EN

Azərbaycanda media savadlılığı üzrə vahid Strategiya hazırlandı...

Image

Şakir Ağayev: “Bütün bu amilləri nəzərə alaraq vahid Media Savadlılığı starategiyasının hazırlanması müsbət haldır”

Media savadlılığının cəmiyyətimizdə yayılması, hər kəsin buna sahib olması, media savadlılığı bacarıqlarının artırılması  üçün tədbirlər həyata keçirilir. 

Bildiyimiz kimi, dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda Media Savadlılığı Həftəsi elan edilib və hazırda bu istiqamətdə maarifləndirici işlər görülür.
 Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı" konfransında bəyan edib ki, Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir. Onun sözlərinə görə, Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meylləri öz növbəsində həm medianın raqabətə davamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsirinə düşməsinin qarşısının alınması baxımından media savadlılıq səviyyəsinin yüksəldilməsini şərtləndirir. "Agentlik tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplara istiqamətlənmiş vahid daxili strategiya hazırlanıb.
 Media və təhsil nümayəndələri, həmçinin yeniyetmə və gənclər media savadlılığı üzrə ixtisaslaşmış ekspertlər və dövlət rəsmiləri tərəfindən mütəmadi əsasda seminarlara cəlb olunmaqdadır. Ümumiyyətlə, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində COP29 ərəfəsində və dövründə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunmuşdur"-deyə Ə.İsmayılov qeyd edib. 

Xatırladaq ki, media savadlılığının artırılması və təşviqi məqsədilə Media Savadlılığı platforması da fəaliyyət göstərir. 

“Bu, müasir dövrün vacib tələblərindən biridir”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, media savadlılığının artırılması müasir dövrdə daha da aktuallaşıb. “Bunun aktuallığını şərtləndirən amillər çoxdur. Bu gün dünyanı dezinformasiyalar, feyk xəbərlər, dəqiqləşdirilməmiş məlumatlar, eyni zamanda məqsədli şəkildə yayılan qərəzli yanaşmalar başına götürüb. Biz sosial şəbəkələrdə belə yanıldıcı, yalan xəbərlərə çox rast gəlirik. Eyni zamanda dünyanın populyar media orqanlarında, nəşrlərində, xəbər portallarında başqa dövlətlərə qarşı qaralayıcı, feyl məlumatların yayıldığını və bu məlumatlardan müxtəlif məqsədlər üçün istifadə edidiyini görürük. Təbii ki, bütün bu reallığı nəzərə alsaq, bəli, media savadlılığının artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini görürük. Bütün bu amilləri nəzərə alaraq vahid Media Savadlılığı starategiyasının hazırlanması müsbət haldır. Bu, müasir dövrün vacib tələblərindən biridir. Sözsüz ki, bu strategiya bizim cəmiyyətdə media savadlılığının artmasına böyük təkan olacaq”.

Ş.Ağayev bildirdi ki, cəmiyyətin hər bir üzvü media savadlılığına malik olmalıdır. Müsahibimiz hesab edir ki, bu gün sosial mediada dezinformasiyalar, çaşdırıcı xəbərlər həddən artıq çoxdur və sosial şəbəkələrə nəzarət olmalıdır. “Vəziyyət elədir ki, sosial şəbəkələrə nəzarət olunmur. Çünki bu platformalara nəzarət etmək çox çətindir. Görürsüz ki, sosial şəbəkələrdən istifadə edib beynəlxalq səviyyədə bizə qarşı qaralama kampaniyası aparılır, feyk xəbərlər yaılır. Təbii, bunun qarşısını almaq olmur. Amma bizim əsas işimiz o olmalıdır ki, ölkə daxilində media savadlılığına diqqət yetirək. Hər kəs öz sahəsində çalışmalıdır ki, media savadlılığının artırılması sosial qruplar arasında, cəmiyyətdə geniş təbliğ olunmasına töhfə versin. Vahid strategiya yaradılıb. Bizlər də ondan çıxış edib bu sahədə geniş maarifçilik işləri aparmalıyıq, vahid media savadlılığı strategiyasında əks olunanlar daha mükəmməl şəkildə ictimaiyyətə çatdırılmalıdır”.

Ş.Ağayev hesab edir ki, bu strategiyadan çıxış edərək daxilimizdəki yalan, feyk xəbər yayanlara, eləcə də xaricdən bizi hədəfə alanlara, bizimlə bağlı dezinformasiya tirajlayanlara qarşı  mübarizə aparmalıyıq. Ş.Ağayev qeyd etdi ki, media savadlılığı strategiyası ilə bu istiqamətdə irəliləyişə nail olmaq olar. 

İradə SARIYEVA





Chosen
17
baki-xeber.com

1Sources