EN

Panama Trampın təhdidlərinə cavab verib

Panama prezidenti Rikardo Mulino Panama kanalından istifadəyə görə tarifləri şişirtməkdə günahlandıran və onun ABŞ-ın nəzarətinə qaytarılması ehtimalına eyham vuran Donald Trampa cavab olaraq sərt bəyanatla çıxış edib. Bu barədə “New York Post” məlumat yayıb.

“Birmənalı şəkildə bəyan edirəm: Panama kanalı və ətraf ərazilər Panamadır. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə edilə bilməz. Kanal Panamanın olub, var və qalacaq”, - Mulino vurğulayıb.

O qeyd edib ki, kanal peşəkar və şəffaf şəkildə idarə olunur, tariflər bazar şəraiti, istismar xərcləri və modernləşdirmə ehtiyacları əsasında müəyyən edilir.

“Tariflər özbaşına müəyyən edilmir. Onlar beynəlxalq rəqabət və iqtisadi zərurət nəzərə alınmaqla hesablanır”, - deyə prezident əlavə edib.

Mulino həmçinin vurğulayıb ki, Panama kanalı müstəsna olaraq Panama nəzarəti altındadır və digər ölkələrdən, o cümlədən Çin, Avropa Birliyi və ya ABŞ-dan asılı deyil.

“Panama bütün xalqlara hörmət edir və qarşılığında eyni hörməti gözləyir. Bu faktı təhrif edən hər hansı bəyanatlar qəti şəkildə rədd edilir. Panama kanalı milli sərvətdir və onun neytrallığına Konstitusiya və Neytrallıq Sazişi zəmanət verir”, - Mulino bildirib.

Tramp şənbə günü Panamanı Panama kanalından istifadəyə görə tarifləri şişirtməkdə ittiham edib. O bildirib ki, ölkə kanalı düzgün idarə etməsə, ABŞ onun qaytarılmasını tələb edəcək.

Almaz Həsənli

Chosen
23
oxumeni.az

1Sources