EN

Xalqını yeni qələbələrə aparan lider

2003-cü ildən Azərbaycanın Prezidenti seçilən İlham Əliyev bu gün regionun ən görkəmli siyasi lideridir. O, respublikaya rəhbərlik etdiyi 21 il ərzində ölkəsinin beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməyə, iqtisadiyyatı inkişaf etdirməyə və qlobal çağırışlar şəraitində sabitliyi qoruyub saxlamağa imkan verən müstəsna liderlik keyfiyyətləri ortaya qoyub.

“Böhran məhz ondadır ki, köhnə hər şey ölür, amma yenisi hələ yarana bilmir. Dünyanın indiki vaxtları dərin və ağrılı patologiyalarla tarixə düşür”. Məşhur italyan filosofu və jurnalisti Antonio Qramşinin ”Həsbsxana dəftərləri” əsərində təsvir etdiyi ötən əsrin 30-cu illərini eynən bəşəriyyətin hazırkı – 2020-ci illərdəki durumuna bənzətmək olar.

Praktik olaraq paralel şəkildə dünya ticarətinin və investisiya qoyuluşunun bir çox mühüm sahələrində enmə baş verir, maliyyə və xammal bazarlarında kəskin eniş müşahidə edilir, beynəlxalq münaqişələrin və vətəndaş müharibələrinin sayı və miqyası artır, iqlim problemləri və resurs qıtlığı kəskinləşir, beynəlxalq hüququn bir çox normalarının tətbiqinin səmərəliliyindən isə əsla danışmağa dəyməz.

Bu təhlükələrin Azərbaycanın yenicə bərpa etdiyi sərhədlərini də aşa və düzənimizə ağır zərbələr vura biləcəyi ehtimalı isə böyükdür. Bu istisna deyil. Bundan sığortalanmağın və yeni dünyanın çağırışlarına qarşı durmağın əsas yollarından biri ölkənin idarəçilik sükanının kimin əlində olmasındadır. Ona görə də indi yaxşı ki, Azərbaycan dövlətinin sükanı İlham Əliyev kimi güclü, müdrik və cəsarətli liderin əlindədir.

Bu gün dünyanın böyük güc sahibi olan hegemon ölkələr arasında tarazlığı bərpa etmək praktik olaraq imkansız görünür. Əsas oyunçular artıq bir-biriləri ilə hərbi toqquşma riskinə getməyi özlərinə rəva görmürlər, lakin onların birbaşa deyil, dolayısı ilə toqquşması özünü lokal münaqişələr və müharibələrdə aydın göstərib. 30 ildən artıq davam edən və artıq başa çatmış Ermənistan–Azərbaycan münaqişəsi də, əslində, əsas oyunçuların toqquşmalarından biri idi. Biz bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan artıq böyük, tarixi Zəfərlə başa çatdırdığı bu münaqişəyə rəsmən son qoymaq ərəfəsindədir və üfüqdə sülhün işartıları görünür.

Aydın məsələdir ki, güclü siyasətçi, xarici siyasəti dərindən bilən diplomat və beynəlxalq münasibətlərdə öz strategiyası olan cəsarətli dövlət başçısı ilə danışmaq Qərbə heç də xoş təsir bağışlamır, onlar bundan qətiyyən məmnun deyillər. Onlara aciz və cılız, sözəbaxan dövlət başçısı lazımdır ki, maraqlarını gerçəkləşdirə bilsinlər. Məhz buna görə də regionda əsl söz sahibinə çevrilmiş gənc müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi modern düşüncə sahibinin, usta diplomatın, cəsarətli, eyni zamanda müdrik dövlət başçısının olması Qərbin heç də ürəyincə deyildi. Amma bu seçimi Qərb yox, öz liderinə sonsuz inanan Azərbaycan xalqı edirdi.

2024-cü ilin fevralında baş tutan Prezident seçkiləri Azərbaycan tarixində yeni bir mərhələyə keçidin əlamətdar tarixi oldu. Bu müstəqil və ərazi bötövlüyü tam bərpa edilmiş dövlətin quruculuq və tərəqqi dövrünə keçidinin başlanğıcı idi. Tarixə qovuşan zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev onilliklər ərzində dünyada və regionda formalaşan “oyun qaydalarını” dəyişdirə, həqiqi müstəqil dövlət qura bildi və indi bu dövlətin yeni hədəflərə doğru irəliləməsinə start verir.

Şübhəsiz, İlham Əliyevin heç bir ritorik tərifə ehtiyacı olmadığını onun keçdiyi həyat yolu, siyasi dövlətçilik fəaliyyəti boyu imza atdığı uğurlar kifayət qədər aydın göstərir. Amma bizim və müstəqil Azərbaycan dövlətinin ona, onun ağlına, dərin zəkasına, diplomatiyasına, cəsarətinə və qətiyyətinə, ölkəni bundan sonra da bu şəkildə məharətlə idarə etməsinə böyük ehtiyacı var. Ona görə də bu il fevralın 8-də Prezident seçkiləri günü məntəqələrə böyük şövqlə axışan on minlərlə vətəndaş yaxşı başa düşürdü ki, tərəqqi və modern dövlət quruculuğuna, ermənilərin viran qoyduğu şəhər və kəndlərimizin sürətli bərpasına qədəm qoyan Azərbaycanı

İlham Əliyevə deyil, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan hansısa insana etibar etməyimiz çox böyük yanlışlıq olardı. Xalq buna imkan vermədi.

Uzaqgörənlik və strateji düşüncə

İlham Əliyevin əsas xüsusiyyətlərindən biri onun uzunmüddətli məqsədləri formalaşdırmaq və onlara nail olmaq üçün strateji plan qurmaq bacarığıdır. O, prezidentliyinin elə ilk günlərindən Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi kursunu müəyyənləşdirib, neft-qaz sektorunun inkişafına xüsusi diqqət yetirdi. Onun təşəbbüsləri sayəsində Azərbaycan Avropanı alternativ enerji mənbələri ilə təmin etməklə regionda əsas enerji oyunçusuna çevrildi. Bu gün Avropanın enerji təminatında mühüm rolau olan TANAP qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr onun uzaqgörənliyinin bariz nümunəsidir.

İlham Əliyevin liderliyi 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı özünü xüsusilə bariz şəkildə göstərdi. Prezident xalqı vahid məqsəd – Azərbaycanın ərazi bütövlüyünün bərpası ətrafında birləşdirə bildi. Onun beynəlxalq oyunçularla danışıqlarda aydın və inamlı mövqeyi, o cümlədən diplomatiya, texnologiya və hərbi resurslardan fəal şəkildə istifadə etməsi ölkəyə uğur qazanmağa, 30 il xalqımıza xəcalət yaşadan tarixə son qoymağa, Zəfərlə qürurumuzu özümüzə qaytarmağa imkan verdi.

Bu şanlı Zəfər bir günə, bir ilə əldə edilmədi. Prezident İlham Əliyevin diplomatiyadakı hücum siyasəti sayəsində Birinci Qarabağ savaşından sonrakı, xüsusilə onun Prezident olduğu 17 illlik dövr Ermənistan üçün “wasted”, sözün əsl mənasında, boşuna “xərclənmiş” qızıl kimi vaxt oldu və bu vaxt İlham Əliyevin sayəsində Azərbaycanın bütün sahələrdə strateji irəliləyişinə işlədi.

İlham Əliyev müxtəlif güc mərkəzləri, o cümlədən Türkiyə, Rusiya, Avropa İttifaqı və digər əsas beynəlxalq oyunçular arasında məharətlə tarazlıq yaratmağı bacardı. Azərbaycanın müstəqilliyini qoruyaraq strateji tərəfdaşlıq qurmaq bacarığı onu hazırda dövrümüzün ən uğurlu diplomatlarından birinə çevirdi. Onun rəhbərliyi ilə Azərbaycan Şərqlə Qərb arasında dialoq platformasına çevrildi, bunu məsələn, Bakı forumlarının və digər beynəlxalq tədbirlərin keçirilməsi də aydın təsdiqləyir.

Torpaqlarımızın işğal altında olduğu bir vaxtda Milli Ordunun möhkəmləndirilməsini strateji məsələ kimi qarşıya qoyması və onu yüksək səviyyədə həll etməsi bir daha onu göstərdi ki, İlham Əliyev müasir dünyanın çağırışlarını qabaqlamağı bacarır. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönələn vəsait də, ölkə başçısının diqqəti də özünü yüksək səviyyədə doğrultdu.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün planetimiz hərbi gücü kəskin rəqabət və mümkün kompromislər üçün dayaq nöqtəsi hesab edən iki sistemin qarşıdurması vəziyyətindədir. Biz bunu Ermənistan–Azərbaycan münaqişəsinin timsalında başqa ölkələrdən daha aydın dərk edirik. Qarşıdurma vəziyyətində olmayan ölkələrin belə hərbi xərclərinin artması, hərbi doktrinaların sərt ritorikası, iqtisadi və maliyyə təzyiqlərinin yeni üsulları, mülki korporasiyaların hərbi layihələrə cəlb edilməsinin sürətlə artması da buna işarədir.

Tərəflər mümkün hərbi qarşıdurmalar fonunda “əzələ şişirtməyə” başlayıblar. Cənubi Qafqazda da Ermənistan hələ ki, revanşist meyillərdən əl çəkmək fikrində deyil və münaqişənin yenidən alovlanmasında maraqlı olan bir çox güclü oyunçular bu ölkəni silahlandırmaqda məhz buna doğru gedirlər. Bu da ondan irəli gəlir ki, əsas oyunçular gələcək regional və qlobal razılaşmalarda özlərinin xarici siyasət ambisiyalarını reallaşdırmaq üçün bu yolla şanslarını artırmağa çalışırlar.

Bu ilin son aylarında ABŞ-nin 60 konqresmeni Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdiyinə görə ona qarşı sanksiyaların tətbiq edilməsini təklif etdi. Çünki Qarabağın, Xankəndinin beynəlxalq qanunlarla, elə ABŞ tərəfindən Azərbaycan Respublikasının qanunu ərazisi kimi tanınmasına baxmayaraq, Vaşinqtonda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə heç də şad deyillər. Bu ölkədə kifayət qədər ermənipərəst qüvvələr var ki, onlar “Qarabağın müstəqilliyi” ideyasını dəstəkləyir və bu satellit ölkəni revanşızmə çəkir, bu vasitələrlə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Amma Azərbaycan Prezidenti İlham Əliyev bunu çox gözəl başa düşür və bu hədəyə özünəməxsus şəkildə çox sərt və cəsarətlə cavab verərək birmənalı şəkildə bildirir ki, bunun arxasında Dövlət Departamenti dayanır. Prezident İlham Əliyevin belə cəsarətlə faktı açıqlaması bir daha onu göstərir ki, o, dünyada gedən proseslərin son nəticədə hara aparacağını qabaqcadan görür və bilir ki, ABŞ-nin hegemon olduğu birqütblü dünyanın artıq sonu yaxınlaşır.

Prezident İlham Əliyev ölkəsinin Avropanın, bütövlükdə Qərbin qınaq obyektinə, siyasi alver predmetinə çevrilməsinə imkan vermir. Qərbin bu siyasətində təşəbbüskar kimi çıxış edən Fransaya qarşı çox sərt mövqe nümayiş etdirir. Azərbaycan Fransanın müntəzəm anti-Azərbaycan siyasətinə sözdə deyil, əməldə də cavab verir. Azərbaycan bu gün Fransanın müstəmləkəçiliyinə qarşı mübarizədə liderlərdən birinə çevrilib. Fransa Respublikası tərəfindən hüquqları pozulmuş və pozulmaqda olan xalqlara kömək etməklə, bu mövzuda çox fəal iştirak edir. Kiçik bir dövlətin Fransanın xalqların hüquqlarını pozması problemi ilə məşğul olması artıq Azərbaycan Respublikasının regional oyunçu çərçivəsindən kənara çıxdığını göstərir. Əlbəttə, bu, ilk növbədə, ölkə başçısının cəsarətli xarisi siyasət yürütdüyünün əyani sübutudur.

Ümumiyyətlə, Cənubi Qafqazda regional lider rolunu Azərbaycanın son iki Prezidenti – Heydər Əliyev və İlham Əliyev öz üzərinə götürmüşlər. Çünki bunun üçün onların rəhbərlik etdikləri ölkənin bütün əsasları var – nəqliyyat logistikası baxımından əlverişli coğrafi mövqe, Xəzər dənizinə çıxış, əhəmiyyətli enerji ehtiyatlarına sahiblik və inkişaf etmiş iqtisadiyyat.

Bu gün Azərbaycan diplomatiyasının prioritet istiqamətlərindən biri coğrafi baxımdan yaxın dövlətlərlə və ilk növbədə, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan ilə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsidir.

Son illərdə, xüsusən Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin intensivliyi nəzərəçarpacaq dərəcədə artmışdır. 2021-2023-cü illərdə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bütün Mərkəzi Asiya ölkələrində səfərdə olmuş, onların rəhbərlərini də Bakıda qəbul etmişdir.

Xalq – lider birliyi

Əgər əfsanəvi Anteyin gücü onun torpaqla bağlılığında idisə, liderin gücü, heç şübhəsiz, onun xalqla birliyindədir. Prezident İlham Əliyev bu birliyin müasir dövr üçün ən nümunəvi həllinə nail olub. Ulu öndər Heydər Əliyev xalqla nə qədər yaxın idisə, onun varisi İlham Əliyev xalqla bir o qədər bağlı adamdır və onun zərb-məsələ çevrilmiş “biz xalqın xidmətçisiyik” ifadəsi də bu amaldan doğur.

Prezident İlham Əliyevin hakimiyyətə gələndən bu günə həllinə nail olduğu çox mühüm məsələlərdən biri real hakimiyyət mexanizmini yaratması olub. Bu hakimiyyət mexanizmi təcili çağırışlara adekvat reaksiya verməklə yanaşı, həm də strategiya işləyib hazırlayır və reallaşdırır.

Rusiyanın tarixçi alimi, tarix elmləri doktoru, MDBƏİ-nun professoru Stanislav Çernyavski Prezident İlham Əliyevin hakimiyyət illərini dəyərləndirərkən qeyd edir ki, onun hakimiyyəti illərində Azərbaycan sarsılmaz müstəqil dövlətə çevrilib. “Azərbaycanda cəmiyyət möhkəmlənib, azərbaycançılıq ideyası güclənib, Azərbaycan millətinin birliyi daha da güclənib. Bu, respublikanın ən mühüm nailiyyətidir”.

Fikrini davam etdirən alim yazır: “Son hadisələrə gəlincə, Azərbaycan xalqı Ermənistan – Azərbaycan münaqişəsinin həllində mühüm uğurlar qazanıb, ərazi bütövlüyünü təmin edib. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin təkcə öz atası Heydər Əliyevə deyil, bütün Azərbaycan xalqına verdiyi sözünün üstündə duraraq göstərdiyi ən böyük xidmətidir”.

Dövlət başçısı bu il fevralın 7-də keçirilən prezident seçkilərindən sonrakı çıxışlarının birində qeyd etdi ki, belə bir dövrdə yaşamaq, epoxanın şahidi olmaq böyük xoşbəxtlikdir: hamı xoşbəxtdir, çünki xalqın bütün təbəqələri öz səyləri ilə Qələbəni daha da yaxınlaşdırdı, ona görə də, beynəlxalq tərəfdaşlar bunun əksi üzərində nə qədər çalışsalar da, bu məsələ ümummilli arzuya çevrildi və üç onillik ərzində unudulmadı. “Xocalıda bayrağı qaldırarkən düşündüm ki, bu gün tam əminliklə deyə bilərik: Xocalı qurbanlarının intiqamı alındı, bayrağımızın Xocalıda ucaldılması daha həyəcanverici hadisə idi. Xankəndidəki bayraq ədalətin tam bərpası və Qələbəmizin son nöqtəsi oldu”.

Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski Azərbaycana səfərindən sonra jurnalislərə verdiyi müsahibəsində deyir: “Azərbaycan çiçəklənən iqtisadiyyatdır. Azərbaycan bugünkü Azərbaycanı anlamağa və qəbul etməyə hazır olan hər kəslə əməkdaşlığa açıq dövlətdir. Bənzərsiz mədəniyyət, unikal rəhbərlik, əlbəttə bunları Azərbaycan Prezidentinə xoş gəlmək üçün demirəm, bir müddət əvvəl Azərbaycana müəyyən dərəcədə bədbinliklə baxan, sonra gördüklərini etiraf edənlərin fikrini təsdiq edirəm... Azərbaycan regional və dünya siyasətinin ən mürəkkəb məsələlərinə özünün müdrik və balanslı yanaşması ilə, istənilən proseslər üçün danışıqlar platformasına çevrilə bilər”.

Əlbəttə, bu, ilk növbədə, Prezident İlham Əliyevin müstəsna xidmətləri sayəsində qazanılan bir etimaddır və noyabrın 11-dən 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bunun əyani sübutudur. Dünyanın taleyinin müzakirə olunduğu Bakı sessiyasında 190-dan çox ölkədən 72 min nümayəndə gəlmişdi ki, onların arasında 80 prezident, vitse-prezident və baş nazir yer almışdı. Beynəlxalq tədbirin miqyası və əhəmiyyətinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Bakıda keçirilən COP29-da Azərbaycan beynəlxalq arenada rolunu gücləndirərək bir sıra mühüm nəticələr əldə etdi:

Əvvəla, qlobal iqlim maliyyələşdirməsini 300 milyard dollara çatdırmaq üçün mühüm konsensus əldə olundu. Mövcud geosiyasi və iqtisadi reallıqlarda iqlimə həssas ölkələr üçün 300 milyard dollarlıq əsas maliyyə ehtiyatı ayrılması və ümumi hədəfin 1,3 trilyon dollar olaraq müəyyən edilməsi çox mühüm nailiyyətdir. Azərbaycan üçün mühüm olan budur ki, bu qərar 15 illik nəticəsiz müzakirələrdən sonra Bakıda əldə edildi.

İkincisi, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitini təşkil etdi və bu sammitdə Prezident İlham Əliyev bu ölkələrin iqlim dəyişikliyinin nəticələrinə və bir sıra dövlətlərin neokolonial siyasətinə qarşı mübarizədə dəstəyini ifadə etdi.

Üçüncüsü, Gender Məsələləri üzrə 10 illik yenilənmiş Lima İş Proqramı qəbul edildi ki, bu da iqlim gündəmində mühüm addım idi

Bu siyahını xeyli artırmaq da olar, əsas məsələ ondan ibarətdir ki, ümumilikdə, Bakıda keçirilən COP29 qlobal iqlim gündəmini təbliğ etmək və Azərbaycanın diplomatik nüfuzunu gücləndirmək üçün uğurlu platformaya çevrildi.

***

Yekun olaraq, bütün bu nailiyyətlərə imza atan, böyük dəyanətlə, müdrikliklə, usta diplomatik gedişlərlə Azərbaycanı idarə edən Prezident İlham Əliyevin arqumentə və əsaslandrmaya ehtiyacı olmayan bir çox keyfiyyətlərinə diqqət edək:

Əvvəla, İlham Əliyev siyasi lider kimi 20 ildən artıqdır ki, xalqın uğurlu seçimi olaraq özünü təsdiqləyib.

İkinci, İlham Əliyev öz ideyalarına son dərəcə diqqətlidir və onların gerçəkləşməsində heç nəyi əsirgəmir. Bu onun ən mühüm keyfiyyətlərindən biridir.

Üçüncü, İlham Əliyev xalqının və ölkəsinin düşmənləri üzərində qələbə çalır və bu yolda təşəbbüsü əldən verməmək üçün daim mübarizədədir. İlham Əliyev ölkəsinin və xalqının maraqlarına qəsd etməyə çalışan istənilən qüvvəni məhv etməyə belə hazırdır və bu işdə güzəştə getmir.

Dördüncü, İlham Əliyev müstəqildir və dövlətinin də müstəqilliyinin bir zərrəsini də heç kimə güzəştə getmir. Bu onun liderliyinin ən parlaq göstəricilərindən biridir.

Beşinci, İlham Əliyev bayraqdar liderdir. Onu başqalarından fərqləndirən reallığı qabaqcadan görməsi və qiymətləndirməsi, arzu olunan gələcəyin obrazını müfəssəl təsəvvür edə, xüsusilə ekstremal vəziyyətlər baş verən zaman “nəyi necə və nə vaxt etməyi” bilmək istedadıdır.

Maraqlıdır ki, İlham Əliyevin güclü lider olduğunu söyləyən təkcə Azərbaycan ziyalıları, “gözü tərəzi olan xalq” yox, hətta erməni millətinin ağıllı başları və ziyalı nümayəndələri də etiraf edirlər. Xatırlayırsınızsa, erməni əsilli məşhur rus rejissoru Karen Şahnazarov “Rossiya 1” telekanalında Vladimir Solovyova müsahibəsində bunu xüsusi vurğuladı: “Azərbaycan

Prezidenti İlham Əliyev əla məktəb keçmiş, görkəmli, ağıllı siyasətçidir. Buna şübhə yoxdur. Bu gün Azərbaycanda baş verənlər fenomenaldır. Bu işdə ona qarşı hansı iddialar ola bilər? İlham Əliyev bütün postsovet dövrünün 30 ili ərzində Qafqazın ən uğurlu və nüfuzlu siyasətçisi oldu... İndi Cənubi Qafqazın bu və ya digər şəkildə hansısa regional birliyə ehtiyacı var. Bu gün bu regional birlikdə kim lider ola bilər? Cənab İlham Əliyev! Müharibədə qalib gələn, nefti, pulu, hər şeyi olan öz Azərbaycanı ilə”.

Altıncı məqam, İlham Əliyev öz xalqının maraqlarını təkcə mükəmməl ifadə etməklə deyil, həm də ən yaxşı halda, ən uğurlu şəkildə gerçəkləşdirməklə vətəndaşların sevgi və hörmətini qazanmış liderdir.

Bu yerdə dövlət başçımızın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Şuşaya səfəri yadıma düşdü. Şuşanı və Qarabağı prezidentimizlə gəzəndən sonra Belarus Prezidenti həmkarı İlham Əliyevin nailiyyətlərini həqiqətən epoxal fəaliyyət kimi qiymətləndirərək dedi: “Azərbaycan son illər çox şeyə nail olub. Hər şeydən əvvəl isə özünün əsas problemini – uzun müddət sadəcə səhraya çevrilmiş torpaqlarının qaytarılmasını həll edib. Bu çox ağır bir tarixdir... Siz ki torpaqları qaytarmısınız, onları dirçəldirsiniz, bu, uzun illər, əsrlərlə tarixdə qalacaq”. Bəli, İlham Əliyevin xidmətləri artıq Azərbaycanın şanlı Zəfərlə zinətlənmiş parlaq tarixinə çevrilib və uzun əsrlər nəsillər tərəfində ehtiram və qürurla xatırlanacaq.

Yeddinci, İlham Əliyevdə özünə və ideyalarına böyük əminlik və inam var. O lider kimi fəaliyyətndə qətiyyətlidir, çünki özünün doğru olduğuna əmindir və gördüyü işə heç vaxt şübhə etmir. Bu əminlik və qətiyyət də ona və xalqımıza böyük uğur gətirir.

Böyük alman filosofu Fridrix Nitşe yazıb: “İnsanlığın məramı onun ali nümayəndələrində cəmlənir. Bəşəriyyət yorulmadan çalışmalıdır ki, dünyaya böyük insanlar bəxş etsin, onun əsas vəzifəsi məhz bundadır, başqa heç nədə... ” Bu mənada, əlbəttə, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, taleyinə bəşəriyyətə XX əsrdə Heydər Əliyev, XXI əsrdə isə İlham Əliyev kimi nəhəng şəxsiyyətlər bəxş edib. Kim bundan qürur duymaz!

Məhərrəm SƏFƏRLİ,
“Həsən bəy Zərdabi” mükafatçısı

Chosen
11
xalqqazeti.az

1Sources