EN

Bu gecə böyük çillə girir: İlin ən uzun gecəsi başlayır – VİDEO

Bu gecə ilin ən uzun gecəsi – çillə axşamıdır. Dekabrın 20-dən 21-nə keçən gecə böyük çillə başlayır. Bəzi ekspertlərin dediyinə görə, dekabrın 21-də böyük çilləyə, qış fəslinə daxil olmağımızı və Novruza hazırlığın başlanğıc mərhələsi hesab etmək olar. Çillə bəzi bölgələrdə bayram olaraq qeyd edilir.

Məlumata görə, Çillə gecəsində xəmir xörəklərinin bişirilməsinə üstünlük verilir, həmin gün hədik və xəşil bişirərlər. Hətta süfrələrdə qoz halvası, yerkökü halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar olmalıdır.

Globalinfo.az-a danışan AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib ki, bəli, artıq bu gecə böyük çillə gəlir.

O, bunu kimsənin dəyişə bilməyəcəyini qeyd edib:

“Birinci böyük çillə, sonra kiçik çillə, onun ardından isə boz ay gəlir. Sıralama bu cürdür. Biz bunu dəyişə bilmərik. Çünki qədim zamanlardan böyük çillə dekabr ayının 20-dən 21-nə keçən gecə gəlir. Bu, 40 günü ifadə edir. 40 gün içərisində boz ay da tamamlanır və artıq qış öz yerini yaza verir. Bir sözlə, bu gün – 20-dən 21-nə keçən gecə Böyük çillədir”.

İ.Qəsəbovanın sözlərinə görə, böyük çillənin gəlişi bir o qədər sərt olmur:

“Lakin demək olar ki, kiçik çillə şıltaqlığını daha sərt göstərir. Boz ay isə adı qədər hər fəsildən bir gün götürdüyünə görə bozara-bozara, qızara-qızara öz vaxtını tamamlayır. Bu gecə artıq böyük çillənin giriş gecəsidir”.

Qeyd edək ki, dekabrın 20-dən 21-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsi sayılır.

Bugünlərdə sosial şəbəkələrdə Güney Azərbaycandan olan bir xanımın ifasında böyük çilləyə aid gözəl folklor nümunəsi yayılıb. Bu şeir parçası sürətlə yayılır və hər kəs tərəfindən sevilir.

Turkustan.az Globalinfo.az-a istinadən həmin videonu təqdim edir:

Chosen
10
1
turkustan.az

2Sources