EN

Balıqçılıq və Akvakultura Mərkəzi yaradılır - FƏRMAN

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs yaradılır.

"Marja" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycanda balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanda və sərəncamlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Mərkəz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

Mərkəzin nizamnamə fondu 1 milyon manat təşkil edəcək və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.

Nazirlər Kabineti mərkəzin formalaşdırılması və fəaliyyəti ilə bağlı üç ay ərzində təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.

XXX

Azərbaycan Respublikasında balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, o cümlədən məhsuldarlığın yüksəldilməsi, bu sahədə idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” (bundan sonra – Mərkəz) publik hüquqi şəxs yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

2.2. Mərkəzin nizamnamə fondu 1.000.000,0 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onun dəyişdirilməsi;

3.1.2. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

4.1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, balıqçılığın kənd təsərrüfatı məhsullarının istehsalı və emalına aid edilməsi, habelə bu sahədə dövlət dəstəyi mexanizmlərinin tətbiqi;

4.1.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında, akvakultura təsərrüfatlarının qurulması üçün uyğun torpaq sahələri və su obyektləri, habelə balıqçılıq sahəsində normativ hüquqi aktların, o cümlədən akvakultura təsərrüfatlarının uçotu və fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi;

4.1.3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq sahəsində funksiyalarının həyata keçirilməsi üçün maddi-texniki təminat məsələlərinin həll edilməsi, digər dövlət orqanlarının (qurumlarının) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bu Fərmanın 2.1-ci bəndində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin əmlakın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansına verilməsi;

4.2. bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün;

4.3. vahid büdcə təsnifatı üzrə balıqçılığın (o cümlədən balıq ovunun) kənd təsərrüfatı bölməsinə daxil edilməsi, habelə dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət büdcəsinin xərc istiqamətləri üzrə balıqçılıq (o cümlədən balıq ovu) ilə bağlı müəyyən edilmiş vəsaitin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılması ilə əlaqədar tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

5.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

5.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra akvakultura təsərrüfatlarının, habelə balıq və digər su bioresurslarının ovu ilə məşğul olan balıqçılıq subyektlərinin “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatının aparılması, sahə üzrə sahibkarların məlumatlandırılması, habelə “balıqçılıq” altsisteminin formalaşdırılması ilə bağlı tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

6.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə, bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, təsərrüfatların uçotunun aparılması məqsədilə, ölkədə faktiki fəaliyyət göstərən və uçotda olmayan akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndirilməklə monitorinqlərinin aparılması ilə bağlı tədbirlər görsün;

6.2. Mərkəz dövlət qeydiyyatına alındığı günədək bu Fərmanın 2.1-ci bəndindən irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirsin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. bu Fərmanın 2.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxsin fəaliyyətinin təşkili üçün zəruri maliyyələşməni təmin etsin və hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun;

7.2. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini təmin etsin.

8. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 169 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.12-ci bənddə “Səhiyyə Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, balıq və digər su bioresurslarının ovuna münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin;

8.2. 2.17-ci bənddə “Ekologiya və Təbii Sərvətlər” sözləri “Kənd Təsərrüfatı” sözləri ilə əvəz edilsin.

9. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 383 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.3-cü bənddən “, 28-ci maddəsinin birinci hissəsində” sözləri çıxarılsın və həmin bənddə “Ekologiya və Təbii Sərvətlər” sözləri “Kənd Təsərrüfatı” sözləri ilə əvəz edilsin;

9.2. 2.4–2.6-cı bəndlərdə “Ekologiya və Təbii Sərvətlər” sözləri “Kənd Təsərrüfatı” sözləri ilə əvəz edilsin;

9.3. aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:

“2.6-1. həmin Qanunun 28-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;”.

10. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 342 (Cild I) 2.2-1-ci bəndində hər iki halda “Xüsusi Dövlət Mühafizə” sözləri “Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz olunsun və həmin bəndə “Xidməti” sözündən sonra “, balıq və digər su bioresurslarının ovuna münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri əlavə edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

11.1. 2-ci hissəyə, 10.1-ci, 10.4-cü və 11.1-ci bəndlərə “məhsullarının” sözündən sonra “, o cümlədən akvakultura obyektlərinin” sözləri əlavə edilsin;

11.2. aşağıdakı məzmunda 11.33-2 – 11.33-22-ci bəndlər əlavə edilsin:

“11.33-2. şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etmək;

11.33-3. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejimini müəyyən etmək, balıqçılıq subyektlərinin uçotunu aparmaq;

11.33-4. ölkənin daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində suyun bioloji sərvətlərinin istismarı həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək;

11.33-5. balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura (o cümlədən dəniz akvakulturası (marikultura) əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görmək;

11.33-6. ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla müəyyən etmək;

11.33-7. dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi məqsədilə akvakultura subyektləri ilə müqavilələr bağlamaq, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi, kadastrı və meliorasiyası işlərini həyata keçirmək;

11.33-8. nərə cinsli balıqların və digər qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər görmək;

11.33-9. akvakultura təsərrüfatı subyektləri üçün bioloji vətexnoloji əsaslandırmanı qeydiyyata almaq və şəhadətnamə vermək;

11.33-10. balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması, istifadəsi üzrə texniki normativ hüquqi aktlar qəbul etmək, törədici balıqların və onların sürülərinin uçotunu aparmaq;

11.33-11. balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və iqlimləşdirilmə obyektlərinin daşınmasına nəzarət etmək;

11.33-12. balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan nərə cinsli, keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamaq;

11.33-13. daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamaq;

11.33-14. balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparmaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktını tərtib etmək;

11.33-15. Azərbaycan Respublikasının su obyektlərində balıqçılığa aid qanunvericiliyə uyğun olaraq, Xəzəryanı dövlətlər arasında bağlanılmış beynəlxalq müqavilələr və digər beynəlxalq hüquq normaları əsasında xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə, balıq və digər su bioresurslarından istifadə hüququ verilməsini təmin etmək;

11.33-16. balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə vətəgə sahələrinin, idman və həvəskar ov üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılmasına dair tədbirlər görmək;

11.33-17. Azərbaycan Respublikasının daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində suyun bioloji sərvətlərinin istismarının həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək, o cümlədən, onların ovu və artırılması ilə bağlı işləri tənzimləməklə, süni yolla çoxaldılmasını həyata keçirmək;

11.33-18. hər il növbəti təqvim ili üçün balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotasının), balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü müəyyənləşdirmək;

11.33-19. təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılmasına nəzarət etmək;

11.33-20. Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin nəzərə alınmasına, Xəzər dənizinə (gölünə) iqlimləşdirilmə məqsədilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılmasına nəzarət etmək;

11.33-21. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejim və xüsusi mühafizə olunan su sahələri (akvatoriyalar) müəyyən etmək;

11.33-22. kökünün kəsilmə təhlükəsi olan balıq və digər su bioresurslarının beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) vermək;”.

12. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

12.1. 5.11-ci bəndə “292” rəqəmlərindən sonra “(balıq və su bioresursları istisna olmaqla)” sözləri əlavə edilsin;

12.2. 5.15-ci bəndə “340.1-ci” sözlərindən əvvəl “292 (balıq və su bioresurslarına münasibətdə),” sözləri əlavə edilsin;

12.3. 5.23-cü bənddə “Ekologiya və Təbii Sərvətlər” sözləri “Kənd Təsərrüfatı” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1058 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 228 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

13.1. 2.1.4-cü yarımbənd və 3.4-cü bənd ləğv edilsin;

13.2. 3.1-ci (hər iki halda), 3.2-ci, 4.1-ci və 4.2-ci bəndlərdə “Ekologiya və Təbii Sərvətlər” sözləri “Kənd Təsərrüfatı” sözləri ilə əvəz edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); 2024, № 6 (I kitab), maddələr 654, 679, № 8, maddə 937) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

14.1. aşağıdakı məzmunda 3.1.3-4-cü və 3.2.3-4-cü yarımbəndlər əlavə edilsin:

“3.1.3-4. “balıqçılıq” altsistemi;”;

“3.2.3-4. “balıqçılıq” altsistemi vasitəsilə akvakultura ilə məşğul olmaq üçün hazırlanmış bioloji və texnoloji əsaslandırmanın ilkin və təkrar qeydiyyata alınması, müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi, akvakultura obyektlərinin və subyektlərinin uçotu, habelə dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası barədə müqavilələr bağlanılması, kvota ayrılması, həmin təsərrüfatların yerləşdiyi torpaq sahələrinin və balıqovlama biletinin verilməsi barədə müraciətlərin qeydiyyatı, balıqovlama biletinin verilməsi, balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olmaq üçün vətəgə sahələrinin ayrılması barədə müqavilələr bağlanılması, balıq və digər su bioresurslarının ovu ilə məşğul olan balıqçılıq subyektlərinin uçotu;”;

14.2. 5.1.31-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.32-ci yarımbənd əlavə edilsin:

“5.1.32. akvakulturanın həyata keçirilməsi üçün müvafiq qeydiyyat şəhadətnaməsinin verilməsi barədə müraciətlər və həmin müraciətlərə baxılma üzrə sənədlər, o cümlədən bioloji və texnoloji əsaslandırma, bioloji və texnoloji əsaslandırmanı təqdim edən akvakultura subyektinin VÖEN məlumatları, adı (fiziki şəxslərə münasibətdə soyadı, adı, atasının adı), ünvanı (hüquqi ünvanı), telefon və elektron poçt ünvanı, akvakultura təsərrüfatının yerləşdiyi torpaq sahəsi, balıqçılıq su obyektinin yeri (yaşayış məntəqəsindən məsafə qeyd olunmaqla), balıqçılıq su obyektinin xəritə sxemi, habelə dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası haqqında müqavilələr barədə məlumatlar, balıqovlama biletinin verilməsi və kvota ayrılması barədə müraciətlər və həmin müraciətlərə baxılma üzrə sənədlər, habelə vətəgə sahələrinin ayrılması barədə müqavilələr barədə məlumatlar.”;

14.3. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 20-ci abzas əlavə edilsin:

“20. akvakultura ilə məşğul olmaq üçün hazırlanmış bioloji və texnoloji əsaslandırmanı elektron qaydada təqdim etmək, habelə akvakulturanın istiqaməti dəyişdirildikdə, təsərrüfat yenidən qurulduqda və ya genişləndirildikdə bioloji və texnoloji əsaslandırmada müvafiq dəyişiklik etmək, balıqovlama biletinin verilməsi, kvota ayrılması, habelə vətəgə sahələrinin ayrılması barədə müraciət etmək;”.

15. “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 8, maddə 944) aşağıdakı dəyişikliklər edilsin:

15.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” üzrə:

15.1.1. 1.1-ci bənddə “(o cümlədən balıq və digər su bioloji resursları)” sözləri “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

15.1.2. 3.0.36-cı yarımbənd ləğv edilsin;

15.1.3. 3.0.64-cü yarımbənddə “(o cümlədən balıq və digər su bioresurslarının)” sözləri “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

15.1.4. 3.0.74 – 3.0.80-ci yarımbəndlər ləğv edilsin;

15.1.5. 5.16-cı bənddən “, balıq ovunun tənzimlənməsinə” sözləri çıxarılsın;

15.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti haqqında Əsasnamə” üzrə:

15.2.1. 1.1-ci bənddə “(o cümlədən balıq və digər su bioloji resursları)” sözləri “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

15.2.2. 3.0.25-ci yarımbənd ləğv edilsin;

15.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnamə” üzrə:

15.3.1. 2.0.4-cü yarımbənddə “, o cümlədən balıq və digər su bioresurslarının bərpası, artırılması (o cümlədən süni yolla),” sözləri “və” sözü ilə əvəz edilsin;

15.3.2. 3.0.4-cü yarımbənddən “(o cümlədən süni yolla)” sözləri çıxarılsın və həmin bənddə “(o cümlədən balıq və digər su bioresurslarının)” sözləri “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

15.3.3. 3.0.14-cü yarımbənddə “(o cümlədən balıq və digər su bioresurslarının)” sözləri “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

15.3.4. 3.0.19-cu, 3.0.43 – 3.0.64-cü yarımbəndlər ləğv edilsin;

15.3.5. 3.0.66-cı yarımbəndə “fauna” sözündən sonra “(balıq və digər su bioresursları istisna olmaqla)” sözləri əlavə edilsin.

16. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1226 (Cild 1) 5-ci hissəsində “85” rəqəmləri “95” rəqəmləri ilə ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 7-ci hissəsinin “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nın 5.1.3-cü yarımbəndinin 6-ci abzasının “Əsas icraçı orqan (qurum)” sütununda “ETSN” akronimi “KTN” akronimi ilə və “Digər icraçılar” sütununda “KTN” akronimi “ETSN” akronimi ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2024-cü il

Balıqçılıq və Akvakultura Mərkəzi
Chosen
40
marja.az

1Sources