EN

Trampın iddia etdiyi Panama kanalı – vaxtilə ABŞ ona kalan xərc çəkib

ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Tramp hələ iş otağına, oval kabinetə keçməzdən öncə dünyanı qarışdırmaqdadır. Bu günlərdə o, Panama kanalının fonunda ABŞ bayrağının əks olunduğu foto paylaşıb və yazıb: "ABŞ-yə xoş gəldin, Kanal" (paylaşımın şəkili aşağıda). Ondan bir gün öncə isə Tramp Panama kanalının yenidən ABŞ-nin mülkiyyətinə keçə biləcəyini söyləyib.

Panama prezidenti Xose Raul Mulino Trampın bəyanatına cavab olaraq vurğulayıb ki, gəmiçilik kanalı 1977-ci il müqaviləsi əsasında Panamaya verilib və Vaşinqtonun mülkiyyətinə keçməyəcək.

2222-pic_32ratio_900x600-900x600-29191.jpg

Ancaq bu qüdrətli ABŞ-dirsə, onun başında duran dəlisov biridirsə, nəyin necə olacağını bilmək olmaz.

İki okeanı birləşdir su dəhlizi

Panama kanalı başıbəlalı yerdir. Bu gəmiçilik kanalı Mərkəzi Amerikada, Panama dövlətinə məxsus Panama körfəzində yerləşir, Sakit okeanı və Atlantik okeanını birləşdirir.

Kanalın uzunluğu 81,6 kilometr, ümumi eni 150 metr, dərinliyi 12 metrdir. Kanal rəsmi olaraq 12 iyun 1920-ci ildə açılıb.

pan-1.jpg

Panama kanalının tikintisi bəşəriyyətin başa gətirdiyi ən böyük və mürəkkəb tikinti layihələrindən biridir. Bu kanal Qərb yarımkürəsində və bütün dünyada gəmiçiliyin, bütövlükdə iqtisadiyyatın inkişafına əvəzsiz təsir göstərib. Onun sayəsində gəmilər Cənubi Amerikadan dolaşmaq zorunda qalmayıb. Nyu-Yorkdan San-Fransiskoya dəniz yolu 22,5 min km-dən 9,5 min km-ə enib.

Panama dövləti bu kanaldan hər il milyardlarla dollar pul qazanır. Gələn il kanaldan dövlət büdcəsinə 5 milyard dollar pul daxil olacaq.

ABŞ dövlətinin bu kanal üzərində hüququ ona görə var ki, kanalı ABŞ tikib.

Dindar kralın maneçiliyi

Ümumiyyətlə isə iki okeanı birləşdirən kanalın tikintisinin ilkin planı 16-cı əsrə aiddir. Ancaq o zamanlar Amerika qitəsinin böyük hissəsini öz müstəmləkəsinə çevirən İspaniya imperiyasının hökmdarı kral II Filipp dini səbəblərə görə belə layihələrin nəzərdən keçirilməsini qadağan edərək deyib: “Allahın birləşdirdiyini insan ayıra bilməz”.

19-cu əsrin əvvəllərində beynəlxalq ticarət intensivləşəndə Panamadakı “quru böğaz”a maraq yenidən canlanıb: 1814-cü ildə İspaniya okeanlararası kanalın yaradılması haqqında qanun qəbul edib; 1825-ci ildə oxşar qərar Mərkəzi Amerika Dövlətləri Konqresi tərəfindən qəbul edilib. Kaliforniyada qızıl yataqlarının aşkarlanması ABŞ-da kanal probleminə marağın artmasına səbəb olub.

Fransanın gördüyü iş, rüşvət, dələduzluq, iflas

Bununla belə, Panama “quru boğaz”ında gəmiçilik marşrutu qurmaq üçün ilk cəhd yalnız 1879-cu ilə təsadüf edib. Həmin il Parisdə, Süveyş kanalının tikintisinin rəhbəri Ferdinand Lessepsin sədrliyi ilə "Okeanlararası Kanal Şirkəti" yaradılıb və bu 800 min adam bu şirkətin səhmlərini əldə edib. Mühəndis Vays Kolumbiya hökumətindən Panama kanalının tikintisinə 10 milyon frank üçün konsessiya alıb. Şirkətin yaranmasından əvvəl çağırılan beynəlxalq konqres dəniz səviyyəli kanala üstünlük verib; işlərin dəyəri 658 milyon frank, qazıntı işlərinin həcmi isə 157 milyon kubmetr nəzərdə tutulub. Şirkət qəzetlərə və parlament üzvlərinə 1,5 milyard frank rüşvət verib – işə mane olmasınlar deyə.

1888-ci ilə qədər kanalın tikintisinə 300 milyon dollar xərclənib (gözləniləndən təxminən 2 dəfə çox) və işin yalnız üçdə biri tamamlanıb. Səbəb işin təşkilinin keyfiyyətsiz idarə olunması və onun dəyərinin aşağı qiymətləndirilməsi olub. Həmçinin malyariya və sarı qızdırma tikintidə çalışan fəhlələri qırıb-çatıb, ən azı 20 min insan ölüb. O dövrün qəzetləri yazırmış ki, bəzi işçi qrupları özləri ilə Fransadan öz tabutlarını gətirirlər.

1889-cu ildə şirkət ləğv edilib. Şirkətin Fransadakı fəaliyyəti ətrafında böyük qalmaqal yaranıb. İş məhkəməyə göndərilib. Şirkətin maliyyə iflası nəticəsində başlanan araşdırma zamanı deputatlara, hökumət üzvlərinə və mətbuata böyük rüşvət verilməsi faktları üzə çıxıb. Panama qalmaqalında əli olan bir sıra siyasi xadimlər mühakimə olunub. Layihənin iflası nəticəsində Lesseps, eləcə də Eyfel qülləsinin məşhur yaradıcısı Aleksandr Qustav Eyfel külli miqdarda fırıldaqçılıqda, şirkəti səriştəsiz idarə etməkdə və vəsaitləri mənimsəməkdə günahlandırılaraq müxtəlif həbs cəzalarına məhkum ediliblər. Ferdinand Lesseps stresdən sağ çıxa bilməyib və ölüb.

Kanala görə müstəqil dövlət olan Panama

kart-pan.jpg

1902-ci ildə okeanları kanalla birləşdirmək işinə ABŞ əl qoyub. Həmin vaxt Panama Kolumbiyanın tərkibində olub. 1903-cü il yanvarın 22-də Kolumbiyanın səfiri Tomas Erran və ABŞ dövlət katibi Con Hey arasında müqavilə imzalanıb və bu müqavilə Kolumbiyanın Panama kanalının tikintisi üçün ABŞ-yə 100 il müddətinə torpaq zolağı icarəyə verməsini nəzərdə tutub. Ancaq 12 avqust 1903-cü ildə Kolumbiya Senatı müqaviləni ratifikasiya etməkdən imtina edib, çünki Fransa şirkəti ilə konsessiya müqaviləsi 1904-cü ildə başa çatırdı və onun şərtlərinə görə, kanal işə başlamazsa, şirkət tərəfindən tikilən bütün tikililər pulsuz olaraq Kolumbiyaya qalırdı. Çıxış yolu Panamanın Kolumbiyadan ayrılması olub. Panamada separatçı hərəkat başlanıb və ABŞ hərbi dəniz qüvvələrinin birbaşa müdaxiləsi ilə 1903-cü il noyabrın 4-də Panama Kolumbiyadan ayrılıb. 12 gündən sonra müstəqil Panama dövləti ABŞ-la müvafiq müqaviləni imzalayıb.

Beləcə, əslində Panama dövləti müstəqilliyini həmin kanala və ABŞ-yə borcludur.

Panamanın müstəqilliyinin təminatçısı olan ABŞ bu ölkəni öz protektoratına çevirib və kanalın tikintisi ABŞ Müdafiə Nazirliyinin himayəsi altında başlayıb.

Açılışı 4 min km-lik kabellə baş tutan layihə

Kanalın qazılması üçün ilk cəhdin uğursuzluğunu xatırlayan amerikalılar yerli ağcaqanadlara qarşı kampaniyaya başlayıb, bölgəyə 1500 nəfərlik ekspedisiya göndəriblər. 30 kvadrat kilometrdə kol və kiçik ağacları kəsib yandırmaq, eyni ərazidə ot biçmək və odlamaq, 80 hektar bataqlıqları qurutmaq, 76 kilometr drenaj arxları qazmaq, köhnə xəndəkləri bərpa etmək, ağcaqanad sürfələrini məhv edən 150 min qallon (570 min litr) yağ püskürtmək lazım gəlib. Tədbirlər bəhrə verib: sarı qızdırma və malyariya o qədər azalıb ki, xəstəliklər kanalın tikintisi üçün maneçilik törədən faktor olmaqdan çıxıb.

Con Frank Stevens kanalın baş mühəndisi olub. Tikinti 10 il çəkib, 400 milyon dollar xərclənib, tikintidə 70 min işçi işləyib, onlardan təxminən 5600-ü ölüb.

vudeo.jpg

1913-cü il oktyabrın 10-u səhər ABŞ prezidenti Tomas Vudro Vilson Ağ Evə toplaşan çoxsaylı yüksək vəzifəli qonaqların iştirakı ilə xüsusi masanın başına keçib, əzəmətli jestlə qızılı rəngdə olan düyməni basıb və Vaşinqtondan 4 min kilometr aralıda, Panama “quru boğaz”ında güclü bir partlayış rütubətli tropik havanı silkələyib. Beləcə, 20 min kiloqram dinamit Qamboa şəhəri yaxınlığında Atlantik və Sakit okeanların sularını ayıran sonuncu maneəni məhv edib.

İlk gəmi 15 avqust 1914-cü ildə kanaldan keçib, lakin oktyabrda baş verən böyük sürüşmə nəqliyyatın açılmasına mane olub. Kanala yaxınlaşmalarda müdafiəni gücləndirmək üçün ABŞ yaxınlıqdakı adaları Panama, Danimarka, Nikaraqua və Kolumbiyadan alıb.

Kanalı Panamaya Karter verib

Panama kanalının rəsmi açılışı yalnız 1920-ci il iyunun 12-də olub.

1945-ci ilin avqustunda Yaponiya kanalı bombalamağı planlaşdırıb, ancaq macal tapmayıb, atom bombardmanına məruz qalıb və təslim olub.

pan-3.jpg

1977-ci il sentyabrın 7-də Vaşinqtonda Panama lideri Omar Efrain Torrixos Herrera və ABŞ prezidenti Ceyms Karter 2000-ci ildən başlayaraq kanala nəzarətin Panama hökumətinə verilməsi haqqında saziş imzalayıblar. 23 oktyabr 1977-ci ildə saziş Panama parlamenti, 18 aprel 1978-ci ildə isə ABŞ Senatı tərəfindən ratifikasiya edilib.

Panama kanalı 31 dekabr 1999-cu ilə qədər ABŞ-ın nəzarətində olub, sonra o, Panama hökumətinə verilib.

İndi Tramp deyir ki, kanal ABŞ-nin mülkiyyətinə qayıtmalıdır.


Araz Altaylı, Musavat.com

Chosen
12
musavat.com

1Sources