EN

Fuad Hüseynəliyev: "Ermənistanın Azərbaycanla rəqabət aparmaq üçün hərbi potensialı yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qərb Ermənistanda revanşist əhvali-ruhiyyəni qızışdırmaqla Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına mane olur".
Oxu.Az xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində bildirib.
"Ermənistanda revanşist əhvali-ruhiyyənin qızışdırılması Azərbaycana heç bir təsir göstərməyəcək. Biz hərbi baxımdan Ermənistandan xeyli güclüyük", - o bildirib.
F.Hüseynəliyev vurğulayıb ki, Azərbaycan Ermənistanın militarizasiyasını nəzərə alaraq, dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyə əhəmiyyətli vəsait ayırmağa davam edir.
Onun sözlərinə görə, ABŞ, Fransa və Hindistandan Ermənistana silah tədarükünə baxmayaraq, İrəvan hərbi potensialda Bakı ilə rəqabət apara bilməyəcək.
"Onlar hərbi potensialda Azərbaycana heç yaxınlaşa bilməyəcəklər. Buna görə də Qərbin Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə nail olmaq məsələlərinin həllinə diqqət yetirməsi daha yaxşı olardı", - F.Hüseynəliyev bildirib.
"Report"un direktoru ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyasının iki ölkə arasında münasibətlərin normallaşmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyasının olması Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) maraqlarına ziddir.
"Müşahidə missiyası artıq Avropa müşahidəçiləri çərçivəsindən kənara çıxıb. Orada artıq kanadalılar da var. Bu, tədricən Aİ müşahidəçilərinin deyil, NATO-nun missiyasına çevrilir. Burada sual yaranır: bu blokun (KTMT) üzvləri Ermənistanda NATO qüvvələrinin olmasına nə dərəcədə razıdırlar", - F.Hüseynəliyev qeyd edib.
O bildirib ki, bu cür maraqların toqquşması regional təhlükəsizliyə töhfə vermir.
F.Hüseynəliyev, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev Rusiya KİV-ə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması üçün şərtləri müəyyən edib - bu, Azərbaycana qarşı ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğvinə kömək etməkdir.
"Prezident vurğulayıb ki, bu qrup faktiki olaraq heç bir şəkildə fəaliyyət göstərmir, lakin onu birtərəfli qaydada ləğv etmək mümkün olmayacaq. Nədənsə Ermənistan hələ də bu addımı atmır, ola bilsin ki, bu, revanşist əhvali-ruhiyyə ilə bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan bu cür destruktiv mövqenin ölkəsinin inkişafına xidmət etmədiyini nə qədər tez başa düşsə, bir o qədər yaxşı olar", - o vurğulayıb.
F.Hüseynəliyev Ermənistanın hərbi büdcəsini artırmasına toxunaraq vurğulayıb ki, İrəvanın bu vəsaiti silahlanmaya deyil, regional iqtisadi inteqrasiyaya, Bakı ilə İrəvan arasında iqtisadi əlaqələrin yaradılmasına xərcləməsi məqsədəuyğun olardı.
"Bunu Ermənistan hökuməti və xalqı başa düşməlidir. Bu, regionda sülhə nail olmağın düzgün yolu olacaq. Bunun üçün lazımi şəraitin yaranması və ərazi iddialarının olmaması lazımdır. Əvvəldən Azərbaycan irəli getməyə hazır olduğunu bəyan edib. İndi top Ermənistanın tərəfindədir və onlar nə istədiklərinə qərar verməlidirlər", - "Report"un direktoru yekunlaşdırıb.
Chosen
13
oxu.az

1Sources