Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası təsdiqlənib.
Valyuta.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir, habelə onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana - Dövlət Ehtiyatları Agentliyinə məlumat təqdim edilməsi üzrə təşkilati və hüquqi məsələləri tənzimləyir. Bu Qaydanın tələbləri strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, bu Qayda ilə müəyyən edilmiş meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.
Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları il ərzində strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olduqda bazar iştirakçısı hesab edilirlər. Ötən ildə strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olan hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək Agentlik tərəfindən əldə edilir. Bazar iştirakçılarına onların hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olması və həmin mal üzrə təmin etməli olduğu minimal həcm barədə Agentlik tərəfindən hər il iyun ayının 1-dək yazılı bildiriş göndərilir.
Hər bir strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı tərəfindən təmin edilən minimal həcm aşağıdakı kimi hesablanır:
- bazar iştirakçısı kimi müəyyən edilən hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;
- bazar iştirakçılarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi həmin mal üzrə bazarın ümumi həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmi müəyyən edilir.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturası üzrə bazar iştirakçıları tərəfindən təmin edilən minimal həcm bazar iştirakçısının hesablanmış payına vurulmaqla bazar iştirakçısı tərəfindən müvafiq strateji əhəmiyyətli mal üzrə təmin edilən həcm hesablanır.
Bazar iştirakçıları hesabat ilinin 1 oktyabr tarixindən növbəti ilin 30 sentyabr tarixinədək onlar tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə anbar qalığının bu Qaydada göstərilən bildirişdə qeyd olunan minimal həcmini təmin edir.