ABŞ, Fransa və Almaniyadan olan alimlər müəyyən ediblər ki, Ay təqribən 4,53 milyard il əvvəl - düşünüldüyündən yüz milyonlarla il daha erkən yaranmış ola bilər.
hakimiyyet.az-ın xəbərinə görə, bu barədə "Nature" jurnalında material dərc olunub.
Ay gənc Yerin nəhəng kosmik cisimlə toqquşması nəticəsində yaranıb ki, bu cismin ölçüsü Marsla müqayisə edilə bilər. Bu toqquşma zamanı planetimizin maddəsinin bir hissəsi kosmik fəzaya atılıb və orada zaman keçdikcə peyk yaranıb.
Uzun müddət hesab edilirdi ki, Ay doğulduqdan dərhal sonra qlobal maqma okeanı ilə örtülüb və daha sonra bərkiyərək Ay səthini əmələ gətirib. Son vaxtlara qədər Ayın yaşı bu okeanda əmələ gələn Ay süxurları əsasında müəyyən edilirdi və təxminən 4,35 milyard il təşkil edirdi.
Lakin Ayda kəşf edilən yeni mineralların təhlili bu mənzərəni xeyli dəyişib. Ayın yaşının müəyyən edilməsi üçün alimlər sirkondan - tərkibində uran olan mineraldan istifadə ediblər. Bu element tədricən məlum sürətlə qurğuşuna çevrilir ki, bu da tədqiqat zamanı nümunənin yaşını dəqiq təyin etməyə imkan verir. Məlum olub ki, Ay sirkonlarının yaşı 4,46 - 4,51 milyard ilə çatır ki, bu da peykin doğulmasından dərhal sonra qlobal maqma okeanının mənşəyi haqqında fərziyyə ilə uyğun gəlmir. Alimlər belə qənaətə gəliblər ki, Ay daha əvvəl əmələ gəlib, təxminən 4,35 milyard il əvvəl isə onun səthində qlobal ərimə prosesi baş verib.
Yeni hesablamaya əsasən, Ayın yaşı 4,43-4,53 milyard il arasındadır. Bu o deməkdir ki, o yaşı 4,54 milyard il hesab edilən planetimizlə demək olar, eyni vaxtda formalaşıb.
Bu məlumatlar bir sıra sirləri izah etməyə kömək edir. Məsələn, niyə Ayda gözləniləndən daha az böyük toqquşma kraterləri var: ərimə erkən toqquşmaların izlərini silmiş ola bilər. Bundan əlavə, bu, Yerlə müqayisədə Ayda metalların daha az konsentrasiyasını da izah edir - onlar təkrar ərimə zamanı dərinliklərə getmiş ola bilərlər.