EN

“Ermənilərin ən böyük cinayəti 1905-ci ildə “Cəngi soyqırımı” olub” - Qərbi Azərbaycan Xronikası

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Far.Az” xəbər verir ki, “Qafqazda ən birinci zəbt olunan yer Pəmbək mahalıdır” adlı veriliş əslən Pəmbək mahalının Hamamlı rayonunun, Qursalı kənd sakini Aydın Haqverdiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərindən, qədim yaşayış məskəni Qursalı kəndinin tarixi, 1988-ci il deportasiyası, erməni təcavüzü və zəlzələ nəticəsində baş verən faciəvi hadisələr və digər unudulmaz hadisələr barədə xatirələrini danışıb.

Onun sözlərinə görə, təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən bu məkan enliyarpaqlı meşələrlə əhatə olunmuşdu: “Kəndin zəngin tarixi keçmişi var. 1801-ci ildə Pəmbək mahalının Rusiya tərəfindən işğalından sonra yerli əhali müxtəlif istiqamətlərə köç etməyə məcbur olub. 1804-cü ildə başlayan Birinci Rus-İran müharibəsi zamanı əhalinin 60%-i, 1826-1827-ci illər İkinci Rus-İran müharibəsində isə 90%-i doğma yurdlarını tərk etməyə məcbur olub”.

A.Haqverdiyev erməni vəhşiliyinin ən dəhşətli nümunələrindən birinin 1905-ci ildə baş verən "Cəngi soyqırımı" olduğunu deyib: “Bu faciəli hadisə zamanı taxıl dalınca gedən 46 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Sonrakı illərdə də erməni təcavüzü və təzyiqləri davam etdi. 1979-cu ildə ermənilər 2 kəndlimizi güllələdilər. 1988-ci il noyabrın 29-da kəndə saqallılar hücum elədi və bu hücum bir həftə davam elədi. Bir həftə kənd özünü bir təhər müdafiə edirdi. Uzun müddət müdafiə eləmək qeyri-mümkün idi. Nəhayət, 1988-ci ilin noyabrında başlayan erməni təcavüzü və dekabrın 7-də baş verən Spitak zəlzələsi nəticəsində kənd sakinləri son dəfə deportasiya olundular. Zəlzələ zamanı 16 nəfər həyatını itirsə də, bu təbii fəlakət əhalinin erməni qətliamından xilas olmasına səbəb oldu. Ondan sonra camaatın bir hissəsini vertolyotla çıxardılar, Qazağa gətirdilər. Bir hissəsi isə eşalonla çıxdı, Qazaxdan maşın karvanı göndərildi. Dekabrın axırına qədər bizim camaatı oradan güc bala ilə çıxardılar. Atam, əmim və qardaşımın ailəsi, qohumlar Qazağın Musaköy kəndinə, bir hissəsi Qəbələdə pansiyonatda yerləşdi, bir hissəsi də qohumlarla bərəbər evlərə dağılışdılar”.

Qursalı sakini Vətənə qayıdış ümidlərinin hələ itmədiyini vurğulayıb: “O torpaqlardan danışmaq bizim üçün çox çətindir, çox ağrılıdı. Çünki bütün uşaqlığımız, gəncliyimiz orada keçib. Bütün xatirələrimiz o torpaqla bağlıdır. O günləri heç cür unutmaq olmaz. Biz ora qayıtmalıyıq. Bu, bizim qarşımıza qoyduğumuz tarixi borcumuzdur. Elə köçlər çox olubdur. Tarixi ədələt öz yerini tutacaq və biz öz doğma torpaqlarımıza qayıdacağıq. Biz qayıdacıq ki, öz nəslimizi orada davam elətdirək. Bizim oradakı olan izlərimiz itməsin, silinməsin. Bizim tarixi köklərimiz o torpaqla bağlıdır”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 20-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Chosen
22
19
far.az

10Sources