EN

Əsədin kölgədəki qardaşı: Mahir Əsəd haradadır?

Suriya rejiminin çöküşündən sonra müxalif qüvvələr qanlı Baas rejiminin rəhbərliyində yer alan şəxsləri ədalət məhkəməsinə çıxarmaq niyyətində olduqlarını bəyan etsələr də, bu proses asan olmayacaq kimi görünür. Çünki Bəşər Əsədin yaxın çevrəsində olan əsas şəxslər artıq ortalıqda görünmür. Axtarışda olan şəxslər siyahısının başında isə onun qardaşı Mahir Əsəd yer alır.

Qaynarinfo xəbər verir ki, Britaniyanın "The Times" qəzetinin məlumatına görə, Suriya vətəndaş müharibəsinin ilkin mərhələlərində müxaliflərə qarşı sərt müdaxilələri idarə edən Mahir Əsəd ölkənin ən çox axtarılan şəxsidir.
 


Mahir Əsəd kimdir?

Mahir Əsəd Suriya ordusunda general-mayor rütbəsinə bərabər bir vəzifəyə sahib idi və seçilmiş Dördüncü Diviziyanı idarə edirdi. Qəddarlığı ilə tanınan Mahirin İranla yaxın əlaqələri olduğu və qardaşı Bəşər Əsədə güzəştə getməməsi üçün təzyiq etdiyi bildirilir.

Gizli tunellər və narkotik ticarəti

"The Times" qəzetinin məlumatına görə, Mahir Əsəd rejimin ən korrupsioner fiqurlarından biri kimi tanınırdı. Dövlət vəsaitlərini ailə hesablarına köçürməklə yanaşı, Suriya iqtisadiyyatının ən gəlirli sahəsi olan narkotik istehsalına da nəzarət edirdi. Bu istehsalda captagon adlı narkotik maddə önəmli yer tuturdu.

Müxaliflər rejimi devirdikdən sonra Mahir Əsədin Şamdakı malikanəsinə hücum edərək, gizli tunel şəbəkəsi tapıblar. Bu tunellər yük maşınlarının keçə biləcəyi qədər genişdir və içərisində kilidli otaqlar olduğu iddia edilir.
 


Son dəfə harada görülüb?

İddiaya görə, HTŞ-nin rəhbərlik etdiyi müxalif qüvvələr İdlibi tərk edərək cənuba doğru hərəkət edərkən Dəməşqdə qalan Mahir sonuncu dəfə qardaşı ilə əl-Mazzeh hərbi hava limanında qardaşı ilə mübahisə edərkən görülüb. O vaxt Bəşər Əsəd Rusiyanın Hmeymim hava bazasına yola düşmək üçün hazırlaşırdı. Bu, rejim liderlərinin ölkəni tərk etdiyini anlamaq üçün dönüş nöqtəsi olub.

"The Times" qəzetinin yazdığına görə, Mahir strateji əhəmiyyətli Homs şəhərində əsgərləri ilə yekun müdafiəni planlaşdırırmış və dekabrın 7-də səhər saatlarında hazırkı vəziyyətlə bağlı qardaşına məlumat vermiş, lakin günortadan sonra qardaşı ilə əlaqə yarada bilməyəndə hava limanına qədər onun ardınca gedib. Həmin vaxt Bəşər Əsəd onu Hmeymimdəki Rusiya aviabazasına aparacaq təyyarəyə minmək üzrə imiş. Qəzet yazır ki, bu, ordunun rəhbərlərinin onları tərk etdiyi və müqavimətin çökdüyünü anladığı an olub.

Mahir Əsədin İraqa qaçdığı iddiaları olsa da, Bağdad bu xəbəri təkzib edib. Ən etibarlı ehtimal isə onun da qardaşı kimi Moskvaya qaçdığıdır. 
 


Mahir Əsəd və xanımının lüks həyatı

"The Times" qəzetinin məlumatına görə, Mahir və həyat yoldaşı Manal al-Cadan müharibə və yoxsulluğa baxmayaraq, lüks həyat tərzi ilə diqqət çəkib. Evlərində tapılan bahalı əşyalar arasında "Rolex" saatlar, dəyərli içkilər və silahlar da olub.

Manal əl-Cədaan Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd kimi görkəmli sünni ailəsindəndir. Onların evlərindən fotoşəkillərə pony klubları və uşaqların delfin sürdüyü "SeaWorld" səyahətləri daxildir.

Tərk etdikləri evdə tapılan dəftərdə ailənin hər saat evə girib-çıxması qeydə alınıb və son giriş tarixi 29 noyabr saat 21:00 kimi görünür. "The Times" iddia edir ki, ailə bu tarixdən sonra Moskvaya getmiş ola bilər.
 


Əsəd ailəsinin "sərt adamları"

Əsəd ailəsinin ən böyük oğlu Bassel və ən kiçik oğlu Mahir həmişə ailənin "sərt adamları" kimi tanınıblar. Bassel 1994-cü ildə avtomobil qəzasında həyatını itirdikdən sonra hakimiyyət Bəşər Əsədə miras qalıb. Mahir isə rejimi qorumaq üçün bütün sərt tədbirlərə əl atmaqdan çəkinməyib.

2011-ci ildə üsyanı zorla yatırmaq cəhdinə rəhbərlik edən ordunun 4-cü diviziyasına komandirlik edən Mahir qardaşını nəyin bahasına olursa-olsun hakimiyyətdə saxlamağa çalışıb. O, amansızlığı ilə ad çıxarıb və rejimin kimyəvi silah hücumlarında birbaşa iştirak edib.

Beynəlxalq medianın məlumatına görə, bir sıra suriyalı və qərbli müstəntiqlər hazırda Mahir Əsədə qarşı beynəlxalq təqib planları hazırlayır. Fransa artıq həbsə order verib. Rusiya təhlükəsiz sığınacaq kimi görünsə də, Mahir Əsəd buradan gedəndə beynəlxalq məhkəmə və ya Suriyanın yeni rəhbərlərinin həyata keçirəcəyi ədalət sistemi variantlarından biri ilə üzləşə bilər.

Aydın
Chosen
1
qaynarinfo.az

1Sources