Bakı, TurkicWorld
Çin, ABŞ-ın Tayvana 866 milyon dollar dəyərində əlavə hərbi material və silah satışını təsdiqləməsini kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qien açıqlamasında, bu qərarın iki ölkə arasında siyasi əlaqələrin təməlini təşkil edən “bir Çin” prinsipini və “Üç Birgə Bəyannamə”ni pozduğunu bildirib. O, Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində “keçilməməsi lazım olan ilk qırmızı xətt” olduğunu vurğulayaraq, ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməmək öhdəliyinə əməl etmədiyini və Tayvanı müharibə təhlükəsinə sürüklədiyini qeyd edib.
“Biz ABŞ-ı Tayvana hərbi yardımı və silah satışını dərhal dayandırmağa və bölgə ilə hərbi əlaqələrini kəsməyə çağırırıq,” – deyə Vu əlavə edib.
Dekabrın 21-də ABŞ prezidenti Co Bayden Müdafiə Nazirliyinə Tayvana hərbi materiallar, xidmətlər və təlimlər üçün 571 milyon dollar ayırmağa icazə verib. Bundan bir gün əvvəl isə Müdafiə Nazirliyi 300 taktiki radio sistemi və 16 silah dayağının 295 milyon dollara satılmasını təsdiqləyib.
Qeyd edək ki, Tayvan, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bəri faktiki müstəqillik əldə etsə də, Çin onu ərazisinin ayrılmaz hissəsi hesab edir. Pekin, Tayvanı tanıyan ölkələrin onunla rəsmi əlaqələr qurmasına və silah satışına qarşı çıxır.
Son illərdə Tayvana hərbi təzyiqlərini artıran Çin, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini dəfələrlə vurğulayıb.