Premyer-liqanın 17-ci turunda evdə “Kəpəz”i məğlub edən “Neftçi” turnir cədvəlində bir pillə irəliləyə bildi.
Oyundan sonra bakılıların gənc hücumçusu Ağadadaş Salyanski “Futbol+”in suallarını cavabladı.
- “Kəpəz” üzərində qələbəni necə şərh edərdin?
- Oyuna yaxşı hazırlaşmışdıq. Şükür ki, çətin də olsa, qələbə qazandıq. Birinci hisssədə daha yaxşı oynadıq. İkinci hissədə isə komanda bir qədər çətinlik çəkdi. Buna baxmayaraq, 3 xalı qazandıq.
- Əvvəllər səni meydanda daha çox görürdük. Bu dəfə meydana çıxmadın. Samir Abasovun seçimidi, yoxsa fiziki durumunda hansısa problem var?
- Özümü yaxşı hiss edirəm. Fiziki durumumla bağlı hansısa problem yoxdu. Baş məşqçinin seçimidi, hörmətlə yanaşıram. Məşqlərimi davam etdirirəm.
- Gənc futbolçu kimi hazırda hədəfin nədi?
- Hər bir azərbaycanlı futbolçu özünü Avropada görmək istəyir. Mənim də həvəsim oradı. Amma hazırda “Neftçi”dəyəm, bura üçün çalışıram. Burda forma geyirəm və komandam üçün əlimdən gələni edirəm. Çalışacam ki, yaxşı mövsüm keçirim. Hardansa təklifim yoxdu. Hər kəs istər ki, “Neftçi” kimi komandada oynasın, əsas heyətin üzvü olsun.
- Bir tur sonra qış fasiləsi olacaq. Bundan necə yararlanmağı düşünürsüz?
- Qarşıda ikihəftəlik toplanış olacaq. Ümumi performansımızı qaldırmalıyıq. Növbəti dövrələrdə daha yaxşı nəticələr göstərməliyik.
- Həm də kubok oyunları olacaq...
- Bəli, kubokla bağlı iddiamız böyükdü. Çempionluq əldən getsə də, kuboku götürmək istəyirik. Sona qədər də vuruşacağıq.
- Baş məşqçiniz Samir Abasov bildirdi ki, bu dəfə toplanışı Bakıda keçirəcəksiz.
- Şükür, yaxşı bazamız var. Vaxt da azdı. Qısa müddətdə maksiumum çalışıb yüksək nəticələr üçün hazırlaşmalıyıq.
- Azarkeşlərə nə demək istərdin?
- Xüsusi təşəkkür bildirirəm. Belə soyuq havada da bizi tək qoymurlar. Hər oyunda gəlib dəstək verirlər. Baxmayaraq ki, məğlub oluruq və ya qələbə qazana bilmirik, həmişə yanımızda olurlar.
- İlin son oyunu səfərdə “Turan Tovuz”a qarşı olacaq.
- Bəli, çətin Tovuz səfərimiz olacaq. Ora da qələbə üçün gedəcəyik. İli qələbə ilə başa vurmaq niyyətindəyik. Çalışacağıq ki, xalımızın sayını artıraq, turnir cədvəlində yüksələk.
RÖYANƏ OĞUZ