EN

Qərbi Azərbaycan Xronikası: "Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Çin dilində Xəzər heroqlifinin oxunuşu "kosa"dır" adlı veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə tədqiqatçı Elxan Zal Qaraxan qədim türk tayfası olan xəzərlərin tarixi, onların Qərbi Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz ərazilərindəki sıx məskunlaşması barədə danışıb.
O qeyd edib ki, qədim türk tayfası olan xəzərlər çöl imperiyaları arasında ən uzunömürlü dövlət qurublar:
"Azərbaycan 150 il Xəzər xaqanlığının tərkibində olub. Çin dilində Xəzər heroqlifinin oxunuşu "kosa"dır. Azərbaycanda "kosalar" nəsli xəzərlərdən gəlir. Midiya dövlətinin yaradıcısı xəzər tayfasından olan Arbakın adı Bibliyada qeyd edilən xəzər hökmdarıdır".
Onun sözlərinə görə, Bisütun yazılarının üçüncü sütunu türk dilində yazılıb. Midiya, Əhəməni, Parfiya və Sasani dövlətlərinin baş vəzirləri həmişə xəzər mənşəli olub və Xəzərpet/Xəzərbəy adlanıb. Atropatenanı yaradan Atropat da Xəzərpet idi. Assur xronikasına əsasən, Assuriya dağıldıqdan sonra Azərbaycan adlı dövlət yaranıb. Xəzərlər Qərbi Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz ərazilərində sıx şəkildə məskunlaşıblar.
Elxan Zal Qaraxan əlavə edib ki, Buğa Kəbir adlı xəzər sərkərdəsi Babəkə qarşı döyüşüb və onun şərəfinə Zəngəzurdakı Buğakar ziyarətgahı tikilib. Babəkə qarşı döyüşən Buğakarın məzarı da Zəngəzurdadır.
Tədqiqatçı vurğulayıb ki, Xəzər xaqanlarının hamısı türklərin aşina boyundan olublar:
"Yəhudi ənənəsinə görə, türklər Toqarmanın nəslindən hesab olunur. Çingiz xan aşina boyundan olanların hamısının ölümünə fərman vermişdi. Xəzər qvardiyası isə həmişə xarəzmilərdən təşkil olunurdu".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
36
19
oxu.az

10Sources