Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 1 milyard 745 milyon 248 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda elektrik enerjisi ixracından 93 milyon 934 min 50 ABŞ dolları (159 milyon 687 min 885 manat) gəlir əldə olunub. İxrac olunan 1 kVt/saat elektrik enerjisinin orta qiyməti 5,4 sent (9,1 qəpik) olub.
Bu dövr ərzində ixrac olunan elektrik enerjisi ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 177 milyon 968 min kVt/saat (2,2 dəfə), dəyər ifadəsi ilə 285 milyon 366 min ABŞ dolları (4 dəfə) azalıb. Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə 3 milyard 923 milyon 216 min kVt/saat elektrik enerjisi ixrac edilib ki, bunun da dəyəri 379 milyon 300 min ABŞ dolları təşkil edib. Ötən il ixrac olunan 1 kVt/saat elektrik enerjisinin orta qiyməti 9,6 sent (16,4 qəpik) olub.
Hesablamalardan məlum olduğu kimi, son bir il ərzində ixrac olunan elektrik enerjisinin 1 kVt/saat üçün qiyməti 7,3 qəpik və ya 44,5% ucuzlaşıb.
Əvəz Həsənov