EN

Xalq – iqtidar vəhdətinin dövlət formulu

“Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu fikirləri ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan Prezidenti olaraq xalqa müraciətində bildirmişdi. Böyük şəxsiyyətin hər bir sözünün və cümləsinin reallıqla dərin fiksasiya mahiyyətinin olduğunu son illərin hadisələri daha dolğun şəkildə sübuta yetirdi.

Doğum günləri insanların özlərinə başa vurduqları ildə gördükləri işlərə dair hesabat vermək fürsətidirsə, şübhəsiz, ötən müddətdə xidmətləri ilə ən çox fəxr ediləcək bir şəxs var ki, o da Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı yola saldığı ilə nəzərən özü ilə ən çox öyünməyə haqqı çatan azərbaycanlı adının da şəriksiz sahibidir. Çünki gördükləri işlərin, reallaşdırdığı təşəbbüslərin sayı-hesabı yox, miqyası ölçüyəgəlməzdir. Ulu öndər Heydər Əliyev də haqqında söz açdığımız müraciətində məhz bunu nəzərdə tutmuş, böyük uzaqgörənliklə həm də Azərbaycan xalqına taleyindəki parlaq gələcəyə inam aşılamışdı.

Doğum günləri həm də insanın keçdiyi ömür yoluna nəzər salıb özünə hesabat verməsi baxımından da qiymətləndirilən təqvim hadisəsidir. Cənab İlham Əliyevin həyatı Azərbaycanın həyatıdır. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan haradan haraya gəlib? Hazırda yuxu kimi günlər yaşayırıq. Bəli, Şuşada, Xankəndidə, Ağdərədə, Kəlbəcərdə, Xocalıda, Xocavənddə, Əsgəranda, Laçında, Ağdamda, Zəngilanda, Füzulidə, Qubadlıda Azərbaycan bayrağı dalğalanırsa, bu, doğrudan da, bir yuxudur. Nəzərə alaq ki, Qarabağımız son yüz ildə heç vaxt indiki qədər Azərbaycan olmamışdı. İlham Əliyev yuxuları gerçəkləşdirən liderdir, haqqı olduğu kimi təqdim etməyi bacaran böyük şəxsiyyətdir. İlham Əliyev hər bir azərbaycanlının yuxusunu çin eləmiş misilsiz dövlət adamıdır.

* * *

“Bu gün Ulu öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”. Bu fikirləri Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldarkən etdiyi çıxışında səsləndirdi. Cənab Prezident müstəqillik illərində doğma yurd-yuva həsrəti, el-oba yanğısı ilə yaşayan, niskili ürəyinə qubar sancan insanların didərgin ruhlarını şad etmiş liderdir. Bundan böyük mənəvi fəxarəti təsəvvürə gətirmək qeyri-mümkündür. Ölkə liderinin hər doğum günündə bütün bunlar yada salınmalıdır və yada salınır da. Prezidentə qədirbilənlikdən böyük hədiyyə nə ola bilər ki?

Heç şübhəsiz, əlahəzrət zaman Prezident İlham Əliyevin Azərbaycan tarixindəki müstəsna yeri və rolunu daha dolğun şəkildə qiymətləndirəcək. Zamanın 2003-cü ilin 15 oktyabr tarixindən indiyədək keçilmiş yolun hər anına, hazırda xalqımızın bu mərhələni qiymətləndirdiyi alilik mərtəbəsinə daha şəffaf boyalarla rəng qatmasına ehtiyac var. “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”, - deyən dövlətimizin başçısının fəaliyyət çalarları zəngindir və qətiyyətlə bildirmək olar ki, bu zənginliyin çıxış nöqtəsi xalqın ona dərin inamı və etimadıdır.

İnam və etimaddan söz düşmüşkən, son günlərini yaşadığımız 2024-cü ildə keçirilmiş prezident və parlament seçkiləri möhkəm və güclü dövlət olmanın, monolitliyin təntənəsi kimi yadda qaldı. Bu təntənənin müəllifi İlham Əliyevdir. Hesab edirik ki, mövcud anlamda da dövlətimizin başçısı yaşadığı ömür yolunun ötən bir ili ilə fəxr edə bilər. Çünki xalqın inam və etimadı Azərbaycanın parlaq gələcəyi üçün təminatdır. Prezidentin sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı zamanı səsləndirdiyi bu fikirlər isə həm təminata aydınlıq gətirir, həm də ölkəmizin parlaq gələcəyinin kənar qüvvələrin mənfi təsirindən qorunma müqavimətinin olduğunu təsdiqləyir: “30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf yoluna qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz”.

Güclü lider amilinin ayrı-ayrı xalqların və dövlətlərin yaşamına təsiri baxımından çox fikirlər səsləndirilib, maraqlı mülahizələr yürüdülüb. Müxtəlif nümunələr də var ki, onların hər biri lider fenomeninin xalqı öz arxasınca aparmaq xüsusiyyətlərini vurğulamaqdadır. Hesab edirik ki, bu mənada İlham Əliyev şəxsiyyəti ayrılıqda siyasi sistem qurucusudur. Çünki dövlətimizin başçısının lider obrazı özünü tarixi-siyasi, coğrafi şəraitdən asılı olmayaraq göstərir, milli dövlət anlayışını xalqımızın taleyinə biçilmiş hadisə kimi tərənnüm etdirir. Onun başçılıq etdiyi milli dövlət həm də dərin dövlətin özüdür. O dövlətin ki, illər sonraya hesablanmış kursa malikdir.

Prezident İlham Əliyev strateji kursdan irəli gələn hədəfləri reallığa çevirmənin obrazıdır. Bu obraz əsl möcüzə yaradır və yaratmaqda davam edir. Onun yaratdığı möcüzədə milli dövlətçilik tariximizin inkişaf mərhələlərinə sadiqlik də var, müasir dövrün müsbət xüsusiyyətlərinin mənimsənilməsi də. Başlıca halqa isə ənənələrimizin qorunmasıdır. İlham Əliyev şəxsiyyəti Azərbaycan xalqının malik olduğu ənənə və dəyərləri müasir dövlətçilik tariximizdə yaşatmaqla, ulu öndər Heydər Əliyevdən miras qalmış ictimai-siyasi sabitlik amilini inkişafın rəhninə, eyni zamanda, inkişafın təkanvericisinə çevirdi. Güc gələcəyin təminatıdır. Təminat isə qlobal rəqabət mühitində Azərbaycanın dünya nizamındakı yerini möhkəmləndirir, rolunu və nüfuzunu artırır.

* * *

Siyasi müstəqillik, iqtisadi resurslardan səmərəli istifadə ilə ölkənin inkişaf etdirilməsi, innovativ sənaye, ordu quruculuğu və hərbi sənayenin yaradılmasına xüsusi diqqət ayrılması, üstəlik vətənpərvərlik təbliğatının aparılması. Hesab edirik ki, dövlətimizin başçısının fəaliyyətində bütün bu məsələlərə yanaşmada heyrətamiz proporsiya və balans var. Əminliklə deyə bilərik ki, İlham Əliyevli Azərbaycan dərin hərbi-siyasi, diplomatik və sosial-iqtisadi planlaşdırma ilə hərəkət edən mexanizmdir və bu mexanizmdə hər şey zərgər dəqiqliyi ilə hesablanıb.

İlham Əliyev liderliyi praqmatizm üzərində qurulub. Dövlətimizin başçısı hadisə və prosesləri dəqiq qiymətləndirir. Bu qiymətləndirmə üçün elmi cəhətdən əsaslandırılmış rasional həll yolları xarakterikdir, strateji inkişaf paradiqmaları son dərəcə dəqiqdir. Ən əsası, praqmatizmin qayəsində inkişafın Azərbaycan modeli dayanır. Elə bir model ki, yeni keyfiyyətlərlə zəngindir, məqsədyönlüdür və təkcə ölkəmizə deyil, bütövlükdə bəşəriyyətin inkişafına xidmət amalını seçir, dinamik tərəqqi uğrunda mübarizə əzmi aşılayır. Başqa sözlə desək, Prezident İlham Əliyevin yaratdığı inkişaf modeli praqmatizmi tərəqqinin silahına çevirir.

Azərbaycan tərəqqinin hədəfinin vətəndaş rifahı olduğu ölkədir. Bu cəhət müxtəlif beynəlxalq reytinqlərdə də fiksə edilmiş reallıqdır. İlham Əliyev şəxsiyyəti üçün vətəndaş rifahı həm də milli maraq və mənafelərin qorunmasında mühüm amildir. Azərbaycan güclü dövlət, güclü vətəndaş formulunu rəhbər tutur. Ona görə də sosial siyasət ölkəmizin liderinin idarəçilik fəlsəfəsinin məğzində dayanır. Axı, hər bir vətəndaşın layiqli həyat şəraitinin təminatı gerçəkləşməlidir. Nəzərə alaq ki, dünya kimi həyat şərtləri də dəyişir. Mövcud şəraitdə qarşıda duran başlıca vəzifə layiqli yaşamın adekvatlılığı prinsipinin qorunmasıdır. Bu prinsip insanların qarşılaşa biləcəkləri risklərdən ən etibarlı sığortadır. Prezident əbəs yerə bu fikri vurğulamır: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Dövlət başçımızın yaratdığı idarəçilik sistemi sabit, mütəhərrik və çevikdir. Sistemin sadaladığımız xarakterini müəyyənləşdirən müstəsna cəhət isə islahatlardır. Əslində, dünya təcrübəsinə baxsaq, davamlı islahatlar heç də hər dövlətin və cəmiyyətin axarına müsbət təsir göstərmir. Görünür, həm də ona görə ki, adətən, islahat məntiqi böhranları aradan qaldırmanın, onlardan xilas olmanın vasitəsi kimi prioritet seçilir. İlham Əliyev lilderliyindəki islahata gəldikdə, bu, sistemin özünü yeniləməsi, sanki daxili tələbatdır. Daxili tələbat böhranlardan özünüqoruma immunitetidir. Çoxşaxəli və kompleks xarakterli islahatlar Azərbaycanın milli gücünün artması reallığını doğurmalıdır. Deməli, bütün sahələrdə tərəqqiyə xidmət edən ardıcıl, çoxşaxəli, kompleks islahatların həyata keçirilməsi, eyni zamanda, idarəçilik sisteminin çeviklik zəmanətidir. Heç nə təxirə salınmamalıdır. Çünki “geridə qalan atların güllələndiyi” zəmanədə yaşayırıq.

Prezident İlham Əliyevin uğur formulunu şərtləndirən ən mühüm məqamlardan biri də onun xalq-iqtidar vəhdətinə nail olmasıdır. Bu vəhdət ona görə var ki, yuxarıda sadaladığımız kimi, vətəndaşlarımız layiqli həyat şəraiti ilə təmin olunublar. Layiqli həyat isə təhlükəsizlik və sabitliklə həmahəngdir. Hər iki amil strateji maraqların gerçəkləşməsinə və dinamik inkişafın qorunmasına şərait yaradır. Nəticə etibarilə bu günün Azərbaycanında milli təhlükəsizliyin təhdid ünsürləri neytrallaşdırılıb, saat mexanizmli idarəçilik neqativ təmayülləri dərhal aşkara çıxarır və aradan qaldırır. Ən böyük nəticə isə Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktoruna çevrilməsidir. Dövlətimizin başçısı da vurğulayır ki, apardığımız siyasət bizə dünyada çox böyük hörmət və rəğbət qazandırıb.

* * *

Əminliklə deyə bilərik ki, müasir Azərbaycan özünün praqmatik kursu ilə dünyada və regionda balanslı siyasət nümunəsidir. Çünki İlham Əliyev liderliyindəki Azərbaycan balanslılıq düsturuna söykənərək hərəkət edir. Mövcud xüsusiyyət ölkəmizi cazibə mərkəzinə çevirib. Dünyanın güc mərkəzləri isə bu reallıqla hesablaşmağa, sadəcə, məhkumdurlar. Dövlətimizin başçısının siyasət meydanında böyüklüyünün vacib cəhətlərindən biri də elə budur.

Bu günün Azərbaycanı İlham Əliyevin yüksək səviyyədə həyata keçirdiyi siyasi kursun nəticəsində regionun siyasi, iqtisadi və humanitar mərkəzidir. Ölkəmiz, eyni zamanda, sivilizasiyalar və dinlərarası dialoq məkanıdır. Bu günün Azərbaycanı, həmçinin, qloballaşan dünyanın hegemon güc mərkəzlərinin də dialoq platforması kimi özünü təsdiqləmiş statusdadır.

Hesab edirik ki, bu statusun əldə edilməsində güc amilinin müstəsna payı var. Güc inamdan qanyaqlanır. Xalqın İlham Əliyev şəxsiyyətinə inamının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşməni diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik. Ümumən, Vətən müharibəsi və ondan sonrakı mərhələ Prezident İlham Əliyevi xalqa və beynəlxalq aləmə tamamilə yeni və fərqli obrazda təqdim etdi. Həmin müddətdə dövlətimizin başçısı Ali Baş Komandan, mahir sərkərdə keyfiyyətləri ilə seçilməklə yanaşı, həm də hər bir azərbaycanlının doğmasına, güvənc yerinə çevrildi. Bu doğmalıqda sözübütöv əsl Azərbaycan kişisinin obrazı canlandı. İstər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqəlik lokal antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan verməyəcək, həmçinin bu xülyaya düşmək istəyənlərə qarşı barışmaz olacaq. Bəli, bu gün Xocalı qatilləri, Qarabağdakı separatçı rejimin təmsilçiləri Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır. Haqqımızı tarix kimi yazan da odur – “Azərbaycan” adlı gəminin kapitanı”, Prezident İlham Əliyev.

Əvəz CAHANGİROĞLU
XQ

Chosen
9
xalqqazeti.az

1Sources