Bakı Mühəndislik Universitetində (BMU) “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” mövzusunda tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Universitetin Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzi, eləcə də İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və “Marsol Academy”nin birgə keçirdiyi tədbirdə bildirilib ki, məqsəd tələbələri iş dünyasına hazırlamaq, onların sahibkarlıq bacarıqlarını gücləndirmək və karyera inkişafı üçün möhkəm təməl yaratmaqdır.
Tədbirdə bir sıra tanınmış iş adamları -“Marsol Group”un direktoru Bilal Qasımlı, “Məlhəm” Beynəlxalq Hospitalın direktoru Sevda Əlizadə, “Concrete Bureau”nun təsisçisi Bəxtiyar Əhmədov, “Holberton Azərbaycan Məktəbi”nin İdarə Heyətinin sədri Şəmsi Bayramzadə, həmçinin “Aslanov Group”un təsisçi və direktoru Sarvan Aslanov spiker qismində çıxış edərək biznesdə qazandıqları təcrübə və nailiyyətləri tələbələrlə bölüşüblər.
Çıxışlar zamanı uğur əldə etməyin əsas prinsipləri, iş həyatındakı çətinliklərin öhdəsindən gəlmə yolları, biznes strategiyalarının inkişafı və tətbiqi kimi məsələlər barədə geniş məlumatlar nəzərə çatdırılıb. Bildirilib ki, əzm, özünəinam, çalışqanlıq karyerada uğurun başlıca formuludur, habelə müasir bacarıqlar çağdaş nəslin gələcəyini şərtləndirən vacib amillərdəndir.
Tədbirdə, eyni zamanda, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və iş həyatının çağırışlarına hazır olmaq üçün təlim iştirakçılarına tövsiyələr verilib, o cümlədən real nümunələr və biznes modellərinin tətbiq yolları təqdim olunub.
Sonda tələbələri maraqlandıran məqamlara aydınlıq gətirilib.