EN

Yeni yığma daha doğma! - YAZI

Futzal yığmamızın İsveçlə oyununa baxdım. Sevindirici haldı ki, uzun aradan sonra Azərbaycan millisinin formasını məhz azərbaycanlılar geydi, braziliyalılar yox. Daha bir sevindirici məqam komandamızın sona 2 saniyə qalmış məğlubiyyətdən qaçması oldu, sınmadıq, əyilmədik, iradə göstərdik və qurtulduq. Amma sevindirici olmayan məqamlar da var.

Birincisi, yığma məzmunlu oyun göstərə bilmədi, zaman-zaman kombinasiyalar görsək də, bütövlükdə oyunumuzda dağınıqlıq, xaos var idi. İlk qolumuzda rəqibin qapıçısı kobud səhvə yol verdi, ikincini gözəl kombinasiya nəticəsində vurduq, üçüncüdə rəqibin oyunçusu qapıçının baxış bucağını daraltdı.

İkinci, anlaşma səviyyəsi artmalıdı. Rövşən Hüseynli dəfələrlə məramı-məqsədi, ünvanı bəlli olmayan ötürmələr verdi. Meydanın özümüzə aid hissəsindən çıxmaqda çətinlik çəkdik. Müdafiədən hücuma çıxmaqla bağlı “ev tapşırıqları” hədsiz azdı.

Ücüncüsü, təcrübə azlığı ortadadı. Lazımi təcrübə olsaydı, 2:1-də əlimizə düşən imkanların, heç olmasa, birindən yararlanar və ya sona 9 dəqiqə qalmış passivində 4 fol olan rəqibi daha iki dəfə qaydanı pozmağa məcbur edər, penalti qazanardıq. Təəssüf ki, alınmadı.

Dördüncüsü, rəqib qapıçını 5-ci sahə oyunçusu ilə əvəz edəndə düzgün müdafiə olunmadıq, daha dəqiqi, onda müdafiə redutlarını qapımızın önündə yox, mərkəzdə qurmalıydıq ki, rəqib də qapısında qol görəcəyindən ehtiyatlansın. Etiraf etmək lazımdı ki, isveçlilər qapıçını sahə oyunçusu ilə əvəzləməyi bizdən daha yaxşı bacardı. Biz isə Joze Alesionun dövründə bu komponentdə bacarıylıqdıq və həmin yığmanın vacib fiqurlarından biri də Vitali Borisov idi.

Beşincisi, azarkeşlərin azlığı məni təəssüfləndirdi. Yaxşı, deyirdilər ki, braziliyalıların yığmasına azarkeşlik etməyə dəyməz. Bu ki öz uşaqlarımızdan – Rövşəndən, Oktaydan, Xəzərdən, Tofiqdən, Ülvidən qurulan yığma idi. Niyə o yığma azsaylı və azyaşlı azarkeşlərin ümidinə qaldı?!

Yekunda onu vurğulamaq istəyirəm ki, oyunun məzmunu baxımından hər nə qədər razı qalmasam da, bu, yəni “milliləşdirilmiş” braziliyalıların xidmətindən məhrum yığma mənə daha doğma göründü. Seymur Məmmədovun xarakteri, Tofiq Mikayılovun ara ötürmələri, Xəzər Ağalızadənin inadkarlığı xoşuma gəldi. Bu başqa məsələ ki, Xorvatiya ilə Yunanıstanın da olduğu qrupdan nəinki 1-ci, 2-ci yerin sahibi kimi çıxmaq da çətin olacaq. Əsas odu ki, proses başlayıb. Yəni Vitali Borisov azərbaycanlılardan güclü yığma formalaşdırmaq yolunda ilk addımlar atıb. Davamı gəlsin!

ORXAN

1Sources