EN

Media savadlılığı cəmiyyət üçün çox vacib bir maarifçilik prosesidir - ÖZƏL

"Media savadlılığı ilk növbədə   cəmiyyət, dövlət və bütün vətəndaşlar üçün çox vacib olan bir maarifçilik prosesidir, maariflənmə prosesidir".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Media savadlılığının nə qədər vacib olduğunu göstərmək üçün ritorik olaraq bunun əksinə olan sualı da qoymaq olar ki, media savadlılığı niyə də olmasın? Ümumiyyətlə, hər hansı bir nöqteyi nəzərdən cəmiyyətin savadlı olması bu cəmiyyətin inkişafı üçün olduqca labüddür. Məsələn, cəmiyyət hüquqi cəhətdən niyə də savadlı olmasın və təbii ki, hüquqi cəhətdən savadlı cəmiyyətin hüquqi cəhətdən savadsız cəmiyyətlərlə müqayisədə çox böyük problemlər yaşadığının şahidi oluruq. Cəmiyyət hüquqi cəhətdən nə qədər savadlı olursa, insanlar dövlətlə, digər insanlarla münasibətləri bir o qədər savadlı və şaxəli şəkildə qura bilirlər. Eynilə də bütün sahələrdə savadlılıq səviyyəsi gərəkli bir amil olduğu kimi, media sahəsində də savadlılıq olduqca çoxşaxəli bir prosesdir. Həm medianın, həm media mənsublarının savadlı olması, həm də cəmiyyətin media savadlılıq səviyyəsinin yüksək olması olduqca vacib məsələlərdir. Çünki bu ölkə üçün çox vacib olan informasiya təhlükəsizliyinin lazımi qaydada tənzimlənməsi də önəmli rol oynayır. 
Media savadlılığı olmayan cəmiyyətdə informasiya təhlükəsizliyini yüksək səviyyədə tənzimləmək və aparmaq olmaz. Çünki informasiya təhlükəsizliyi hər şeydən əvvəl cəmiyyətin və dövlətin mənafelərinə uyğun informasiyaların hazırlanması deməkdir. Bununla yanaşı, cəmiyyəti və dövləti, milli dövlət mənafelərini təhlükəli informasiyalardan qorumaq bacarığı deməkdir və eyni zamanda həm cəmiyyətin, həm də media mənsublarının media maarifçiliyi sahəsində böyük, yüksək savad səviyyəsinə malik olmasını tələb edir. Ona görə ki, media savadlılığına malik olmayan cəmiyyətlər cəmiyyətin qarşısında, dövlətin qarşısında dayanan vəzifələrin tam mənzərəsini təsəvvür edə bilməz ki, bu da sonda müəyyən fəsadlara gətirib çıxarır. Ona görə də cəmiyyət üçün, media üçün və media və media nümayəndələri üçün savadlılıq anlayışının olduqca böyük əhəmiyyəti var. Bu, ölkənin informasiya təhlükəsizliyi probleminin tərkib hissəsidir, milli təhlükəsizliyin tərkib hissəsidir. Çünki media savadlılığı nə qədər dərin və şaxəli olursa, bu o deməkdir ki, dövlətin və millətin təhlükəsizliyi keşiyində dayanan təkcə silahlı qüvvələr, ordu deyil, eyni zamanda medianın özüdür və informasiya ilə davranış mədəniyyətinə lazımi qaydada yiyələnmiş cəmiyyətdir. İnformasiya təhlükəsizliyinin roluna lazımi qaydada bələd olan cəmiyyətlər o deməkdir ki, onlar media savadlılığını da artıq müəyyən səviyyəsinə malikdirlər. Bu mənada, media savadlılığı daimi bir proses kimi nəzərdən keçirilməlidir. Bütün il boyu heç nədən asılı olmayaraq media savadlılığının cəmiyyətə aşılanması, media maarifçiliyinin dərinləşdirilməsi cəmiyyət və dövlət qarşısında, eləcə də media orqanları qarşısında dayanan önəmli bir vəzifə kimi nəzərdə tutulmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources