.Mirzəzadə Mirzə Şəfinin şeirini söylədi. R.Mirzəzadə çıxışında tanınmış şair Musa Cəlil yaradıcılığına da toxundu.Tarixçi, tədqiqatçı, müəllim Rüstəm Hüseynov çıxışında qeyd etdi ki, Mirzə Şəfi həm Azərbaycan, həm də fars dilində şeirlər yazmışdır. Vazehin yazdığı qəzəllər, müxəmməslər, məsnəvilər, rübailər dünya xalqlarının marağına səbəb olmuşdur. Şair həm də yaxşı tərcüməçi idi. R.Hüseynov çıxışını şairin tərcümələri haqqında fikirləri ilə yekunlaşdırdı. Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, yazıçı Gülzar İbrahimova Vazehin nəsihətamiz kəlamları haqqında məlumat verdi. Bildirdi ki, ədibin qələmi nə qədər zərif, üslubu nə qədər incə olsa da, şeirindəki qətiyyətlik, ötkəmlik şairin xarakterindəki möhkəmliyindən, əyilməzliyindən xəbər verir. Oslo şəhərində N.Gəncəvi adına Həftəsonu Azərbaycan məktəbinin koordinatoru Günay Əliyeva çıxışında Norveçdə də belə bir poeziya gecəsinin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi.

         Şair, tərcüməçi Günatay Hüseynova çıxışında qeyd etdi ki, Mirzə Şəfinin şeirləri hələ də oxunur, aktuallığını saxlayır. “Era” məktəbinin əməkdaşı, şair Aytən Həsənzadə, Bakı Slavyan Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Arzu Muradova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, şair Bayram Məhərrəmov, Bakı Dövlət Universitetinin tələbəsi, şair Tamilla Şıxəmirova, müxtəlif poeziya müsabiqələrinin iştirakçısı və qalibi Zaur Cəfərov, filoloq, şair Arzu Manaflı Mirzə Şəfi Vazeh yaradıcılığına müraciət edərək, şairin şeirlərini söylədilər.

*** 

 Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı və tədbirin təşkilatçılarına, qonaqlara öz təşəkkürünü bildirdi. Tədbirin bədii hissəsində Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin şagirdləri Mətin Cəfərov, Tunar Əzizov muğamlar və mahnılar ifa etdilər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, nağarada Sabir Həsənov müşayiət etdilər. Kanonda Əli Kərimli, Ud alətində Neda Mehmandost “Bayatı-şiraz” muğamını, Ləman Cəfərova Faiq Sücəddinovun “Vətən balladası”nı ifa etdilər. Bakı Dövlət Universitetinin tələbəsi, pianoçu, bəstəkar Murad Muradov öz bəstəsini səsləndirdi. Xanəndə Maya Cəbrayılova ifası ilə tədbirə rəng qatdı. Tədbirdə Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurova M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomu, şair Lalə Həsənovaya gənc və yeniyetmələr arasında ədəbiyyatı təbliğ etdiyinə görə Fəxri fərman təqdim olundu. Tədbirdə böyük şairin həyat və yaradıcılığına həsr olunan və onun Gəncədəki Ev muzeyinə virtual səyahət iki videoçarx nümayiş olundu.

Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilib:

https://www.youtube.com/watch?v=uNJq2Hgh9qY   

https://www.youtube.com/watch?v=tGHkJDaYSck

Y.Məmmədli

 

Chosen
6
2
tezadlar.az

3Sources