EN

Jurnalistlərin sevimli müəllimi

Akif Rüstəmov – 85

Bakı Dövlət Universiteti jurnalistika fakültəsində professor Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş “Çağdaş media təhsili: nəzəriyyədən təcrübəyə” adlı dəyirmi masa keçirilib.

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova kafedranın qocaman müəllimi Akif Rüstəmovun BDU-da 55 illik fəaliyyətinin yaşlı jurnalistika fakültəsi ilə yaşıd olduğunu deyib. O qeyd edib ki, uzun illərdən bəri müəllim və tələbələrin sevimlisi olan Akif Rüstəmov 10 ilə yaxın müddətdə jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb, adını universitetin ən nüfuzlu pedaqoqları sırasına yazıb: “Ömrünü gənc jurnalistlərin peşə hazırlığına həsr etmiş Akif müəllim həm tələbələrin, həm də fakültə kollektivinin çox sevdiyi, hörmət etdiyi şəxslərdəndir. Onun tələbələrə münasibəti təkcə müəllim - tələbə münasibəti deyil, övlad münasibəti olub. Yüksək peşəkarlıq, sadəlik, xeyirxahlıq və dürüstlük Akif müəllimin pedaqoq kimi əsas cəhətləridir”.

Sonra tələbələrin Akif Rüstəmovun həyat yolu barədə hazırladıqları videoçarx nümayiş etdirilib.

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli birgə çalışdıqları yarım əsrlik müddətdə Akif Rüstəmovu fakültənin böyük ustadları Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi ustad müəllimlərin yaratdığı demokratik və paklıq ənənəsinə daim sadiq qaldığını, minlərlə peşəkar jurnalist yetişdirdiyini söyləyib. O qeyd edib ki, jurnalistikanın nəzəriyyəsi ilə bağlı çoxsaylı araşdırmaların, elmi məqalələrin və kitabların müəllifi olan Akif Rüstəmov həm də ölkə mətbuatındakı aktual mövzulu çıxışları ilə də tələbələrə necə yazmaq örnəyini aşılayır: “Professorun saxta xəbərlərin aşkara çıxarılması, araşdırılması və mediada etik prinsiplərə riayət olunması ilə bağlı araşdırmaları bu gün də gənc jurnalistlərin maraq doğurduğu məsələlərdəndir. Ömrünün yarım əsrdən artıq bir dövrünü Azərbaycan jurnalistikasının inkişafına və bu sahədə peşəkar kadr hazırlığına həsr etmiş Akif müəllimə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.

Ötən illərə Akif Rüstəmovun tələbələri olmuş jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə, yazıçı-publisist İlqar Rəsul, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova, BDU-nun ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva, fakültənin dekan müavini Sevinc Əliyeva, multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədli, yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Zaur Babayev, fakültənin müəllimi, Əməkdar jurnalist Namiq Əhmədov, məzun Əsgər İsmayılov Akif Rüstəmovun elmi-pedaqoji fəaliyyətindən danışıblar, xatirələrini bölüşüblər.

N.QƏDİMOĞLU
XQ

Chosen
21
xalqqazeti.az

1Sources