EN

Strateji əhəmiyyətli malların monitorinqi aparılacaq – Qərar

Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları təsdiqlənib.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Bu Qayda strateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir. Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan – Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.

Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.

Monitorinq özündə aşağıdakıları ehtiva edir:

– strateji əhəmiyyətli malların mövcudluğu və hərəkəti barədə məlumatların əldə edilməsi;

– strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığına təhlükə yaradan faktorların müəyyən edilməsi və qiymətləndirilməsi;

– strateji əhəmiyyətli malların həcminin müntəzəm izlənilməsi;

– strateji əhəmiyyətli malların həcminin azalması ehtimalı yarandıqda bu malların həcminin nəzarətdə saxlanılması.

Monitorinq aşağıdakı məlumatlar əsasında aparılır:

– Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları;

– internet resurslarından və mediadan əldə edilən məlumatlar;

– bazar iştirakçılarından əldə edilən məlumatlar.

Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə monitorinq, həmin mallar üzrə bazar iştirakçıları tərəfindən təmin edilən malların ən azı 90 (doxsan) faizini təmin edən bazar iştirakçılarını əhatə edir.

Monitorinq strateji əhəmiyyətli malların siyahısına daxil edilmiş hər bir mal üzrə ayda 1 (bir) dəfə 5 (beş) gün müddətində həyata keçirilir. Strateji əhəmiyyətli malların pərakəndə satış qiymətlərində kəskin qiymət dəyişməsi baş verdikdə növbədənkənar monitorinq həyata keçirilir. Monitorinqin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən mütəxəssislər dəvət oluna bilərlər. Monitorinqin nəticələrinə əsasən strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının pozulması və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi ehtimalına dair arayış Agentlik tərəfindən tərtib edilir və hər ayın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi aşağıdakı meyarların hər birinə uyğun olmalıdır:

– pərakəndə satış qiymətinin son 10 (on) gün müddətində 10 (on) faizdən çox dəyişməsi;

– qiymət dəyişməsinin 1 (bir) aydan çox olmayan müddətdə davam etməsi ehtimalı.

Chosen
11
25
konkret.az

10Sources