Son illərdə “bluetooth” qulaqlıqlar gənclərin gün ərzində daim istifadə etdiyi elektronik alətlərdən birinə çevrilib.
Ölkə.Az "haber 7"yə istinadla xəbər verir ki, artıq istifadəsi geniş yayılmağa başlayan qulaqlıqlar sağlamlığımızı təhdid edir.
“Scientific Reports” jurnalında dərc edilən yeni bir araşdırma, "bluetooth" qulaqlıqlarının zərərli təsirlərindən bəhs edir. Məlumata görə, bu cihazdan uzunmüddətli gündəlik istifadə tiroid düyünlərinin inkişafına səbəb olur.
Yəni “Bluetooth” qulaqlıqlarından uzun müddət istifadə edən şəxslərin qalxanabənzər vəzində anormal böyümələrə səbəb olan düyünlərin inkişaf riski var.
Türkiyəli uşaq endokrinologiyası mütəxəssisi Prof. Dr. Atilla Büyükgebiz deyib ki, tiroid toxumasının radiasiyaya məruz qaldığı zaman reaksiya vermə ehtimalı daha yüksəkdir:
“Çernobıl faciəsindən sonra qalxanabənzər vəzin xərçəngi və otoimmün tiroid xəstəliklərində artım müşahidə olunub. Bundan əlavə, şüalanmanın təkcə qalxanabənzər vəzin sağlamlığına deyil, beyin sağlamlığına da təsir göstərə biləcəyi düşünülür. Son illərdə aparılan bəzi tədqiqatlar göstərir ki, telefonlar və “bluetooth” qulaqlıqların yaydığı radiasiya hormonlara təsir edə və hətta erkən yetkinlik kimi inkişaf dəyişikliklərinə səbəb ola bilər.
Bu, beynə yaxın olan cihazlardan yayılan radiasiyanın potensial zərərləri ilə bağlı narahatlıq yaradır”.
"Bluetooth" qulaqlıqlarının potensial zərərləri:
Eşitmə qabiliyyətinin itirilməsi: Yüksək səs səviyyəsində uzun müddət istifadə hər növ qulaqlıqda olduğu kimi eşitmə itkisinə səbəb ola bilər. "Bluetooth" qulaqlıqları da bu riskdən qorunmur.
Qulaq infeksiyaları: Xüsusilə qulaqdaxili tipli "bluetooth" qulaqlıqlar qulaq kanalında nəmin yığılmasına səbəb ola bilər ki, bu da qulaq infeksiyalarına səbəb ola biləcək bakteriyaların artmasına səbəb ola bilər.
Elektromaqnit radiasiya: "Bluetooth" cihazları aşağı səviyyədə olsa da, elektromaqnit şüalanma yayır. Uzunmüddətli məruz qalmanın sağlamlıq üçün potensial təsirləri ilə bağlı araşdırmalar hələ də davam edir. Bununla belə, aşağı səviyyəli radiasiyanın sağlamlığa ciddi ziyan vuracağına dair güclü sübutlar yoxdur.
Billurə Yunus