EN

Paşinyan indi Trampdan işarə gözləyir: Ağ Evin yeni sahibi Ermənistanı Rusiyaya geri qaytaracaq

Əgər, ABŞ-ın yeni prezidenti Donald Tramp Bayden administrasiyasının Ermənistanı himayə siyasətini eynilə davam etdirsə, Paşinyan hakimiyyəti ən qısa zamanda, KTMT-dan çıxmaq barədə qərarını rəsmən elan edəcək... Ancaq bunun əksi olarsa, yəni, Tramp administrasiyası Ermənsitanı öz xarici siyasətindən kənarda saxlayarsa, onda rəsmi İrəvan Qərbə inteqrasiya kursundan dərhal uzaqlaşacaq, Rusiyanın orbitinə sürətli qayıdış prosesi başladılacaq...

Cənubi Qafqaz uğrunda mübarizədə qeyri-müəyyən situasiya yaranıb. Belə ki, Suriya poliqonunda Rusiya və İranın məğlub duruma düşməsi Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə də dolayısı ilə təsir göstərməyə başlayıb. Hər halda, bu regionda geopolitik maraqları olan kənar dövlətlərin əsas hədəflərində müəyyən dəyişikliklər artıq qaçılmaz xarakter daşıyır. Və böyük ehtimalla yaxın vaxtlarda bu reallıq daha açıq müstəviyə keçməyə başlayacaq.

Onu da qeyd etmək lazımdır ki, Rusiya üçün Cənubi Qafqaz indi öz əhəmiyyətini strateji səviyyəyə qədər artırıb. Çünki Suriyadakı məğlubiyyətlə Yaxın Şərqdəki proseslərə birbaşa təsir mexanizmlərini böyük ölçüdə itirməkdə olan Rusiyanın bundan sonra əsas diqqətini məhz Cənubi Qafqaza yönəldəcəyi qətiyyən şübhə doğurmur. Belə vəziyyət isə ilk növbədə Ermənistanı Rusiya üçün əsas istinad məkanına çevirir. Və bu baxımdan, Kremlin Ermənistana nəzarət uğrunda Qərblə amansız rəqabətə girə biləcəyi istisna deyil.

Məsələ ondadır ki, Rusiya Suriyadan çıxarılan hərbi kontingentinin heç olmasa, bir hissəsini Ermənistandakı hərbi bazalarına yerləşdirmək niyyətini biruzə verir. Rəsmi İrəvanın isə buna müqavimət göstərməyə çalışacağı gözlənilir. Halbuki, mövcud situasiyada Paşinyan hakimiyyətinin Rusiya ilə əvvəlki kimi sərt qarşıdurmaya cəsarət etməsinin Ermənistan üçün təhlükəli seçim olduğu inkaredilməz reallıqdır. Və bu reallıq daha çox ABŞ-da hakimiyyət dəyişikliyindən qaynaqlanır.

Məsələ ondadır ki, əgər, Ermənistanın əsas beynəlxalq himayədarlarından olan Bayden administrasiyası ABŞ-da keçirilmiş növbəti prezident seçkilərində məğlub olmayaraq, mövqelərini itirməsydi, rəsmi İrəvan daha cəsarətli davranmaq şansı qazana bilərdi. Əslində, Paşinyan hakimiyyəti bu ilin avqust ayında Bayden administrasiyasına Rusiya əleyhinə konkret demarş vədləri vermişdi. Belə ki, həmin dövrdə ifşa olunmuş səhnəarxası anlaşmalara görə, Paşinyan hakimiyyəti sentyabr ayında Rusiya ilə hərbi müttəfiqliyi pozmaq, eləcə də, Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) rəsmən çıxmaq barədə öhdəlik götürmüşdü.

Ancaq rəsmi İrəvan ABŞ, Avropa Birliyi və Fransa qarşısında götürdüyü bu öhdəliyin icrasını təxirə salmaq məcburiyyətində qaldı. Çünki ABŞ-da növbəti prezident seçkiləri yaxınlaşdıqca, Bayden administrasiyasının siyasi məğlubiyyətinin qaçılmaz ola biləcəyi daha çox inandırıcı görünməyə başlamışdı. Ötən ptezidentliyi dönəmində, yumşaq desək, Ermənistana və “erməni faktoru”na laqeyd yanaşan Donald Trampın Ağ Evə yenidən sahiblənəcəyi təqdirdə, həmin mövqeyini eynilə davam etdirməyəcəyinə hər hansı təminat yoxuydu. Və bu səbəbdən də, Paşinyan hakimiyyəti Rusiyaya qarşı radikal siyasi addımlar atmaqdan çəkinərək, yeni situasiyanın necə olacağını anlamağa üstünlük verdi.

Hətta Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya münasibətdə müəyyən “rəğbət” məzmunlu açıqlamalar da verməklə, Kremllə rəsmi İrəvan arasında uçurulmaqda olan körpülərin bərpasının mümkünlüyünə dolayısı eyham vururdu. Eyni zamanda, Ermənistanın Rusiyaya Qərbin sanksiyalarından yayınmasına gizli imkanlar açmaqla, külli miqdarda gəlir əldə etməsi də Paşinyan hakimiyyətini ehtiyatlı davranmaq məcburiyyətində buraxırdı. Və bütün bunlar rəsmi İrəvan üçün olduqca ciddi qeyri-müəyyənlik yaratmışdı.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərdə hələ də gözləmə mövqeyini davam etdirir. Belə ki, rəsmi İrəvan üçün Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başlamasından sonra Ağ Evin Cənubi Qafqaz siyasətinin necə olacağını dəqiqləşdirməsi önəmli xarakter daşıyır. Hər halda, Ukrayna savaşınını dayandırmaq niyyətini bəyan etmiş Tramp administrasiyasının Rusiya ilə münasibətlərini bərpa etmə ehtimalı qətiyyən istisna deyil. Və bu halda, ABŞ-ın Cənubi Qafqaz siyasətinin indikindən fərqli ola biləcəyi Ermənistanı olduqca qorxudur.

Məsələ ondadır ki, Tramp administrasiyası Ermənistana yenidən laqeyd münasibət göstərərsə, Rusiya ilə hərbi müttəfiqliyi pozmuş, Avrasiya İqtisadi İffifaqından və KTMT-dan rəsmən çıxmış Ermənistan tamamilə müdafiəsiz duruma düşə bilər. Hər halda, ABŞ, Avropa Birliyi və Fransa indiyə qədər Ermənistana nə maliyyə-iqtisadi dəstək, nə də hərbi tənlükəsizlik təminatı verməyib. Və bu baxımdan, Avrasiya İqtisadi İttfaqının, eləcə də, KTMT-nın rəsmən tərk edilməsi Ermənistan üçün olduqca baha başa gələ bilər.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının güzəştlərindən yararlanmaqda davam etsə də, KTMT-nı əslində, de-fakto tərk edib. Belə ki, rəsmi İrəvan KTMT-nın toplantılarına qatılmayaraq, bu hərbi alyansı baykot edir. Eyni zamanda, rəsmi İrəvan Ermənistanın KTMT üzrə üzvlük haqqının ödənilməsindən də yayınır. Və bu o deməkdir ki, Ermənistan KTMT çərçivəsində bütün fəaliyyətini dayandırıb.

Düzdür, Rusiya siyasi dairələri son vaxtlar Ermənistanın əvvəl-axır KTMT-ya geri dönəcəyinə qətiyyən şübhə etmədiklərini xüsusi olaraq, vurğulayırlar. Ancaq rəsmi İrəvan bunu dərhal təkzib edərək, KTMT-nı Ermənistan qarşısında hərbi-siyasi öhdəliklərini yerinə yetirməməkdə suçlayır. Yəni, ABŞ və Qərbə mesaj verilir ki, Ermənistan Rusiyadan uzaqlaşma siyasi kursuna hələ də sadiqdir. Və bu, Paşinyan hakimiyyətinin siyasi tərəddüdlərinin konkret qərarların alınmasını blokladığını təsdiqləyir.

Belə anlaşılır ki, rəsmi İrəvan Qərbə inteqrasiya siyasi kursuna sədaqəti ilə bağlı yekun qərarı istənilən halda, yaxın aylarda verməli olacaq. Belə ki, əgər, yeni prezident Donald Tramp Bayden administrasiyasının Ermənistanı himayə siyasətini davam etdirsə, Paşinyan hakimiyyəti ən qısa zamanda, KTMT-nı tərk etmək qərarını rəsmən elan edəcək.

Ancaq əgər, bunun əksi olarsa, yəni, Tramp administrasiyası Ermənsitanı öz xarici siyasətindən kənarda saxlayarsa, onda rəsmi İrəvan Qərbə intqerasiya kursundan dərhal uzaqlaşacaq. Paşinyan hakimiyyətinin Kremlə yönəlik siyasi komplimentləri fonunda Ermənistanın Rusiyanın orbitinə sürətli qayıdış prosesi başladılmış olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Chosen
10
musavat.com

1Sources