EN

Qazaxıstan Ələt limanında terminalın tikintisinə başlayacaq

Qazaxıstan 2025-ci ildə Bakının Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanında terminalın tikintisinə başlayacaq.

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev xəbər deyib.

“Qazaxıstan gələn il Ələt limanı, Moskva yaxınlığındakı Selyatino qəsəbəsi, Belarusun Svisloç stansiyası və Daşkənddə terminalların tikintisinə başlayacaq. Yeni terminalların ümumi gücü ildə 1 milyon 200 min konteyner təşkil edəcək”, – M.Karabayev bu gün Məclisdə hökumətin səyyar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gələcəkdə Rumıniyanın Konstansa, Macarıstanın Budapeşt və Çinin Urumçi şəhərlərində birgə terminalların inşası planlaşdırılır.

“Nəticədə Qazaxıstanın xaricdəki terminallarının gücü beş dəfə artacaq ki, bu da yük axınını formalaşdıran əsas ölkələrdən yükləri Qazaxıstanın nəqliyyat dəhlizlərinə cəlb etməyə imkan verəcək”, – nazir qeyd edib.

M.Karabayev deyib ki, xaricdə yeni terminalların tikintisi yük axınını Qazaxıstan dəhlizlərinə cəlb etmək üçün lazımdır.

O əlavə edib ki, hazırda Lyanyunqan limanında və Sian şəhərinin quru limanında Qazaxıstan-Çin terminalları, Gürcüstanın Poti limanında isə qazaxıstanlı iş adamına məxsus ildə 500 min konteyner gücündə terminal fəaliyyət göstərir.

Chosen
13
3
moderator.az

4Sources