EN

"Lukoil"də benzinə su qarışıb: Şirkət təsdiq etdi - VİDEO

Son günlər sosial şəbəkələrdə avtomobillərin yanacaq çənlərində su yığılması ilə bağlı şikayətlər geniş müzakirə mövzusu olub. Sürücülər narazılıqlarını ifadə edərək, problemin həlli üçün təcili tədbirlər görülməsini tələb ediblər.

Bizim.Media xəbər verir ki, yayılan videogörüntülərdə yanacağın "Lukoil" yanacaqdoldurma məntəqəsindən (YDM) alındığı bildirilib. Görüntülərdə yanacaq çənindən su çıxması aydın şəkildə müşahidə olunub. Bu isə avtomobillərin mühərriklərinə ciddi ziyan vura bilər.

Məsələ ilə bağlı "Lukoil-Azərbaycan" QSC-yə sorğu ünvanlanıb.

Qurumun Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev oxu.az-a açıqlamasında faktı təsdiqləyib.

O, qeyd edib ki, yaranmış problemlə bağlı ilk şikayət dekabrın 18-də daxil olub.

"Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda "Lukoil" YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik.

Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub.

Əvvəlcə onu deyim ki, hadisə sosial şəbəkələrdə deyildiyi kimi bizdə 13 nömrəli YDM kimi tanınan, "Şamaxinka" ərazisindəki YDM-də yox, Azadlıq prospektində hamının "Qoşa yanacaqdoldurma məntəqəsi" kimi tanıdığı ərazidə, üzü mikrorayona gedən istiqamətdə yolun sağ tərəfindəki 19 saylı YDM-də baş verib.

Deməli, yağan yağışlarla əlaqədar çənin birində qəza olub, çən deşilib və içinə qrunt suları axıb. Aİ-95 markalı yanacaq da məhdud olduğuna görə həmin vaxt orada olan operatorun təcrübəsizliyindən dibinə su çökən çən tam olaraq doldurulub. Yəni bilərəkdən heç kim yanacağa su qatmayıb. Bu, sadəcə texniki qəzadır.

Operatorlar o çəni tam olaraq doldurmalı deyildilər. Hazırda bu məsələ araşdırılır. Ziyan çəkən hər bir müştərimizin ziyanı şirkət tərəfindən qarşılanacaq, yəni sürücülərə dəyən zərər kompensasiya olunub və hazırda da olunur", - deyə R.Ağayev vurğulayıb.

Sürücüyə dəyən ziyanın müəyyən edilməsi məsələsinə gəlincə isə, o qeyd edib ki, müraciət edən hər kəsin məlumatları yoxlanılır.

"YDM-də kameralar var. Sürücü vaxtı, saatı deyir, kameralarla baxırıq, dəqiqləşdiririk. Bundan sonra avtomobilin aparıldığı servislə əlaqə yaradılır, xərclər dəqiqləşdirilir və ödənilir. Bu barədə heç kimin şübhəsi olmasın. "Lukoil" elə bir şirkət deyil ki, öz müştərilərinə benzinlə bərabər su satsın.

Hazırda araşdırmalarımız davam edir. Bu günə kimi bizə 20 nəfər müraciət edib və onların hər birinə kompensasiya ödənilib. Hamısının arayışı, işin görülməsi barədə aktı, servisin arayışı və ödənilən pullar barədə bütün sənədlər toplanılıb.

İndi də texnoloqlarımız hadisə yerində işləyirlər. Lazımi bütün işlər görülür. Eyni zamanda, günahkar şəxslərin müəyyən edilməsi prosesi də gedir",- deyə R.Ağayev bildirib.

Xatırladaq ki, "Lukoil" yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə daha bir iddianı ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında irəli sürüb.

Onun sözlərinə görə, şirkətinə məxsus avtomobilə "Şamaxinka"da yerləşən "Lukoil"dan yanacaq əvəzinə su vurublar:

"Sürücü 20.12.2024 tarixdə saat 21:05-21:30 radələrində şirkətimizə məxsus 99-XN-288 nömrəli "Hyundai Elantra" avtomobil ilə "Şamaxinka"da yerləşən "Lukoil"dan 20 manatlıq Aİ92 benzin vurub. 200 m getdikdən sonra maşın sönüb. Gətirmişik ustaya yanacaq çənindən benzin yerinə su çıxıb. Mənə 500 AZN ziyan dəyib və "Lukoil" deyir ki, biz çəndən analiz götürməliyik", - H.Novruzzadə qeyd edib.

Şikayətçi bildirib ki, bu 1 ay ərzində sözügedən şirkətin yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci hadisədir.


Bizim.Media

Chosen
14
22
bizim.media

10Sources