EN

Pakistanda Şuşa şəhərinin İslam Dünyasının Mədəniyyət Paytaxtı olması ilə əlaqədar seminar keçirilib

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan MUSLIM İnstitutu ilə birgə Pakistanın Milli Kitabxanasında qədim Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar fotosərgi və “Şuşa - 2024-cü ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı: Müsəlman Dünyasının Zəngin İrsinin Sübutu” adlı seminar keçirib.  

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səslənib və Şuşa şəhəri ilə bağlı məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub. 

Sərgi və seminarda MUSLIM İnstitutunun direktoru eyni zamanda Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əli, MUSLIM İnstitutunın müəllim-tələbə heyəti, Özbəkistanın Pakistandakı səfiri Alişer Tuxtayev, İslamabad Siyasət Araşdırma İnstitutunun prezidenti, səfir Dr. general-mayor Raza Məhəmməd, bu ölkənin mühüm ictimai-siyasi xadimləri, səfirlər və səfirlik əməkdaşları, bu ölkənin beyin mərkəzlərinin , KİV və QHT nümayəndələri iştirak edib. 

Öncə tədbir iştirakçıları Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi, dini abidələri, dahi şəxsiyyətləri ilə tanınan Şuşa şəhərinə dair fotosərgi ilə tanış olublar. 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.  Səfir bu qərarın ölkəmiz üçün tarixi hadisə olduğunu və  İslam aləminin Şuşanın timsalında Azərbaycan mədəniyyətinə  böyük hörmət bəslədiyini ifadə edib. Diplomat diqqətə çatdırıb ki, bu gün qədim tariximizi özündə təcəssüm etdirən Şuşa şəhəri bir çox beynəlxalq tədbirə, o cümlədən böyük mədəniyyət layihələrinə ev sahibliyi  edir. 

Səfir 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarından danışaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun erməni təcavüzünə son qoyduğunu, Qarabağın, o cümlədən Şuşanın işğaldan azad edildiyini,  ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini diqqətə çatdıran Xəzər Fərhadov hazırda həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də  “Böyük Qayıdış” proqramı barədə tədbir iştirakçılarına müfəssəl məlumat verib. 

Tədbirdə digər məruzəçilər öz çıxışlarında Şuşa şəhərinin tarixi keçmişi, ədəbiyyatı, incəsənətimizə böyük töhfələr vermiş şuşalı sənətkarların zəngin irsi, Şuşa şəhərinin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlər, İslam mədəniyyət tarixində Şuşa şəhərinin yeri barədə söhbət açıblar.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad 

 

Chosen
22
2
xalqqazeti.az

3Sources