EN

Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Bundan sonra təşkilat D9 adlanacaq. Təşkilat heç bir beynəlxalq qurumlara alternativ və ya düşmən deyil, adından da göründüyü kimi iqtisadi əməkdaşlığa üstünlük verir.
1996-cı il oktyabrın 22-də "İnkişafda əməkdaşlıq konfransı"ndan onun qurulmasına hazırlıq işləri görülməyə başlayıb. 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının zirvə toplantısında D8-in qurulduğu rəsmən elan olunub. Sammitdə təşkilatın qurulması ilə bağlı İstanbul qətnaməsi qəbul edilib.
Birliyin bayrağındakı altı ulduz onun əsas prinsiplərini simvollaşdırır:
- müharibə deyil, sülh, münaqişə deyil, dialoq;
- ikili standartlar deyil, ədalət;
- üstünlük deyil, bərabərlik;
- müstəmləkə deyil, ədalətli düzən;
- zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya.
Təşkilata üzv dövlətlər bunlardır: Azərbaycan, Banqladeş, Türkiyə, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan.
D9 çərçivəsində əməkdaşlıq aşağıdakı sektorlar əsasında həyata keçirilir: regionların, kənd təsərrüfatı və balıqçılığın inkişafı, yoxsulluğa qarşı mübarizə və insan resursları, elm və texnologiya, maliyyə, bankçılıq və özəlləşdirmə, ticarət, energetika, sənaye, sağlamlıq və ətraf mühit.
Birliyin məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etməkdir.
D9 regional deyil, qlobal mahiyyətli təşkilatdır. O, qrupun məqsədlərini, prinsiplərini qəbul edən və ümumi əlaqələri paylaşan inkişaf etməkdə olan başqa ölkələr üçün də açıqdır. Təşkilat regional və beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərinə heç bir mənfi təsir göstərməyən bir forumdur.
Üzv ölkələr arasında iqtisadiyyat ən çox sənayeləşmiş (inkişaf etmiş) Türkiyədir. Onun ardınca İndoneziya, İran, Misir, Pakistan, Malayziya, Nigeriya və Banqladeş gəlir.
Avropa, Asiya və Afrikanı, üç qitəni əhatə edən səkkiz ölkənin (Azərbaycan daxil olanadək) ümumdaxili milli məhsulun həcmi hazırda 4.5 trilyon dolları ötüb. Təşkilata üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dollardır. Qurum dünya müsəlmanlarının 60 faizini (dünyada onların sayı təxminən 1.2 milyard nəfərdir) təşkil edir.
D8 (Azərbaycan üzv olana qədər) indiyədək 11 zirvə toplantısı keçirib. Təşkilat qurulanda üzv ölkələrin adambaşına düşən gəliri 872 dollar idisə hazırda 1500 dollar civarındadır, ixracat 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxalat 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.
Təşkilat qütblərə bölünən, çəkişmələrdən bezən, iddialı, hikkəli rejimlərin, güclərin təzyiqindən, təsirindən xilas olmaq üçün bir alternativdir. O bu kimi hallardan xilas olmaq istəyən dövlətləri əməkdaşlığa dəvət edir. Çünki onun prinsiplərində müstəmləkəçilik, istismar və başqa kolonial əlamətlə yoxdur.
İndiki D9 iqtisadi cəhətdən inkişaf edən müsəlman ölkələrin birliyinin yaradılması ideyası Türkiyədə XX əsrin ortalarında yaranıb. 1943-ci il sentyabrın 17-dən 1978-ci il iyunun 14-dək Türkiyədə "Böyük Doğu" ("Böyük Şərq") adlı məcmuə, dərgi yayımlanıb. Onun fikir atası məşhur ideoloq, şair Nəcip Fazil Kısakürək olub. Dərginin 512 sayı işıq üzü görüb. Sonralar bu ideya inkişaf edib.
Müasir dövrdə bu məsələ Türkiyənin baş naziri olmuş Nəcməddin Ərbakanın adı ilə bağlıdır. O, XX əsrin reallıqlarını nəzərə alıb, lazım olan dərslərdən nəticə çıxararaq D8-in yaranması səbəbini belə açıqlayıb: "D8-lər 20-ci əsrin və dünyanın ən mühüm hadisələrindən biridir. XX əsrin XXI əsrə ən qiymətli hədiyyəsidir".
O bu təşkilatı əvvəldən axıra qədər müharibə və qarşıdurmalarla dolu olan XX əsrin sonunda işığa açılan bir qapı adlandırmışdı: "Dünyada sülh, əmin-amanlıq və xoşbəxtliyin bərqərar olması üçün səhvləri bir an əvvəl tərk edib, doğrulara dönüb, Yeni Dünya qurmaq lazımdır".
D9 "yeni dünya" qurmaq istiqamətində atılan mütərəqqi addımlardandır. Quruma üzv ölkələrin yerləşdiyi bölgə uzun illər, əsrlərdir güclərin toqquşan maraqlarının meydanına çevrilib. Bu ziddiyyətlər regionda əməkdaşlığa, əmin-amanlığa, firavanlığa, sülhə daim əngəl olub. D9 yeni dünyanın qurulmasına dəvətlər, çağırışlar edir. 2014-cü il dekabrın 10-da BMT Təhlükəsizlik Şurasına üzvlüklə bağlı müraciət etmişdi. Hazırda təşkilatın qurumda müşahidəçi statusu var.
Azərbaycanın belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzunun artmasına nümunələrdəndir. Bu, respublikanın etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü göstərir. Azərbaycanın D8-ə qəbul edilməsi ona etimaddan irəli gəlir.
D9-a üzv olması ona yeni əməkdaşlıq kimi imkanları yaradacaq. Son zamanlar Azərbaycan neokolonializmə qarşı çıxış edən ölkələr sırasındadır. Üzv olduğu təşkilatın prinsiplərindən biri müstəmləkə deyil, ədalətli düzəndir. Bu baxımdan Azərbaycanın təşkilatın bu prinsipinə üzv olmazda əvvəl əməl edib.
Bu həm də o deməkdir ki, təşkilat üzvlük sülhə, ədalətə, əmin-amanlığa, firavanlığa, iqtisadi-ticarət əlaqələrinə, əməkdaşlığa, təhlükəsizliyə, demokratiyaya üstünlük verən yeni dünyanın qurulmasında Azərbaycan da yer və rol alacaq.
Təşkilat ona beynəlxalq aləmdə iqtisadi, sosial, siyasi proseslərə təsir etmə və bu istiqamətlərdə yaxından iştirak etmək imkanı qazandıracaq. Azərbaycan təşkilata üzv olmaqla yeni müstəmləkəçiliyə, ədalətsizliyə, ikili standartlara qarşı mübarizə aparmaq üçün D9-dan dəstək də alacaq. Bu kimi məsələlər baxımından o, beynəlxalq aləmdə yaranan bu blokun fəal üzvlərindən olması üçün potensialını göstərə bilər. Azərbaycan keçmiş SSRİ məkanında təşkilata üzv olan ilk dövlətdir. Bu quruma yeni təcrübə, baxış, yeni əlaqələr qazandıra bilər. D9-da üç qitəni təmsil edən ölkələr var. Azərbaycanda Avropa və Asiyanın birləşdiyi bölgədədir. O bu fəaliyyətini D9-da davam etdirə bilər.
Yeni təşkilata üzvlük yeni imkanlar, əlaqələr, əməkdaşlıq üçün yeni fürsətdir. Bu üstünlüklərdən qarşılıqlı faydalanacağı gözlənilir. Yeni dünyanın qurulmasında statusun mübarək, Azərbaycan!
"Report" İnformasiya Agentliyi
Chosen
26
50
oxu.az

10Sources