EN

Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı sülh üçün yaxşı ictimai ab-hava yarada bilər

İsveçrə Parlamentinin Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana münasibətdə qərəzli mövqeyi qəbuledilməzdir. Azərbaycanın əzəli torpağı olan Qarabağ bölgəsindən könüllü köçmüş erməni milliyyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədilə ölkə hökumətini konfrans keçirməyə çağırmaq təklifi sülh prosesinə zərbə vurmaqdır. Sənədin təşəbbüskarının qatı ermənipərəst deputat Erik Fontobel olması da əslində məsələnin mahiyyətini açıqlayır. Əvvəla Qərbdəki anti-Azərbaycan dairələrin sırasına qoşulan İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bir daha bilsinlər ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu məsələ beynəlxalq hüquqla tanınıb və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunub. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraq ölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına birdəfəlik son qoyulub, ötən ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində isə ərazidə Azərbaycanın dövlət suverenliyi bərpa olunub. Azərbaycana ölçüyəgəlməz dərəcədə böyük ziyan vuran silahlı təcavüz artıq geridə qalıb.

Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparılır və artıq müəyyən nəticələr də var. Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bildirdi ki, sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Belə olan halda  hər hansı beynəlxalq təşəbbüs və hərəkətlər obyektiv olmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazi bütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir. Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayan təşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər.

Digər tərəfdən erməni milliyyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurd fikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən dairələr XX əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlının hüquqları barəsində susmağa üstünlük verib, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə-yeksan edilməsinə, milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 min azərbaycanlının öz vətənində didərgin salınmasına münasibət bildirməyiblər.

Prezident İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdi ki, hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq. Orada kifayət qədər aydın şəkildə hər şey yazılıb, istəyən hər kəs baxa bilər, təhsildən, mədəni mühitin qorunub saxlanmasından, reinteqrasiyadan, inteqrasiya yollarından, yaxud yaşamaq üçün müraciət etmək və ya vətəndaşlıq almaq, yaxud işləməyə icazə verilməsinədək bütün məsələlər. Vəziyyət bundan ibarət idi. Əgər onlardan hər hansı biri bütün bu baş verənlərdən sonra hansısa anlaşılmaz “Dağlıq Qarabağ respublikasında” yaşadığını düşünürdüsə, bu, onların problemidir.

Azərbaycan Prezidenti Ermənistanın 1980-ci illərin sonlarında deportasiya edilmiş azərbaycanlıların geri qayıdışı məsələsini də gündəmə gətirib və bu məsələnin Ermənistan rəhbərliyinin cavabını gözlədiyini bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. “Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir”.

Nigar Orucova, “İki sahil”

Chosen
7
ikisahil.az

1Sources