EN

"Məktəbdə intizamsızlıq edən istənilən bir şagirdin ailəsini araşdırsaq, görəcəyik ki, orada tərbiyə yoxdur"

Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimlə şagird arasında insident baş verib. Bununla bağlı videogörüntülər yayılıb. Görüntülərdə müəllimin stulu şagirdə qaldırması müşahidə olunur. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu cür hadisələr uşaqların tərbiyə və intizam məsələlərini ön plana çıxarır.

"Məsələ belədir ki, ümumiyyətlə, ümumtəhsil çox geniş bir sahədir. Nəzərə alsaq ki, 1 milyon 700 min şagirdi, 200 minə yaxın işçisi və ortalama 4 milyon valideyn götürsək, ölkədə əhalinin hər iki nəfərindən biri təhsilə bağlıdır. 4400 təhsil müəssisəsində istər-istəməz bu qədər geniş sahədə müsbət və xoşagəlməyən hadisələr baş verə bilər. Olmaması daha yaxşıdır. Biz iki həftədir ki, məktəblərdə şokalad trendini müzakirə edirdik. Stulun şagirdin başına qaldırılması bu da çox kəskin rezonans doğurur. Amma biz videonun ancaq müəllimin qınanılası yerini görürük. Yəni stulu şagirdə qaldırır. Ondan əvvəlki hissə yoxdur. Nə baş verdi ki, müəllim bu qədər psixoloji partlayış həddinə gəlib çatdı? Burada da birtərəfli mövqe sərgiləmək də doğru deyil. Mən düşünürəm ki, məktəbdə intizamsızlıq edən istənilən bir şagirdin, o cümlədən o videodakının ailəsini araşdırsaq, görəcəyik ki, orada tərbiyə yoxdur. Çox təəssüf olsun ki, biz cəmiyyət olaraq böyük uçuruma qarşı gedirik və ailə institutu dağılır".

Ekspertin sözlərinə görə, məktəbdəki hadisə və uşaq ilə bağlı araşdırmalar başladılmalıdır:

"İnsanlar, indiki gənclik, valideynlər uşaq dünyaya gətirməklə ana və ata olmağın fərqini bilmirlər. Yəni insan həm bioloji varlıqdır, həm də sosioloji varlıqdır. Bioloji varlıq ona görədir ki, o, yeni nəslin dünyaya gəlməsində iştirak edir, uşaqlar dünyaya gətirir. Sosioloji varlıq odur ki, vətəndaşdır və vətəndaş olaraq cəmiyyətdə onun üzərinə müəyyən məsuliyyətlər düşür. O cümlədən övladını doğru-düzgün tərbiyə etmək də bu məsuliyyətlərdən biridir. Çox təəssüf olsun ki, valideynlərimiz sosioloji varlıq olmaqla bağlı məsuliyyətlərini, vəzifələrini unudublar. Bu, doğru yanaşma deyil. O ailədə ki, tərbiyə yoxdur, övlada qarşı fiziki və yaxud da psixoloji zorakılıq tətbiq olunur, həmin uşaqlar məktəbdə özünü daha rahat hiss etdiyi üçün ailədə onların tərbiyəsini pozan amilləri məktəbdə büruzə verirlər. Mən düşünürəm ki, o, uşaqla bağlı ciddi araşdırma başlamalıdır. Ailəsində və ümumiyyətlə, övladını tərbiyə edə bilməyən ailələrdən övladlar alınmalıdır".

E.Qafarov həmçinin hesab edir ki, Sumqayıt məktəbindəki hadisə qabaqcadan planlaşdırılıb:

"Uşaqlar bu məsələni bilərəkdən yaradıb və müəllimi o səviyyəyə çatdırıb, videonu çəkib ictimailəşdiriblər".

Türkan İSGƏNDƏRLİ

Chosen
9
redaktor.az

1Sources