EN

Milli Məclis İsveçrə Parlamenti Milli Şurasının təklifinə münasibət bildirdi

"Azərbaycan Respublikasının Milli Məclisi bu il dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparılmasından və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədi ilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifinin qəbul edilməsindən təəssüfləndiyini bildirir".

Publika.az xəbər verir ki, bu, Milli Məclisin İsveçrə Parlamenti Milli Şurasının təklifinə münasibətində əksini tapıb.

"İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bilməmiş deyildirlər ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla tanınmış və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunmuşdur. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraq ölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına birdəfəlik son qoyulmuş, ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində isə ərazidə Azərbaycanın dövlət suverenliyi bərpa olunmuşdur. Azərbaycana ölçüyəgəlməz dərəcədə böyük ziyan vuran silahlı təcavüz artıq geridə qalmışdır. Qəddarcasına etnik təmizləmə yolu ilə doğma torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin geri dönməsinə şərait yaranmışdır. İşğal dövründə vəhşicəsinə viran qoyulmuş torpaqların bərpası və reinteqrasiyası üçün hazırda Azərbaycan dövləti tərəfindən intensiv işlər həyata keçirilir", - deyə yazıda qeyd olunur.

Vurğulanır ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar aparılır və müəyyən nəticələr əldə olunub:

"Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparılır və artıq müəyyən nəticələr də vardır. Aydın məsələdir ki, hər hansı beynəlxalq təşəbbüs və hərəkətlər obyektiv olmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazi bütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir. Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayan təşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər. Təəssüf doğuran məqamlardan biri də budur ki, erməni milliyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurd fikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən İsveçrə Milli Şurasının ermənipərəst üzvləri XX əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlının hüquqları barəsində susmağa üstünlük vermiş, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə yeksan edilməsinə, milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 min azərbaycanlının öz vətənində didərgin salınmasına münasibət bildirməmişlər. Əksinə, erməni maraqlarının müdafiəsi naminə onlar İsveçrənin neytrallıq statusuna etinasızlıq göstərməyi, İsveçrə dövlətinin Azərbaycan barəsində siyasətini başqa istiqamətə yönəltməyə cəhd etməyi belə özlərinə rəva görürlər. İkili standartların ifadəsi olan bu cür qərəzli mövqe tamamilə yolverilməzdir".

Chosen
16
36
publika.az

10Sources