EN

Ukrayna və Polşa qaz qovşağı yaradır – Azərbaycana da müraciət olunacaq...

Ukrayna və Polşa Rusiyadan yan keçərək Avropanı yanacaqla təmin etmək üçün Şərqi Avropa qaz qovşağı yaratmağı planlaşdırır.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair 5 illik müqavilə dekabrın 31-də başa çatır. Kolesnikin fikrincə, Ukraynanın yeraltı qaz anbarları və Polşanın mayeləşdirilmiş qaz terminalları Rusiya qaz tranzitini əvəz edəcək yeni biznes modeli yarada bilər. O, qeyd edib ki, Ukrayna artıq müvafiq sənədlərin imzalanması təklifi ilə tərəfdaşlarına müraciət edib.

Kolesnik həmçinin "ABŞ-dakı biznes modellərinə bənzər" uzun və orta müddətli müqavilələr gözlədiyini söyləyib.

“Bu, Ukrayna və Polşaya bütün Şərqi Avropanın ehtiyacı olduğu qədər qaz saxlamağa kömək edəcək”, - o izah edib.

Kiyev və Varşava 2024-cü ilin martında qaz bazarları arasında əməkdaşlıq memorandumu imzalayıblar. Avqust ayında Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, “Qazprom”la müqavilənin müddəti başa çatdıqdan sonra Kiyev avropalı həmkarlarının tələbi ilə başqa şirkətlərdən qaz nəql edə bilər. Daha sonra onun ofisinin rəhbərinin müşaviri Mixail Podolyak izah edib ki, Ukrayna Rusiya qazından başqa istənilən qazı, məsələn, Azərbaycan və ya Qazaxıstandan tədarük etməyə hazırdır.

Dekabrın 17-də Aİ-nin aparıcı qaz şirkətləri - Macarıstan, Slovakiya, Avstriya və İtaliya - "Qazprom"la müqavilənin başa çatmasının "qaz tədarükünü çətinləşdirə" və "Avropa istehlakçıları üçün qiymətlərin bahalaşmasına səbəb ola biləcəyini" bildiriblər. Onlar Avropa Komissiyasının prezidentinə Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı sazişin müddətinin uzadılmasına cəhd etmək xahişi ilə müraciət ediblər.

Rusiya müqaviləni uzatmağa hazır olduğunu bəyan edib, lakin Ukrayna “Qazprom”la əməkdaşlığı davam etdirməkdən imtina edir. Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə Avropa ölkələri 2027-ci ilə qədər Rusiya qazının tamamilə dayandırılması kursunu müəyyənləşdirib.

“AzPolitika.info”

Chosen
14
azpolitika.info

1Sources