EN

Büdcə-2025: Neftdən asılılıq davam edir | TƏHLİL

Büdcə gəlirlərinin 15 milyard 500 milyon manatı və ya 40.5%-i Dövlət Vergi Xidməti, 14 milyard 481 milyon manati və ya 37.8%-i Dövlət Neft Fondundan (ARDNF) transfert, 6 milyard 600 milyon manatı və ya 17.2%-i Dövlət Gömrük Komitəsi, 840 milyon manatı və ya 2,2%-i büdcə təşkilatlarından daxilolmalar, 895 milyon manatı və ya 2.3%-i isə digər gəlirlərin hesabına təmin olunacaq.


Diqqət yetirin: növbəti ilin büdcə gəlirlərinin formalaşması ən çox Neft Fondunun 14 milyard 481 milyon manatı hesabına başa gələcək ki, bu da, 2024-cü illə müqayisədə 1 milyard 700 milyon və ya 13,3%, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 2 milyard 743,4 milyon manat və ya 23.4% çox transfert deməkdir. İndiyədək dövlət büdcəsi ARDNF-dən bu səviyyədə transfert görməyib.

Cari ilin büdcəsinə ilin ortasında yenidən baxılanda gəlirlərin proqnozlaşdırılandan 2 milyard 18 milyon manat və ya 6,4% artırılaraq 36 milyard 35 milyon 300 min manat edilməsi zamanı bunun Neft Fondu üzrə əlavə transfert olmadan həyata keçirilməsini müsbət dəyərləndirmişdim. Ona görə ki, ötən il ARDNF-dən transfert 457 milyon 700 min manat və yaxud 4,05% səviyyəsində artırılmışdı. 2022-ci ildə isə adıçəkilən fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert həcmi 1 milyard 192 milyon 500 min manat azaldılmışdı ki, nəticədə, ARDNF-dən köçürmə 2020 və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi. Bu da xərclərin artması fonunda böyük hadisə və addım sayılırdı.

2021-ci ildə və ondan əvvəlki ildə - 2020-ci ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə - 12 milyard 200 milyon manat təsdiqlənmişdi. 2022-ci ilin dövlət büdcəsindəsə Fonddan transfert əvvəlki illərdəkindən 510 milyon manat və ya 4,2% çox proqnoz edilmişdi. Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi.


Qeyd etmək istədiyim budur ki, neftin dünya bazar qiymətləri neçə illərdir həm dövlət, həm də Neft Fondu büdcəsində nəzərdə tutulandan yüksək səviyyədə olduğundan, digər tərəfdən isə qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artmasından irəli gələrək ARDNF-dən transfert azaldılır və əslində bu, ən düzgün yol sayılır.

Ümumiyyətlə, büdcəyə dürüstləşdirmə zamanı ilk ən böyük müsbət cəhət məhz ondan ibarət olmalıdır ki, gəlirin artırılması Neft Fondu hesabına deyil, başqa mənbələr hesabına həyata keçirilsin. Buna rəğmən, istənilən xərc istiqamətində hər cür addım atmaq olar.

Sözün qısası, 2025-ci ilin dövlət büdcəsi də neftdən asılı vəziyyətdədir. Bəli, transfertləri nəzərə almadan, dövlət büdcəsi gəliri gələn il üçün 23,8 milyard manat proqnozlaşdırılıb. Ümumiyyətlə, dövlət büdcəmizin inkişaf dinamikası artım üzərində kökləndiyindən, ARDNF-dən transfertsiz büdcə gəlirləri 2023-cü ildə 23,5 milyard manat, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə, təkrar edirəm, 23,8 milyard manat proqnoz edilib.


Bəli, 2014-cü ildə dövlət büdcəsinin neft-qaz üzrə gəlirləri 15,5 mlilyard ABŞ dolları və ya büdcə mədaxilinin 66,0%-ni təşkil edirdisə, cari ildə, yəni 2024-cü ildə büdcəyə dürüstləşdirmədən sonra neft-qaz gəlirlərinin onda payı 10,5 milyard ABŞ dollarına bərabər olmaqla 49,0%-ə enib.

Lakin sosialyönümlü xərclərin 8,8% artırılaraq 16,9 milyard manata çatdırıldığını və dövlət büdcəsi məsrəflərinin də 41%-i əhatə etməklə sosial siyasətin prioritetlik təşkil etdiyini nəzərə alsaq, neft və qaz gəlirlərindən asılılğımız davam edir və bu, hələ bir neçə il də öz tendensiyasını qoruyub saxlayacaq.


Pərviz Heydərov
Azvision.az üçün
Chosen
3
1
azvision.az

3Sources