EN

Vəziyyəti dəyişdirəcək qərar: İrəvanda hazırlıq başladı

Ermənistan parlamentində Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendumun keçirilməsi ilə əlaqəli müzakirələr başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” yazır.

Nəşr xatırladır ki, ötən həftə avropayönlü qüvvələr “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesi ilə bağlı vətəndaş təşəbbüsü” ilə çıxış ediblər. Layihə parlamentin Avropaya İnteqrasiya Komitəsindədir, bir aylıq müzakirələrdən sonra parlamentin 2025-ci il gündəliyinə daxil olacaq.

Komitənin sədri Arman Yeqoyan “Joqovurd”a deyib ki, Aİ-yə üzvlüklə hakim “Vətəndaş Müqaviləsi” fraksiyası səviyyəsində yekun qərar hələ verilməyib.

“Avropa” partiyasının sədri Tiqran Xzmalyan da layihə ilə bağlı hakimiyyətin hansı qərarı verəcəyini bilmədiyini söyləyib:

“Hakimiyyətdən siqnal gəlib ki, layihəni müzakirə etməyə hazırdırlar”.

Məsələ ilə əlaqədar parlamentin sədri Alen Simonyanın fikri belədir: “Layihəni təqdim etsinlər, bunu müzakirə edəcəyik, amma hansı qərarı verəcəklərini deyə bilmərik”.

Xatırladaq ki, “Demokratik Qüvvələrin Platforması” referendum məsələsinin parlamentin gündəliyinə daxil olması üçün sentyabrın 16-dan noyabrın 14-dək 60 000 imza toplayıb. Mərkəzi Seçki Komitəsi dekabrın 10-da keçirilən sessiyada 52 351 imzanı ratifikasiya edib, yəni təşəbbüsün qəbul olunması üçün 50 min imza keçərli sayılıb. Parlament layihəni rədd edərsə, təşəbbüs üzvləri 300 min imza toplamalıdır, bundan sonra məsələ müzakirəsiz, birbaşa referenduma çıxarılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
15
teleqraf.com

1Sources