Tacikistan Prezidenti Emoməli Rəhmon yenidən Tacikistan Xalq Demokratik Partiyasının (XDP) sədri seçilib. Onun namizədliyi respublikanın hakim partiyasının Düşənbədə keçirilən 15-ci qurultayının iştirakçıları tərəfindən dəstəklənib. Məlumatı “İzvestiya.ru” verib.
Qurultay nümayəndələri Emoməli Rəhmonu partiyanın sərdi seçiblər. Məlikşə Nemətzadə birinci müavin, Abdullozoda Umeda Bekmurod və Kərimzoda Mirzokosim partiya sədrinin müavinləri seçiliblər. Bundan başqa, qurultayda partiyanın Mərkəzi İcraiyyə Komitəsinin yeni tərkibi, onun rəhbərliyi və digər partiya orqan və strukturlarının tərkibi təsdiq edilib.
Qeyd olunur ki, qurultayı açan E.Rəhmon partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə onun iştirakçılarını və bütün üzvlərini təbrik edib, həmçinin partiyanın son beş illik fəaliyyətini təhlil edib.
Qurultay həmçinin gələn il martın 2-də keçiriləcək vahid ümummilli seçki dairəsi üzrə Tacikistanın Məclisi Namoyandaqon Məclisi Oliyə (parlamentin aşağı palatası) deputat seçkilərində iştirak etmək üçün 28 partiya üzvünün namizədliyini irəli sürüb.
P.ƏMİRCANOV
XQ