EN

Soyuq və küləkli havada hansı hallarda İŞİN DAYANDIRILMASI qərarı verilə bilər?

Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və mütəxəssislərin bu qışın son 30-40 ilin ən soyuq qışı olacağı ilə bağlı xəbərdarlıqları narahatlıq yaradıb.

SeherXeber.org xəbər verir ki, havaların bu cür dəyişəcəyi təqdirdə iş rejiminin necə tənzimlənəcəyi məsələsi sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Bəs Əmək Məcəlləsinə əsasən soyuq havada hansı hallarda işin dayandırılması barədə qərar verilə bilər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı Oxu.Az-a açıqlamasında bildirib ki, havanın temperaturu -10 dərəcə Selsidən aşağı olduqda iş dayandırılmalıdır.

O qeyd edib ki, Əmək Məcəlləsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara müəyyən şərait yaradılmalıdır:

"İlin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan binalarda işləyərkən onlara fasilələr verilir və ya iş dayandırılır.

Havanın temperaturu -10 dərəcə Selsidən aşağı olduqda iş dayandırılmalıdır. İşin dayandırılması mümkün olmadıqda isə növbələr təyin olunmalıdır.

Əmək Məcəlləsinin II Əlavəsinə əsasən, küləyin gücü altı bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü iki baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, üç baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, altı baldan artıq olduqda taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır".

A.Osmanqızı bildirib ki, dənizdə işləyərkən küləyin gücü üç baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, dörd baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

"Dənizdə işləyərkən küləyin gücü beş baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

Küləyin gücü altı baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, səkkiz baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.

Əgər küləyin gücü on baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa, buruqda bütün işlərin dayandırılması təmin edilməlidir", - deyə A.Osmanqızı vurğulayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmisi onu da diqqətə çatdırıb ki, işlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əməkhaqqı işçilərin tarif maaşına görə ödənilməlidir.

"İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbəbindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir".

Chosen
0
3
seherxeber.org

4Sources