EN

Ölkəmizdə kiçik sahibkarları hansı güzəştlər gözləyir?

Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikrosahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qeyd edilən xidmət sahələri bunlardır: Proqram təminatının işlənməsi; layihə-dizayn və dekorasiya sahəsində xidmətlər; tərcümə xidmətləri;reklam xidmətləri;araşdırma və tədqiqat sahəsində fəaliyyət;elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər; Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri; Jurnalistlərin fəaliyyəti; Bazar konyukturunun öyrənilməsi;Qiymətləndirmə fəaliyyəti; Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;Turizm bələdçiliyi; İxrac xidməti.

Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75%-i gəlir vergisindən azad edilib.

Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüquqi şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.

Bu qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda mikrosahibkarlıqla bağlı narazılıq mövcud idi ki, bu da vergi sisteminin tətbiqi və tələblərinin sahibkarlar tərəfindən mənfi qarşılanmasına səbəb olmuşdu.

Əvvəlki vergi qanunvericiliyində mikrosahibkarlığın 75%-lik vergi güzəştlərindən faydalana bilməsi üçün ən azı 3 nəfər işçisi olmalı idi. Bu tələb təkcə öz sahələrində fəaliyyət göstərən, məsələn, İT mütəxəssisləri, vəkillər və jurnalistlər kimi fərdi sahibkarlıq edən şəxslər üçün uyğun deyildi. Bu, onların güzəştlərdən faydalanmasına mane olurdu və daha çox bürokratik maneələrə səbəb olurdu.

Eləcə də mikrosahibkarların vergi uçotuna düzgün və tam qeydiyyatdan keçməsi tələb olunurdu ki, bu da müəyyən hallarda yüksək bürokratik yük yaradırdı. Sahibkarlar, xüsusən kiçik biznes sahibləri, bu cür mürəkkəb və zaman alıcı prosedurları arzuolunmaz hesab edirdilər. Mikrosahibkarlıq fəaliyyəti kiçik bizneslər üçün iqtisadi baxımdan çətin ola bilərdi və onlar vergi yükünü yüksək hesab edərək bu vergi sistemindən şikayət edirdilər. Güzəştlərin olmaması və ya az olması onlara daha da çətinlik yaradırdı.

Bu narazılıqlar, son dövrlərdə Vergi Məcəlləsinə edilən düzəlişlər və mikrosahibkarlığın dəstəklənməsi üçün tətbiq olunan yeni mexanizmlərlə müəyyən dərəcədə azaldıldı. Ən mühüm dəyişikliklərdən biri mikrosahibkarlığın vergi güzəştləri ilə bağlı şərtlərin yüngülləşdirilməsi, xüsusilə işçi sayı tələbinin aradan qaldırılması oldu.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a məsələnin detalları ilə bağlı bilgi verib: “Onsuz da bu güzəştlər ilin əvvəlində ləğv edilən zaman bununla bağlı birmənalı olaraq qeyd etmişdik ki, bu güzəştlərin bir il ərzində yenidən bir qisminin bərpa edilməsi gözlənilir. Bu gün də düşünürəm ki, 2025-ci ildə, 2026-cı illə bağlı yenə də sahibkarlıq subyektlərinin, ələlxüsus mikro və kiçik sahibkarlıq subyektlərinin müəyyən qədər vergi güzəştlərinə ehtiyac yaranacaq. Düzdür, vergilər büdcə daxilolmalarını təmin edən ən başlıca mənbə olsa da, amma iqtisadiyyatın lokomotivi olan sahibkarların da daha həssas tərəflərdə dəstəklənməsinə ehtiyac var. Ona görə də Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində müəyyən düzəlişlər edilməklə mikrosahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı konkret müddəa əlavə edildi. İndiyə qədər belə idi ki, 73% güzəştə düşmək üçün sahibkarlıq subyekti vergi uçotuna durmalı, sənədləri doğru qeydiyyata alınmalı və üç nəfər işçisi olmalı idi. Amma sahibkarların narazılığına səbəb oldu. Çünki insanlar var idi ki, tək işləyirdi. Məsələn, İT mütəxəssisi, vəkil ola bilər, yaxud VÖEN açıbmikrosahibkar kimi fəaliyyət göstərən jurnalist ola bilər. Onlar artıq üç nəfər işçi sayı olmadan da 45 minmanatadək dövriyyəsi olduğu halda 75 faiz güzəşt olunacaqlar. İşinmahiyyəti budur. Yəni əvvəllər 75% vergi güzəştindən yararlana bilməyən bu peşə sahiblərinin indi bu güzəştdən faydalana bilməsi çox mühüm bir addımdır. Bu dəyişikliyin vergi sistemində tətbiq edilməsi, mikrosahibkarlara və fərdi sahibkarlara böyük bir stimul verəcək. Bu dəyişiklik sayəsində artıq işçi sayı məsələsi tələb olunmadan, müəyyən dövriyyə həddinə çatan və sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər vergi güzəştlərindən faydalana biləcəklər. Bu da öz növbəsində, fərdi və mikrosahibkarların maliyyə yükünü yüngülləşdirəcək, onların daha çox sərbəst fəaliyyət göstərmələrini və bizneslərini inkişaf etdirmələrini təmin edəcək.

Nəticə olaraq, 75 faiz güzəştin tətbiq edilməsi, sahibkarlıq fəaliyyətinə yeni nəfəs qazandıracaq, daha çox insanın biznes qurmasına, mövcud bizneslərini böyütməsinə imkan yaradacaq. Bu kimi addımlar iqtisadiyyatın şaxələndirilməsi və mikrosahibkarlığın gücləndirilməsi baxımından müsbət nəticələrə gətirib çıxara bilər".

Chosen
13
1
sportinfo.az

2Sources