EN

Bakının məşhur bazarı bağlanır: Yol çəkilir, tıxac azalacaq - Satıcılar narazı, nümayəndəlik isə.../Reportaj

Bakının Nərimanov rayonu ərazisindəki Keşlə bazarı söküləcək. Artıq bununla bağlı bazarda məhsul satan sahibkarlara və satıcılara xəbərdarlıq edilib. Onlar isə bazarın sökülməsindən narazıdırlar.

Teleqraf.com-un əməkdaşı bazara baş çəkib, vəziyyəti yerində araşdırıb, satıcılarla söhbətləşib.

Söküntü işləri başlamasa da, bazarda satıcıların narahatlığını hiss olunurdu. Hara gedəcəklərini, nə işlə məşğul olacaqlarını müzakirə edirdilər.

Uzun illərdir Keşlə bazarında satıcılıq edən Bəsti Ağayeva deyir ki, dünən onlara gələn ilin yanvarından bazarın bağlanacağı deyilib:

“Bəs, burada çörəkpulu qazananlar nə yeyib içəcək, düşünmürlər? Heç olmasa, 3 ay öncə məlumat verməliydilər ki, gedin, özünüzə gün ağlayın. Mən özüm kasıb adamam, toyuq satıram. Bundan sonra hara gedim? Qazanc yerim buradır. Başqa çörək qazanacağım yer yoxdur. Deyirlər, mallarınızı yığışdırın, bura sökülür.

Bizə xəbər qəfil verildi. Halbuki çox əvvəldən deyilməliydi ki, malınızın üstünə mal almayın, olan mallarınızı satın. Vaxtı da demirlər ki, söküntü nə vaxt başlayacaq. Günə 10 manat vergi veririk. Bizə təzminat ödənilsin. Bir yer, bir iş tapana kimi onunla dolanaq. Bu bazarın sökülməsindən hökumətin xəbəri yoxdur.

Bazardakı satıcılar üçün başqa satış yeri təşkil edilsin. Ancaq deyirlər ki, çıxmalısınız, bazarın qapısını ayın 1-dın bağlanacaq".

Satıcı Daşın Qədimov da deyir ki, onlara vaxt verilməlidi: “Belə olmaz. Bazarın söküləcəyini eşitmişdik. Hərəmizin bir problemimiz var. Mənim 22 min borcum var, 80-90 min borc götürənlər nə edəcək? Bizə mart ayına kimi bizə möhlət verilsin".

Başqa bir yaşlı satıcı isə nəvələrini bu bazardan çıxardığı qazancla saxladığını deyir: “62 yaşındayam, 4 övladım var. Ailə başçısını itirmişəm. 30 ildən çoxdur bu bazardayam. Necə dolanım, heç yerdə iş yoxdur. Nisyə ilə işləyirik, icazə versinlər nisyə götürdüyümüzü sataq".

Baş verənlərə bazar nümayəndəsi Emin Cabbarovun da münasibətini öyrəndik. Satıcılar kimi bazarın sökülməsindən o da narahat olduqlarını söylədi:

“Bu layihə çoxdan nəzərdə tutulurdu. Artıq bu ilin may ayından bu barədə danışılırdı. Bazarda işləyən yoldaşlara da deyilmiş, xəbərdarlıq olunmuşdu. Ancaq konkret tarixi məlum deyildi. Çünki biz özümüz də bilmirdik. İndi məsələ dəqiqləşib, bazarda söküntü başlayacaq. Bu da bir tədbirdir, hökumətin layihəsidir. Buna görə də məcburuq, bazarı boşaldıb şərait yaradaq ki, yol çəkilsin.

Müddətlə bağlı xahişimizi etmişik. Vaxtın uzadılması yönündə nə bacarırıqsa, edəcəyik. Yerləşdirmə məsələsinə gəlincə, özəl təşkilatlardır, heç kimi heç hara məcbur etmək olmaz. Özləri gedib, satış üçün yer tapacaqlar. Satıcılara yer təklif olunur, dəvət edilənlər var. Biz sadəcə bazar nümayəndiliyi olaraq söküntünün başlama müddətinin uzadılmasını istəyirik”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında görə, bazar rəhbərliyinə hələ aprel ayından bu barədə xəbərdarlıq nəzərə çatdırıb: "Tərəfimizdən tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb, tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu barədə həm yaşayış, həm də qeyri-yaşayış obyektlərinin sahiblərinə məlumatlar verilib. O cümlədən Keşlə bazarının sahibinə aprel ayından etibarən bir neçə dəfə məlumatlar verilib, xəbərdarlıq olunub ki, bazarın söküntüsü işləri həyata keçirilməklə yeni yolun inşası işləri aparılmalıdır və bu üzdən bazar boşaldılmalıdır. Qısa müddətdə bu işləri həyata keçirilməsi ilə bağlı sonuncu xəbərdarlıq da edilib”.

Bildirilib ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib:

“Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi planlaşdırılır. Həmin layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metrostansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq.

Qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metrostansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metrostansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək”.


Müəllif: Şəbnəm Zahir
Chosen
7
teleqraf.com

1Sources