EN

Prezidentin bir ili: Gərgin iş, böyük zəhmət və qlobal UĞURLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 63 yaşı tamam olur.

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınıb. Bu siyasi fəaliyyət gərgin əməyin nəticəsidir. İqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Zəfər zirvəsinə yüksəlib.

Modern.az Ali Baş Komandanın 2024-cü il ərzində fəaliyyətinə nəzər salıb.

Dövlət başçısı ilin ilk günlərdə 3 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib.

İlk xarici qonaq

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 9-da Azərbaycanda səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər.

Səfər çərçivəsində müqavilələr imzalanıb və müxtəlif mövzularda danışıqlar aparılıb.

İlin ilk müsahibəsi

2024-ci ilin yanvarın 10-da Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının müsahibəsində bir çox vacib məqamlara, daxili və xarici məsələlərə toxunulub. Dövlət başçısı qeyd edib ki, bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi:

"Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır".

Yanvarın 15-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.

Hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.

Regionlara səfərlər

Yanvarın 16-da Prezident İlham Əliyev Lənkəran və Neftçala rayonlarına səfərlər edib. Dövlət başçısı Ədliyyə Nazirliyinin Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub regional “ASAN xidmət” mərkəzinin açılışını edib, eləcə də bir sıra regional müəssisələrə baş çəkib.

Prezidenti İlham Əliyev, həmçinin Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib.

Yanvarın 18-də dövlət başçısı daha 3 xarici ölkənin yeni səfirini qəbul edib.

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad edib. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yanvarın 22-də dövlətimizin başçısı Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub.

Ümumilikdə, 1650 hektar ərazini əhatə edən Bakı Ağ Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış və xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq və 240 min iş yeri yaradılacaq.

Yanvar ayında dövlət başçısı Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk və Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Xalq İlham Əliyevə yenidən etimad göstərir

Fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçirilib. Müstəqillik tarixində ilk dəfə seçkilər azad Qarabağda da baş tutub. Dövlət başçısı və ailəsi Xankəndi şəhərində səsvermə hüquqlarından istifadə ediblər.

Seçkinin yekun nəticələrinə görə, İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. 

Seçkilərin ardından onlarla ölkənin lideri Prezident İlham Əliyevə zəng edərək və məktub göndərərək onu təbrik ediblər.

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyeva, dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları iştirak ediblər. Dövlət başçısı parlamentdə çıxış edib və önəmli mesajlar verib. 

İlham Əliyev ölkənin qarşısında duran hədəflərdən danışıb: "Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

Fevralın 9-da  İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

İlin ilk xarici səfərləri

Dövlət başçısı fevral ayında Almaniya və Türkiyəyə səfərlər edib.

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyada bir sıra görüşlər keçirib və konfransda iştirak edib. Burada Azərbaycan və Ermənistan liderləri arasında da görüşlər keçirilib. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib. Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Ankarada Türkiyə və Azərbaycan liderləri arasında görüş keçirilib, sənədlər imzalanıb və mətbuat konfransı keçirilib.

Xocalı soyrıqımı günü Xocalıda...

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

"İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq", - dövlət başçısı deyib.

Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına müsahibə verib.

Qazaxıstan Prezidenti Bakıda və Qarabağda

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Bakıya səfər edib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirib.

Görüşlərdə müxtəlif məzmunlu sənədlər imzalanıb. Liderlər Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.

Tokayev Bakıdan sonra Qarabağa səfər edib. Dövlət başçıları Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Ardınca Şuşa şəhərində olublar.

XI Qlobal Bakı Forumu

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və çıxış edib.

Dövlət başçısı qeyd edib ki, Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq: "Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib".

Mart ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidze və NATO-nun Baş katibi Yens Stoltenberq Bakıda səfərdə olublar. Onlar Prezident İlham Əliyevlə görüşüb və danışıqlar aparıblar.

Xankəndidə bayram tonqalı

Martın 18-də İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

"Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir", - dövlət başçısı qeyd edib.

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Bakıda səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib, müzakirələr aparıb. Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.

Aprel ayında dövlət başçısı Hacıqabul, Gəncə və Qəbələ şəhərlərində olub, bır sıra açılışlarda iştirak edib və görülən işlərlə tanış olub.

Rusiyaya səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib. Dövlət başçısı Putinlə görüş keçirib, müxtəlif mövzularda müzakirələr aparıb. Aprelin 22-də İlham Əliyevin və Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Ertəsi gün Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda səfərdə olub və dövlət başçısı ilə görüş keçirib. Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib və sənədlər imzalanıb. Dövlət başçıları Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər və daha sonra Füzuli və Ağdam şəhərlərində olublar.

Prezident İlham Əliyev aprelin 26-da yenidən Almaniyaya səfər edib. O,  Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksəksəviyyəli Seqmentində iştirak edib. Dövlət başçısı Almaniya kansleri, Prezidenti və xarici işlər naziri ilə görüşüb.

Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və çıxış edib.

Mayın 7-də isə Slovakiya Respublikasının Baş naziri Robert Fitso Bakıya gəlib və dövlət başçısı ilə görüşüb. Ertəsi gün  Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Bakıda Prezident İlham Əliyevlə danışıqlar aparıb.

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.

Qarabağa səfər

 

Mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa və Füzulidə olublar. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Sus kəndinin sakinləri ilə də görüş keçirilib.

 

Ertəsi gün Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Dövlət başçısı və birinci xanım açılış mərasimində iştirak edib, dövlət başçısı çıxış edib.

 

“Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar... Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir”, - dövlət başçısı çıxışında bildirib.

 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Bakıda, 17-də isə Qarabağda səfərdə olub. Bakıda iki ölkə arasında 8 sənəd imzalanıb. İlham Əliyev və Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar, Şuşada isə Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar.

Mayın 18-də dövlət başçısı Cəbrayılın 3 kəndinin, Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub. Həmin gün İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər.

Mayın 19-da isə İlham Əliyev və İranın mərhum Prezidenti İbrahim Rəisi iki ölkənin sərhədində görüş keçirib. Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Rəisinin helikopter qəzasında həlak olmasından sonra İlham Əliyev mayın 21-də İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana gəlib, İlham Əliyevlə görüşlər keçirib və iki ölkə arasında sənədlər imzalanıb.

“İlk növbədə, ənənəvi qonaqpərvərliyə, yüksək diqqətə və səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti, əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevə və qardaş Azərbaycan xalqına ürəkdən təşəkkür etmək istəyirəm. Bu gün regionun ən böyük sənaye, iqtisadi və elmi-texniki mərkəzlərindən biri olan qədim tarixə malik gözəl Bakı şəhərini növbəti dəfə ziyarət etdiyimə görə çox şadam. Azərbaycan paytaxtının təkrarolunmaz siması ölkənin dinamik sosial-iqtisadi inkişafının və Azərbaycan xalqının rifahının davamlı olaraq yüksəlməsinin təcəssümüdür”, - Rəhmon birgə mətbuat konfransında deyib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər.

Mayın 28-də isə dövlət başçısı yenidən Qarabağda səfərdə olub. Prezident Ağdamın Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı kəndlərinin əsasını qoyub. İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar, Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib.

İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfər edib və həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşlər keçirib. Onlar mətbuata bəyanatla çıxış edib, birgə sənədlər imzalanıb.

Türkiyəyə ikinci səfər

İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib. Dövlət başçısı Ərdoğanla görüş keçirib.

İyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub. “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq.

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün İlham Əliyev iyulun 3-də Astanaya gedib. Dövlət başçısı Astanada Qazaxıstan, Rusiya, Türkiyə, Pakistan, Çin liderləri ilə görüş keçirib.

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Prezident “ŞƏT plyus” formatında görüşdə iştirak və çıxış edib. Azərbaycan Prezidenti təşkilatla əlaqələrin əhəmiyyətindən bəhs edib: "Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib".

Xocalı hava limanında

İlham Əliyev iyulun 5-də Xocalı Hava Limanında olub. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Samir Rzayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat veriblər.

İlham Əliyev, həmçinin iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub. Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil ocağında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Həmin gün Şuşada "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi" imzalanıb.

Pakistana səfər

İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib. Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Dövlət başçısı Pakistan Baş naziri və Prezidenti ilə görüşlər keçirib, sənədlər imzalanıb.

İyulun 18-də İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdə olub. Dövlət başçısı çoxsaylı görüşlər keçirib.

Şuşa Qlobal Media Forumu

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.

Qazaxıstana növbəti səfər

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfər edib. Dövlət başçısı görüşdə bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

"İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm", - görüşdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev deyib.

Putin Bakıdadır

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycana dövlət səfərinə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər.

Dövlət başçıları təkbətək və geniş tərkibdə görüş keçirib, birgə sənədlər imzalanıb və “Bakı Ağ Şəhər”də olublar.

İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına səfər edib. Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib və sənədlər imzalanıb.

Növbədənkənar seçki

Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım Kəlbəcər şəhərində inzibati binanın, ikinci yaşayış kompleksinin təməlini qoyub, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanış olub, Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. 

İtaliyaya səfər

Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfər edib. İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edib.

Dövlət başçısı italiyalı həmkarı və İtaliyanın Baş naziri ilə görüşlər keçirib. Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı sentyabrın 19-da Ağdam şəhərində səfərdə olub, bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak edib, görülən işlərlə tanış olub.

Azərbaycan lideri sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olub.

Rusiyaya ardıcıl səfərlər

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gedib. Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. İlham Əliyev iclasda iştirak edib.

Dövlət başçısı oktyabrın 8-də Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib.

İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gedib. Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Türk dünyasının liderləri yenidən bir arada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gedib. Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib.

Dünyanın gözü Bakıda

Noyabrda Bakıda böyük iqlim sammitinə ev sahibliyi edib. Dövlət başçısı Bakıda 80-ə yaxın ölkənin liderini qarşılayıb. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın "RİA Novosti" Agentliyi üçün "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.

Modern Təhlil və Araşdırma Qrupu

Chosen
6
modern.az

1Sources