EN

Bakı ilə bağlı QORXUNC TENDENSİYA


Son illər ərzində paytaxt Bakıda bir sıra bazarların fəaliyyəti dayandırılıb. Öncə “Montin”, daha sonra "Təzə bazar", “Vasmoy” və indi də “Keşlə” adı ilə tanınan bazar...

Bu məsələ ortaya bir neçə sual çıxarır: Gəlirini kiçik bazarlara çıxışı ilə təmin edən kəndlilərin və kənd təsərrüfatı sahəsinin bundan sonrakı durumu necə olacaq? Alternativ təkliflər nədən ibarətdir? 

News24.az xəbər verir ki, məsələni Yenisabah.az-a şərh edən kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib ki, bazarların bağlanması çox böyük problemlərin yaranmasına gətirib çıxaracaq:

“Kənd təsərrüfatını analiz etsək, iki hissəyə bölməliyik: oliqarxlara məxsus böyük təsərrüfatlar və kiçik ailə təsərrüfatları. Çox təəssüf ki, son illər aparılan siyasət kiçik ailə təsərrüfatlarının məhv olmasına hesablanıb. Tez-tez bizimkilər bu durumu Avropa ilə müqayisə edirlər. Amma hamısı vətəndaşın zərərinə olan mübahisələrdir. Amerika və Avropada məmurların ziyanına olan o qədər müqayisə var ki, onların mində birini burada demək olmaz.

Bazarların bağlanması olduqca mənfi tendensiyadır. Çünki hazırda kiçik ailə təsərrüfatlarının yeganə çıxış imkanları balaca bazarlardır. Problem odur ki, həmin təsərrüfatların marketlərə, böyük ticarət mərkəzlərinə çıxışı mümkün deyil. Yəni, onlar Qida Agentliyindən və digər qurumlardan yüz dənə sənəd almalıdır ki, böyük marketlərə çıxış imkanları yaransın. Böyük marketlərə çıxmaq ancaq böyük təsərrüfatlara məxsusdur. Bu gün məsələn Keşlə bazarı bağlanır. Hansı ki orada 2000-ə yaxın insan çalışır. Qışın günündə bunun adı vicdansızlıqdan başqa bir şey deyil. Bütün hərəkətlər vətəndaşın rifahına xidmət etməlidir. Ancaq kimsə kefinə görə bu bazarı bağlayır, o dükanı qapadır. Əvəzində alternatif heç nə təqdim etmir. Günəmuzd çörək pulu qazanan insanlara heç bir alternatif irəli sürmədən onun qazanc yerini bağlayırlar. Biz Şərq ölkəsiyik. Azərbaycanda müəyyən bir bazar kültürü var. Bu bizə dədə-babadan qalıb. Bazardan alış-veriş etmək kültürdür, bir mədəniyyətdir. Digər Şərq xalqları kimi ölkəmizdə də bazar mədəniyyəti kültürü mövcuddur. Avropada yoxdur deyə, bu kültürü məhv etmək yanlış bir addımdır. Bütün bunların hamısı kiçik ailə təsərrüfatlarına böyük zərbədir”.

Ekspert bu halda yoxsulluğun artacağına da vurğulayıb:

“Kiçik bazarların bağlanması ona gətirib çıxaracaq ki, kəndlər sürətlə boşalacaq. Onsuz da kəndli yayda əkinçi, qışda isə dilənçidir. Əkib-becərdiyi məhsulu zorla ortaya çıxarır. Bir yandan da bazarların bağlanması həmin təsərrüfatların sıradan çıxmasına şərait yaradacaq. Avropa ilə müqayisəyə gəldikdə isə, Amerika və Avropanın bəzi ölkələrində kənd təsərrüfatı ilə məşğul olan əhali tutumu deyək ki, 2,5-3 faiz təşkil edir. Azərbaycanda isə bu nisbət 40 faizdən çoxdur. Ona görə də əgər belə davam edərsə, kəndlilərin hamısı paytaxt Bakıya üz tutacaq, yoxsulluq artmağa davam edəcək və daha dəhşətli bir hal meydana çıxacaq”.


Chosen
4
10
news24.az

10Sources