EN

“Bu, Qafqazda sabitlik üçün mühüm amildir”, İ.Əliyev

 

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə ilə hər il 10-dan çox birgə təlim keçirdiklərini bildirib. Prezident Rusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti və “RİA Novosti” xəbər agentliyinə müsahibə verib. 

Rusiya və Azərbaycanın etibarlı tərəfdaşlar olduğunu qeyd edən Əliyev hər iki ölkənin çətin zamanlarda bir-birinə qarşı hər zaman anlayışlı və dost yanaşdığını vurğulayıb. NATO ilə Rusiya arasında münaqişə ehtimalına toxunan İlham Əliyev "NATO ilə Rusiya arasında birbaşa münaqişənin baş verməməsini ümid edirəm. Bu, bütün dünya üçün fəlakətli nəticələrə səbəb olar. Bu müharibənin qalibi olmaz. Ümid edirəm ki, həm Moskva, həm də Vaşinqton bu kabus ssenarisinin reallaşmaması üçün kifayət qədər siyasi iradəyə malikdir" deyə bildirib. 

Azərbaycanın həm Qərbdə, həm də Şərqdə müstəqil siyasət yürüdən bir ölkə kimi qəbul edildiyini qeyd edən prezident "Biz həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkəyik. Dünyada belə ikinci bir ölkə yoxdur" ifadələrini işlədib. 

Türkiyə ilə Azərbaycan arasındakı hərbi əlaqələrdən danışan İ.Əliyev "Türkiyə ilə hərbi əlaqələrimiz müstəqilliyimizin ilk günlərində qurulub və bu gün də davam edir. Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsində və yüksək standartlara çatmasında mühüm rol oynayıb" deyə vurğulayıb. 

O, Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac olub-olmaması ilə bağlı suala belə cavab verib: "Türkiyə ilə Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsində (Şuşa Bəyannaməsi) təhdidlərə və hücumlara qarşı hərbi yardımı nəzərdə tutan maddə var. Xaricdən bir hücum olarsa, köməyə gəlmək həm Azərbaycanın, həm də Türkiyənin öhdəliyidir. Buna görə də bu maddə iki ölkədən birində digərinin hərbi bazasının olmasını lazımsız edir." 

İlham Əliyev "Türkiyə ilə hər il 10-dan çox birgə təlim keçiririk. Bu, Qafqazda sabitlik üçün mühüm amildir" ifadələrini işlədib. 



Chosen
4
trt.net.tr

1Sources