EN

Nuri Hümbətova: "Artıq heç kim bizə məcburi köçkün deyə bilməz"

"Şuşanı işğaldan öncə görməmişəm, amma ailəm doğma yurdumuz haqqında o qədər sevgi və məhəbbətlə danışıb ki, sanki illərlə mən orada yaşamışam, böyüyüb boya-başa çatmışam. Şuşa mənim üçün çox doğmadır, sanki doğma anama qovuşuram bu gün".

Bunu hakimiyyet.az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Nuri Hümbətova deyib.

O bildirib ki, ən böyük arzusu sülh və əmin-amanlıq şəraitində öz doğma torpağında yaşamaqdır:

"Mən Şuşanı görməmişəm. Amma ailəm o qədər sevgi ilə Şuşanı mənə anladıb ki, mənim üçün ora sanki müqəddəs bir şəhərdir. Hamı kimi biz də sevincliyik. 30 illik məcburi köçkün həyatımızın son gününü yaşayırıq. Artıq heç kim bizə məcburi köçkün deyə bilməz. Biz öz doğma yurdumuzda əbədi və sülh, əmin-amanlıq şəraitində yaşayacağıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 49 ailə (191 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Rövşən Əsədov

Chosen
50
hakimiyyet.az

1Sources