EN

Daha bir klubumuz "Qarabağ"a qoşuldu - Bəs digərləri nə düşünür?

"Sabah” ötən həftə Şüvəlanda yerləşən yeni bazaya köçdü.

Əvvəllər “AZAL Arena” adlanmış stadion artıq “Sabah” Futbol Mərkəzi adı ilə fəaliyyət göstərəcək.

“Sabah” bazaya köçməzdən öncə futbol mərkəzinin binasında əsaslı yenidənqurma işləri həyata keçirib, stadionun süni olan ot örtüyünü təbii örtüklə əvəzləyib.

Qərara görə "Sabah"a təbrik və təşəkkür düşür.

Təbrik ona görə ki, peşəkar klub üçün məskunlaşma çox önəmli faktordu. "Qarabağ", "Neftçi" və "Şamaxı"nın ardınca "tələblər"in də eyni yolu getməsi peşəkarlıq baxımından alqışalayiqdir. Buna görə Masazır təmsilçisini təbrik etmək olar. Ümid edək ki, bu məqam böyümək yolunda ciddi təkan olacaq.

Şüvəlanda yerləşən arenanın xidmətindən sonuncu dəfə AZAL klubu istifadə etmişdi. Adıçəkilən komandanın 2017-ci ildə dağılmasından sonra idman qurğusundan istifadə edən yox idi. Baxımsızlıqdan məhv olan arenaya sonda "Sabah" sahib çıxdı. Klub buna görə ən azı təşəkkürü haqq edir.

Amma bir təşəkkür də "AZAL Arena"nı tikənlərə düşür.

Bu gün nə klub fəaliyyət göstərir, nə də həmin rəhbərlik futbol sferasında var.

Amma zamanında tikib-qurduqları meydançadan hansısa klubumuz müəyyən dəyişiklik etməklə yararlana bilir. Futbolumuz adına azsaylı sevindirici məqamlardan biridir.

Sağ əlləri bazası olmayan biçarələrin başına...

10 ildən artıqdır fəaliyyət göstərən "Zirə"nin hələ də bazası yoxdur. Yayda Konfrans Liqasının pley-offun görən "qartallar" illərdi qapılarda qalıb. Dünənə kimi BOS-a, bu gün isə məşq meydançası üçün "Qarabağ"a möhtacdır.

İkinci mövsümdür Premyer Liqaya yüksələn "Araz Naxçıvan"ın Bakıdakı günləri davam edir. Sanki Muxtar respublika təmsilçisi doğma yurdan, sevimli azarkeşlərdən uzaq olmaqdan həzz alınır.

Uzun müddətdən sonra ardıcıl üçüncü mövsümdür elitada mübarizə aparan "Turan Tovuz" yalnız oyundan 1 gün öncə doğma rayona yola düşür. Kürdəxanıda baza tikilir, amma Tovuzda baza üçün nəzərdə tutulan torpaq sahəsindən xəbər yoxdur.

"Kəpəz"in günü el-aləmə məlumdur.

"Sumqayıt" yaxşı stadionu, məşq meydançası olsa da, məskunlaşma ilə bağlı problem heç kimin yadına düşmür. Söhbət son 5-6 mövsümdə 3 dəfə avrokuboklarda çıxış edən klubdan gedir.

Ümid edək ki, acınacaqlı gündə olan klublarımız da qısa müddətdə həvəskar fəaliyyətə son qoyub, "Qarabağ"ın başlatdığı, "Şamaxı", "Neftçi" və "Sabah"ın davam etdirdiyi peşəkarlıq yoluna addım atacaqlar.

XANOĞLAN İMANOV

Chosen
26
sportinfo.az

1Sources