EN

Azərbaycanda hərbi əsir qalmayıb - Bəhruz Məhərrəmov

Yazını böyüt
Yazını kiçilt

İllərlə Azərbaycanın işğal olunmuş ərazilərində dövlətimizə qarşı çoxsaylı bəşəri cinayətlər törədən erməniəsilli hərbi cinayətkarların məhkəməsi başlamaq üzrədir. Artıq onların hansı maddələr üzrə ittiham olunduqları da məlumdur. İstintaq müddətində erməni lobbisinin təhriki ilə bəzi dairələrin Azərbaycana təzyiq göstərərək hərbi cinaytkarların azad olunmasına nail olmaq cəhdlərini də müşahidə etdik. Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmovdur.

- Azərbaycan Respublikasında heç kəs irqi, dini, sosial, mənşə, siyasi partiyalara və hər hansı digər təşkilatlara üzvlüyü ilə bağlı təqib və məhrumiyyətlərə məruz qalmır. O cümlədən, saxlanılan və 30 ilə yaxın bir dövrdə separtçı rejimin " rəhbərləri" postunu tutmuş hərbi cinayətkarlar yalnız və yalnız ittiham olunduqları konkret cinayətlərə görə ədalət mühakiməsi qarşısına çıxarılıblar. Audiovizual qaydada, eləcə də çoxsaylı sahid ifadələri ilə, həmçinin onların özlərinin istintaqa verdiyi ifadələrlə bu şəxslərin Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının vətəndaşlarına və milli maraqlarımıza münasibətdə çoxsaylı hərbi-siyasi cinayətlər törətməsi barədə təkzib edilməz sübutlar var. Bu şəxslər barəsində tam hərtərəfli və qərərsiz cinayət təqibi həyata keçirilərək təqsirlərinə müvafiq şəkildə cəzalandırılması həyata keçiriləcəkdir.

- Məhkəmə 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, yüz minlərlə vətəndaşımızı öz yurd-yuvalarından didərgin salan erməni cinayətkarlığını sübut etmək üçün hansı yeni imkanı yaradacaq?

- Bildiyiniz kimi, məhkəmə qərarları preyudisial əhəmiyyətə malikdir, yəni qanunu qüvvəyə minmiş qətnamə, hökm sonrakı dövrlərdə məhkəmə qaydasında sübuta ehtiyac duymur. Bu mənada, separatçıların "liderlərinin" barəsində çıxarılacaq məhkəmə qərarları qüvvəyə mindikdən sonra onların ittiham olunduqlaqları və bu ittihamların sübut olunduğu əməllər üzrə Azərbaycan sonrakı addımların atılması, o cümlədən ölkəmizə vurulan çoxsaylı zərərlərə görə kompensasiyanın tələb olunması məsələsində əhəmiyyətli hüquqi bazisə malik olacaq. Bu, eyni zamanda, ədalətin bərqərar olunması, insanların hüquqa, bütövlükdə beynəlxalq hüquqa inamının bərpası üçün mühüm məqam sayılır. Hesab edirik, ümumbəşəri dəyərləri hədəfə alan bu tip şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, preventiv xarakter daşıyaraq, müxtəlif coğrafiyalarda yeni cinayətlərin qarşısı alınması istiqamətində müəyyən rol oynaya biləcək.

- Məlumdur ki, bəzi xarici qruplar bu cinayətkarların “hərbi əsir” kimi qələmə verilməsi üçün çox çabalayır...

- Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan separatçı "liderlərin" hərbi əsirlər kimi qələmə verilməsi məqsədli xarakter daşıyır və hüquqauyğun deyil. Məlumdur ki, beynəlxalq humanitar hüquq və milli qanunvericilik aktlarında hərbi əsir terminin kifayət qədər aydın izah və şərhi mövcuddur. Vətən müharibəsi və antiterror tədbirlərindən sonra həyata keçirilən müvafiq addımlarla artıq Azərbaycanda hərbi əsir qalmayıb. Azərbaycan Prezidentinin humanist yanaşması ilə əsir düşmüş erməni hərbçiləri aidiyyəti üzrə bəşəri niyyətləri rəhbər tutularaq geri verilib. Separatçılar isə çoxsaylı cinayətlər və təkzibolunmaz sübutlarla təsdiq edilən faktlara görə saxlanılıb və ədalət mühakiməsinə təhvil verilib. "Hərbi əsir" məsələsini gündəmə gətirməklə ayrı-ayrı beynəlxalq subyektlər Azərbaycana münasibətdə təcavüzkar niyyətlərini realizə etmək, ölkəmiz ətrafında təzyiq çəmbəri formalaşdıraraq  dövlətin daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etməyə cəhd göstərərək proseslərdə diqtə edən rolunu mənimsəmək istəyir. Azərbaycan müstəqil hərbi-siyasi güc kimi bu cəhdlərə dəf etməyə qadirdir və ötən dövr ərzində həyata keçirilən tədbirlər də bunu sübut edir.

- Azərbaycan bu məhkəmə prosesində xaricdən hansı təsirlərlə üzləşə bilər?

- Bildiyiniz kimi, ibtidai istintaq zamanı cinayət təqibi tam hərtərəfli və qərəzsiz şəkildə həyata keçirilib. Həmin şəxslərin ittiham edildikləri əməllərlə əlaqələrinin araşdırılması istiqamətində bütün zəruri proseslərə baş vurulub, eyni zamanda, həmin şəxslərin özlərini müdafiə etməsi üçün beynəlxalq standartlara uyğun imkanlar yaradılıb. Bu mənada, Azərbaycan məhkəmələrinin fəaliyyəti ətrafında şou qurmaq istəyən ayrı-ayrı beynəlxalq  təsisatların nə deməsi və nə proqnoz verməsindən asılı olmayaraq, mövcud faktlar və sübutlar əsasında ədalət məhkəməsinin həyata keçiləcəyi və adekvat qərarların qəbul ediləcəyinə heç kəsin şübhəsi olmasın.

- Məlum olduğu kimi, dekabrın 16-da Azərbaycan Baş Prokurorluğu erməni məhkumlarla bağlı ittiham aktını məhkəməyə göndərib. Prokurorluq məlum cinayət işi ilə bağlı Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib. Sizcə, Ermənistan və havadarları  bu təklifə necə reaksiya verəcək?

- Son 30 ildə yaşananlar göstərir ki, Ermənistan dialoqa və adekvat əməkdaşlığa hazır ölkə və toplum deyil. Bu mənada, hazırda separatçıların işi üzrə cinayət işində Ermənistanın aidiyyəti dövlət  strukturlarının və vətəndaşlarının istintaqla əməkdaşlıq edəcəyi ağlabatan görünmür. Bu, eyni zamanda, Ermənistanda revanşist kəsimin hələ də hakim mövqe tutması və Azərbaycana münasibətdə düşmənçilik ideologiyasının hələ də dövlətin siyasi məfkurəsində önəmli prioritet qalması ilə bağlıdır. Belə bir situasiyada, təbii ki, məhkəmə prosesinin gedişində Ermənistan və onun havadarlarının davamlı, qərəzli, böhtan, qarayaxma kampaniyasına və qeyri-adekvat bəyanatlarına şahidlik edəcəyimiz şübhə doğurmur. İstənilən halda Azərbaycanda məhkəmələrin fəaliyyəti hər hansı kənar təsirləri istisna edir və bir daha qeyd edirəm, bu məhkəmə prosesləri kifayət qədər hüquqa uyğun və şəffaf formada həyata keçiriləcək. Aidiyyəti dəlil və sübutlara hüquqi qiymət veriləcək.

Tahirə Qafarlı

Chosen
5
hafta.az

1Sources