EN

Kvaratsxeliya, De Bruyne və Son Hın Min klubunu dəyişə bilər

Premyer-liqada çıxış edən klublarla bağlı son günlərdə bəzi maraqlı transfer xəbərləri yayılıb. “Napoli”nin vingeri Xviça Kvaratsxeliya karyerasını İngiltərə davam etdirə bilər. 23 yaşlı gürcünün xidmətində “Mançester Siti” maraqlıdı. “Barselona” ilə “Real” da gözünü ona dikib.

Kvaratsxeliya 2022-nin iyulundan “Napoli”nin şərəfini qoruyur. Cari mövsümdə keçirdiyi 16 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Neapol klubu ilə müqaviləsinin müddəti 2027-nin iyununa qədərdi.

MS-nin yarımmüdafiəçisi Kevin de Bruyne isə karyerasını "City Football Group"un klublarından birində davam etdirə bilər. Mançester təmsilçisinin rəhbərliyi belçikalı ulduza holdinqə daxil olan klublardan biri ilə müqavilə təklif etməyə hazırdı. Holdinqə "Mançester Siti" ilə yanaşı, "Melburn Siti" (Avstraliya), "Nyu-York Siti" (ABŞ), "Mumbai Siti" (Hindistan), "Montevideo" (Uruqvay), "Trua" (Fransa), "Lommel" (Belçika), "Palermo" (İtaliya), "Bayya" (Braziliya) və "Bolivar" (Boliviya) kimi klublar daxildi. Həmçinin holdinqin "Jirona" (İspaniya), "Şenjen Pen Siti" (Çin) və "Yokohama F. Marinos"da (Yaponiya) da payı var.
33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcək.

Cari mövsümü zəif keçirən "Mançester Yunayted" "Tottenhem"in hücumçusu Son Hın Mini transfer etmək istəyir. "Qırmızı şeytanlar" cari mövsümün sonunda müqaviləsinin müddəti bitəcək koreyalı oyunçunu azad agent kimi sıralarına cəlb etməyi panlaşdırır.

Qeyd edək ki, 2015-ci ildən bəri "Tottenhem"in şərəfini qoruyan Son Hın Mini cari mövsümdə 14 oyunda 4 qol vurub.

1Sources