EN

Hesablama metodundan istifadə edərkən xərcin çəkilməsi vaxtı necə müəyyən olunur?

Vergi Məcəlləsinin 130.1-ci maddəsində göstərilib ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Qanunvericiliyin bu tələbini “vergiler.az”a “Business Service Center” şirkətinin maliyyə mühasibat işləri üzrə mütəxəssisi Türkan Sultanova şərh edir: 

Vergi Məcəlləsinə əsasən, vergi ödəyiciləri tərəfindən gəlirlərin və xərclərin uçotunun aparılmasının 2 metodu vardır: kassa və hesablama metodu. Məcəllənin 130.4-cü maddəsinə görə isə mikro sahibkarlıq subyektləri, öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Mikro sahibkarlıq subyektləri dedikdə, illik dövriyyəsi 200.000 manatadək olan və işçilərin orta siyahı sayı il üzrə 1-10 nəfər təşkil edən müəssisə və ya fərdi sahibkarlar nəzərdə tutulur.

Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri

Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə bu gəliri nəzərə almalı və gəlirdən xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Misal 1: Yanvar ayında şirkət alıcıya 10.000 manat məbləğində məhsul satıb. Sifarişçi malların dəyərini mart ayında ödəyib. Kassa metodundan istifadə zamanı şirkət satışı mart ayında, yəni pul vəsaitlərini aldığı zaman qeydə alır. Hesablama metodu üzrə uçot zamanı isə şirkət satışı yanvar ayında, alıcıya elektron qaimə-faktura verildikdə qeydə alır.

Misal 2: Şirkət noyabr ayında 1.500 manat dəyərində reklam xidməti alır, dekabrda isə onun dəyərini ödəyir. Kassa metodu zamanı şirkət xərcini dekabr ayında, ödəniş etdiyi zaman nəzərə alır. Hesablama metodunda uçot zamanı isə şirkət bunu noyabr ayında, təchizatçıdan elektron qaimə-fakturanı aldığı zaman nəzərə alır.

Chosen
18
vergiler.az

1Sources