EN

AAYDA qış fəsli ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qış fəsli ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.

İnterpress.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Bakıda Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.

Qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Agentliyin yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atdığı addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələrinin hərəkətində problemlər yarana bilər.

Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu üzdən sürücülərin də qış fəslinə hazır olmaları və idarə etdikləri nəqliyyat vasitələrini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur.

Vətəndaşlar avtomobil yollarında yarana biləcək hər-hansı problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər.

Chosen
15
16
interpress.az

10Sources