EN

Hacıqabulda "Həmrəylik Kuboku"nun qalibləri məlum olub

Hacıqabul, 21 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə “Həmrəylik Kuboku” adlı “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı, Şirvan-Salyan Regional Gənclər İdman İdarəsinin Hacıqabul rayon sektoru, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Hacıqabul rayon nümayəndəliyinin birgə təşkilatçılığı keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov həmrəylik gününün tarixindən söz açıb və məhz bu günün xalqımızı birləşdirən, milli dəyərlərimizi yaşadan böyük əhəmiyyət daşıyan bir bayram olduğunu qeyd edib. O, tədbir iştirakçılarını təbrik edərək, turnirdə yarışacaq komandalara uğurlar arzulayıb.

Şirvan-Salyan Regional Gənclər İdman İdarəsinin Hacıqabul rayon sektorunun müdiri Xalid Rəcəbli və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Hacıqabul rayon nümayəndəliyinin rəhbəri Həbib İbrahimov da qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə turnirə dəvət olunanları təbrik edib və iştirakçılara uğurlar arzulayıblar.

Turnirdə Hacıqabul rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin əməkdaşlarından ibarət 8 komanda mübarizə aparıb. Ümumilikdə üç turdan ibarət yarışda turlar arası fasilələr olub. “Həmrəylik Kuboku” turnirində birinci yeri Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil sektorunun “Təhsil” komandası, ikinci yeri Kapital Bank ASC-nin Hacıqabul filialının “Birbank Teams” komandası, üçüncü yeri isə Hacıqabul rayon İcra Hakimiyyətinin “Zəfər” komandaları qazanıb. Qaliblər diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Chosen
31
1
azertag.az

10Sources