EN

İlham Əliyevin Azərbaycanı: Bütöv, güclü, innovativ - TƏHLİL

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev növbəti yaşını tamamlayır.

Bu şərəfli ömrün 21 ili Azərbaycana rəhbərliklə keçib.

İlham Əliyevin hakimiyyəti illərində müasir Azərbaycanın əsaslı transformasiya yolu keçdiyini, modern dövlətə çevrildiyini, tarixinin ən qüdrətli dövrünü yaşadığını əminliklə söyləmək olar.

Dövlət başçısının ən böyük xidməti, əlbəttə ki, xalqımızın və dövlətçilik tariximizin əsas problemi – uzun onilliklər boyu ərazi bütövlüyümüzü pozulması ilə nəticələnmiş, stabil inkişafımıza mane olan Qarabağ məsələsinin birdəfəlik həll olunması və suverenliyimizin tam bərpası ilə bağlıdır.

2003-cü ildə Prezident seçildiyi dönəmdən İlham Əliyev ölkənin bir nömrəli problemi olan Qarabağ məsələsini siyasi fəaliyyətinin əsas prioriteti seçərək, istər diplomatik, istərsə də hərbi cəbhədə onun həlli istiqamətində yorulmadan çalışdı.

Ordu quruculuğuna xüsusi diqqət yetirən dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasına nail oldu.

Çoxillik fəaliyyətin nəticəsi idi ki, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin mayında həyata keçirilən Günnüt əməliyyatı Azərbaycanın Ermənistanın qanunsuz işğalçılıq siyasəti ilə barışmayacağını, məsələnin həllini uzatmaq, mövcud status-kvonu saxlamaq planlarını qəbul etməyəcəyini ortaya qoydu.

Nəhayət, ölkəmizə qarşı çoxsaylı təxribatlara qarşı 2020-ci ilin 27 sentyabrında başladılan və tarixə Vətən Müharibəsi kimi düşən 44 günlük əks-hücum əməliyyatı baş tutdu. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında qısa zamanda Ermənistan ordusunun torpaqlarımızda 30 il boyu qurduğu müdafiə xəttini yararaq, Cəbrayılı, Hadrutu, Zəngilanı, Qubadlını, Füzulini, Şuşanı işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalayan Ermənistan Ağdam, Kəlbəcər və Laçını döyüşsüz, məğlub ölkə olaraq Azərbaycana qaytarmağa vadar edildi. İstər 44 günlük müharibədən öncə, istər müharibə zamanı, istərsə də böyük zəfərdən sonra İlham Əliyevin yorulmaz fəaliyyətinə, siyasi iradəsinə və uzaqgörənliyinə bütün dünya şahidlik etdi.

İlham Əliyev müharibə günlərində beynəlxalq təzyiqləri diplomatik peşəkarlıqla dəf edərək, 30-a yaxın beynəlxalq KİV-ə verdiyi müsahibədə Ermənistanın işğalçılıq siyasətini, törətdiyi əməlləri bütün dünyaya açıqladı.

Azərbaycan dövlətinin “Dəmir yumruğu”ndan dərs çıxarmayan Ermənistan qüvvələri 2023-cü ilin sentyabrında Ordumuzun 23 saat ərzində həyata keçirdiyi əməliyyat zamanı tamamilə darmadağın edildi, Qarabağ torpaqları tam təmizləndi, Xankəndi şəhəri, Ağdərə, Xocavənd və Xocalı rayonları gerçək sahiblərinə qaytarıldı.

Beləliklə, XXI əsrdə dünya praktikasından ilk belə hadisə - separatizm ocağının tamamilə aradan qaldırılmasına dair uğurlu nümunə Azərbaycanın simasında əldə olundu.

Bu uğurların memarı isə ölkə başçısı İlham Əliyev və onun yürütdüyü çoxillik məntiqli siyasət idi.

2023-cü ilin mayında Şuşada keçirilən konfrans zamanı dövlət başçısı bu mövzuda beynəlxalq birliyə də öhdəliklərini xatırlatmışdı: Biz beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi görmüşük, Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişik”.

Həqiqətən də, Azərbaycan dünya siyasətində bir ilkə imza atdı, yeni presedent yaratdı - BMT Təhlükəsizlik Şurasının 30 il ərzində icra olunmayan 4 qətnaməsini uğurla yerinə yetirdi.

Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı postuna seçilən zaman torpaqlarımızı azad edəcəyinə dair verdiyi sözə əməl etdi.

30 illik işğala son qoyan Azərbaycan dövlətinin qarşısında indi başqa bir hədəf dayanırdı - azad edilmiş ərazilərin bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvasına qayıtması, bunun üçün geniş bərpa-quruculuq işlərinin görülməsi və həmin ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası...

Ötən 4 il ərzində artıq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 20 milyard dollara yaxın vəsait ayrılıb, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvasına qaytarılması prosesi sürətlə davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə sosial infrastruktur obyektləri, yollar, tunellər, körpülər inşa edilir, yeni kəndlər, qəsəbələr, şəhərlər salınır. İşğaldan azad edilmiş ərazilərdə artıq 30 mindən çox insan məskunlaşıb.

Bütün bunlar şəxsən dövlət başçısı İlham Əliyevin xüsusi nəzarəti altında aparılır. Onun rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə yeni yanaşmalar, müasir həllər əsasında “ağıllı kəndlər, ağıllı şəhərlər” qurulur, uzun illər düşmən tapdağı altında inləmiş torpaqlarımız bu gün cənnətə çevrilir. Prezident azad edilmiş ərazilərin quruculuğunun əsas məqsədlərdən olduğunu müsahibələrindən birində bu sözlərlə ifadə etmişdi: Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları, “yaşıl enerji” layihələri gələcəkdə Azərbaycanın innovativ iqtisadiyyata keçidində model rolunu oynayacaq.

Qarabağ məsələsinin həlli, eyni zamanda azad edilmiş torpaqlarda həyata keçirilən işlər güclü iqtisadiyyat olmadan mümkün deyildi. Dövlət başçısı bu illərdə ölkəmizin siyasi və iqtisadi gücünün artması üçün də ardıcıl, planlı addımlar atıb.

Azərbaycan uzun illərdir Bakı-Tbilis-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP, Cənub Qaz Dəhlizi kimi enerji layihələri icra edir.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycan bu gün Asiya və Avropanı birləşdirən ən əlverişli ticarət marşrutunu - Orta Dəhliz layihəsinin icrasını həyata keçirir, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi mühüm infrastruktur layihələri icra olunur.

Beynəlxalq ticarət yolları üçün mühüm tranzit xəttinə çevrilən ölkəmiz eyni zamanda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir, “yaşıl enerji”yə keçid yolunda əmin addımlarla irəliləyir. 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 milyard 90,6 milyon ABŞ dolları təşkil edib. Nəticədə, Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord göstərici qeydə alınıb.

Dövlət başçısının bu mövzuda illər öncə dediyi sözlər bu gün də aktuallığını saxlayır: “Gözəl investisiya iqlimi yaratmışıq. Neft kapitalını insan kapitalına yönəldə bilmişik. Bəziləri deyirdilər ki, Azərbaycanı "Holland sindromu", "neft lənəti" gözləyir. Bunların heç biri baş vermədi".

Beləliklə, ərazi bütövlüyünün bərpası, regionun ən güclü ordusu və ən böyük iqtisadiyyatı ilə Azərbaycan regional liderə, orta güc potensialına malik ölkəyə çevrilib.

Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-2024-cü illərdə 120-dən çox ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına (QH) uğurla sədrlik etməsi, QH-nın fəaliyyətinə yeni stimul və hədəflər verməsi, bu ilin 11-22 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) uğurla ev sahibliyi etməsi, bəşəriyyətin qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizəsində maliyyələşmə məsələsində önəmli həll yollarını özündə ehtiva edən yekun sənədin qəbul edilməsinə nail olunması İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq gündəmə təsir göstərməyi bacaran nüfuzlu və etibarlı ölkə olduğunu ortaya qoyur.

Dövlətimizin nüfuzu, siyasi sabitliyi, iqtisadi tərəqqisi paytaxtımızın, bölgələrimizin dəyişən, modernləşən simasında da özünü göstərir. Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində istismar müddəti bitmiş, qəzalı bina və tikililərin yerində yeni parklar salınır. Son illər Bakıda yaşıllaşdırma, istirahət guşələrinin yaradılması, yol infrastrukturunun yenilənməsi və ən əsası şəhər sakinlərinin rahatlığı üçün görülən işlər kifayət qədərdir. “Gənclik”, “Nizami Gəncəvi”, Meşə-park, Mərkəzi və Qış parkları, "Çəmbərəkənd" parkı, yenidən qurulmuş Mərkəzi Nəbatat parkı, inşası, və bərpası aparılan digər parklar Bakını gözəlləşdirməklə yanaşı, şəhər planlaşdırmasına xüsusi diqqətin göstəricisidir.

Parkların açılması, təmiri, İçərişəhər kimi Bakının tarixi mərkəzinin ilkin simasının saxlanılması, Ağ Şəhər kimi yeni şəhərdaxili mərkəzlərin yaradılması şəhərsalma və memarlıqda innovativ yanaşmanın məhsuludur. Qanunsuz tikililərin, şəhərin simasını korlayan obyektlərin sökülməsi istiqamətində görülən işlər Azərbaycan paytaxtını dünyanın ən gözəl və yaşamaq üçün komfortlu şəhərlərindən birinə çevirib.

İlham Əliyevin Prezidentliyi dövründə görülmüş işləri saymaqla bitirmək mümkün deyil. Bir cümlə ilə ifadə etsək, Müzəffər Ali Baş Komandan növbəti doğum gününü öz əsəri olan bütöv, güclü, innovativ Azərbaycanın lideri kimi qeyd edir.

APA Analytics

Chosen
12
apa.az

1Sources